Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3841/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Cavabdeh qarşı “əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13870 manat pulun tutulub ona verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsinə dir qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)- 1683/2022 nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə Cavabdeh qarşı “əşya və əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin 23 sentyabr 2022-ci il tarixli, 2(007)-3089/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin 14 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13.870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Hazırda isə iddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh qarşı qaldırılmış hazırkı “iddiaçıya məxsus əşya və əmlakların dəyərinin ödənilməsi” barədə iddia, 2(007)-1683/2022 saylı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iddiadır və həmin iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan qətnaməni mübahisələndirməmiş, qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya və ya kassasiya şikayəti verilməmiş, həmin qətnamə qanuni qüvvəsini almış və məhkəmənin arxivinə təhvil verilmişdir. MPM-in: 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-ci maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddiaçının iddiasının təmin edilməməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qərardad iddiaçının ödədiyi 130 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qeyd edilməlidir ki, hazırkı tələblə münasibətdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq 131,61 manat dövlət rüsumu ödənilməli idi. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Bu qərardad mülki iş üzrə iddia ərizəsinə görə İddiaçı (FİN: xxxxxxx) tərəfindən ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun ("xxxx" ASC, Şuşa filialı, VÖEN **********, terminal nömrəsi: K0116013, qəbz nömrəsi **********, Tarix: xx.xx.2023, saat 11:52 manat) dövlət büdcəsindən qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3841/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3841/2023
28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver