Məhkəmə qərarları › İş №2(007)-3839/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3839/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3839/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1717.80 (bir min yeddi yüz on yeddi manat 80 qəpik) manat - bundan 501.56 (beş yüz bir manat 56 qəpik) manat əsas, 360.90 (üç yüz altmış manat 90 qəpik) manat faiz, 781 (yeddi yüz səksən bir) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74.34 (yetmiş dörd manat 34 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış 406i nömrəli 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak məqsədi ilə banka illik 32 (otuz iki) % ödəmək dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə ZM- 406İ nömrəli 29 may 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 30.07.2021-ci il tarixinə cavadeh Cavabdeh1 kredit üzrə cəmi borcu 1717.80 (bir min yeddi yüz on yeddi manat 80 qəpik) manat təşkil (beş yüz bir manat 56 qəpik) manat əsas, 369.90 (üç yüz altmış manat 90 qəpik) faiz, (yeddi yüz səksən bir) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 74.34 (yetmiş dörd manat 34 qəpik) manat faiz borcu təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********607 nömrəli 03.08.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 əsas borcu qəbul etdiyini, faiz borcunu qismən qəbul etdiyini, ödənişlər etdiyini, infakt keçirdiyi üçün borcunu ödəyə bilmədiyini, müddət keçdiyindən xəbəri olmadığını, təxmini 800 manat borc qaldığını, gecikdiyinə görə faizin artdığını, gücü çatdığını ödəmək üçün müraciət etdiyini bildirdi və əsas borcu 500 manat hissə-hissə ödəyə biləcəyini qeyd etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2013-cü il tarixli ZM-406İ nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 32 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan İddiaçı ASC-nin 11 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə 30 iyul 2021-ci il tarixə İddiaçı ASC-yə 501.56 (beş yüz bir manat 56 qəpik) manat əsas, 360.90 (üç yüz altmış manat 90 qəpik) manat faiz, 781 (yeddi yüz səksən bir) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74.34 (yetmiş dörd manat 34 qəpik) manat faiz borcu vardır. - Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 may 2013-cü il tarixli, ZM-406İ nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuş və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 27 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 32 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur, razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 iddiaçı "xxxx" ASC ilə bağladığı 29 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixdən 30 iyul 2021-ci il tarixinə illik 5 faizlə hesablanmış 74,34 manat məbləğində əldən çıxmış fayda tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada, yəni borcalan Cavabdeh1 ilə yanaşı, zamin Cavabdeh2 da tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi 29.05.2013-cü il tarixdə bağlanmışdır. Zaminliklə təmin olunan öhdəlik, yəni Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi 29 may 2013-cü il tarixdə 24 ay müddətinə bağlanmışdır. Həmin kredit müqaviləsinin 8-ci bəndinə əsasən həmin Müqavilənin 1.1-ci bəndi ilə nəzərdə tutulmuş vaxt, yəni “29” may 2015-ci il tarixli borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilmişdir. Öhdəliyin icrası müddəti “29” may 2015-ci il tarixdə başa çatmalı idi. İddiaçı tərəfindən iddia ərizəsi isə 08.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 06 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 29 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə 501,56 manat əsas borc, 360,90 manat faiz borc, 10 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74,34 manat faiz borcu olmaqla cəmi 946,8 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Ləğv prosesində olan İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilməli, iddia tələbi zamin Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 501,56 manat əsas borc, 360,90 manat faiz borc, 10 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74,34 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar