Məhkəmə qərarları › İş №2(007)-3860/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3860/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3860/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 6843 nömrəli 29 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 10 faizlə 120 ay müddətinə 38,060 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borclu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini və bankın xidmət şərtləri və tariflərindən irəli gələn digər xidmət haqlarını qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi iddiaçı ilə "xxxx" MMC arasında 29 mart 2013-cü il tarixli, 467 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlər tərəfindən qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış fazilər tam və vaxtında ödənilməmişdir. Cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən "xxxx" ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 34304,18 manat, faiz borcu üzrə 10330,79 manat, cəmi 44634,97 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, o, qeyd olunan krediti götürən zaman "xxxx" ASC-də sürücü işləmişdir, işlədiyi müddətdə isə vaxtlı-vaxtında ödənişlərini icra etmişdir. Lakin, işdən çıxdıqdan sonra iş tapmaqda çətinlik çəkdiyi üçün ödənişlərini icra edə bilməmişdir. O, şəkər xəstəsidir, maddi imkanı olan kimi ödənişlərini icra edəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 29 mart 2013-cü il tarixli 6843 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, illik 10 faiz ödəmək şərti ilə 38,060 manat məbləğində nağd pul krediti verilmişdir. Cavabdeh1 120 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; -"xxxx" ASC ilə borcalan Cavabdeh1 və zamin "xxxx" MMC arasında bağlanmış 29 mart 2013-cü il tarixli 467 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; -"xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış 26 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, onlar yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - 25 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir, bu zamandan bankdan 0,40 manat bank xidmət haqqı tutulmuşdur; -"xxxx" ASC-nin 25 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka əsas borcdan 3755,82 manat, faiz borcundan 6294,18 manat ödəniş etmiş, 34304,18 manat əsas borcu, 10330,79 manat faiz borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 mart 2013-cü il tarixli 6843 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə, illik 10 faiz ödəmək şərti ilə 38,060 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Digər cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq zamin kimi zaminlik müqaviləsini imzalamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilə ilə üzərilərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC ilə bağladığı 29 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, "xxxx" MMC Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 "xxxx" ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 29 mart 2013-cü il tarixli 6843 nömrəli kredit müqaviləsi üzrə 34304,18 manat əsas borc, 10330,79 manat faiz borcu olmaqla, cəmi 44634,97 manat borc və ödənilmiş 30,0 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə 29 mart 2013-cü il tarixli, 6843 saylı kredit müqaviləsinə əsasən 25 avqust 2021-ci il tarixinə əsas borc üzrə 34304,18 (otuz dörd min üç yüz dörd manat, on səkkiz qəpik) manat, faiz borcu üzrə 10330,79 (on min üç yüz otuz manat, yetmiş doqquz qəpik) manat olmaqla, cəmi 44634, 97 (qırx dörd min altı yüz otuz dörd manat, doxsan yeddi qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar