Məhkəmə qərarları › İş №2(007)-3887/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3887/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3887/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 2199,83 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 26 avqust 2021-ci il tarixə "xxxx" KB ASC-nə 2178,05 manat əsas, 8,64 manat faiz, cəmi 2186,69 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2178,05 manat əsas, 8,64 manat faiz, cəmi 2186,69 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh verdiyi iddia tələbini qəbul edib izahatında göstərdi ki, maddi imkanı olmadığı üçün ödənişləri edə bilmir, imkanı olduğu təqdirdə ödənişlərini icra edəcək. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli 5323rstBANK/19 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 2199,83 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 17 iyun 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 26 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" KB ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; -"xxxx" KB ASC-nin 26 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas məbləğ üzrə borcu 2178,05 manat, faiz üzrə borcu 8,64 manat olmaqla, cəmi 2186,69 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli 5323rstBANK/19 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" KB ASC tərəfindən 60 ay müddətinə, illik 1 faiz olmaqla 2199,83 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, kredit vəsaiti onun tərəfindən alınmışdır. Lakin cavabdeh kredit borcunun ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC ilə bağladığı 03 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, ona görə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 03 dekabr 2019-cu il tarixli 5323rstBANK/19 nömrəli kredit müqaviləsi üzrə 2178,05 manat əsas borc və 8,64 manat faiz borcu olmaqla, cəmi 2186,69 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2178,05 manat əsas borc və 8,64 manat faiz borcu olmaqla, cəmi 2186,69 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar