Məhkəmə qərarları › İş №2(007)-3896/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3896/2021

11.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3896/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 527/2015 saylı, 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuşdur. Bu nikahdan onların 2006-cı il təvəllüdlü Nilufər adlı uşaqları doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin qətnaməsi və 08 iyul 2015-ci il tarixli Beyləqan Rayon İcra Bölməsinin qərarına əsasən cavabdeh hər ay 80 manat sabit pul məbləğində aliment ödəməlidir. Qızı orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 175 manat olaraq artırılmışdır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Odur ki, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan qızı Nilufərin saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 175 manat sabit pul məbləğinin və qızının tibbi xərcləri üçün əlavə olaraq aylıq 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verərək, cavabdehin maddi imkanının kifayət qədər yaxşı olduğunu, himayəsində olan uşağın göz xəstəliyi olduğunu, bununla bağlı əlavə olaraq 50 manat pulun onun xeyrinə tutulmasını və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən istifadəsində olan nömrəsinə sms bildiriş çatdırılmasına) baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, verdiyi izahatında göstərdi ki, o, şəkər xəstəsi olduğu üçün rəsmi olaraq heç yerdə işləmir, bu barədə məhkəməyə sübutlarını təqdim edir. Xəstə olduğu üçün isə hər hansı müavinat almır. Bundan əlavə, o, hazırda evlidir, həyat yoldaşı xəstədir, uşağı isə yoxdur. Hazırkı İddiaçı ilə isə onun rəsmi nikahı olmamışdır, belə ki, o, məhkəmə qətnaməsi əsasında Hüsniyyənin uşağının atası müəyyən edilmiş, həmin uşağın atası olması isə toy kaseti ilə müəyyən edilmiş, hər hansı bioloji ekspertiza keçirilməmişdir. O, Hüsniyyə ilə qohum olduğu üçün atalıq faktı müəyyən edilərkən məhkəməyə getməmişdir, belə ki, Hüsniyyə onun bacısının baldızıdır. Hüsniyyə sonradan aliment tələbi ilə bağlı ona qarşı iddia qaldırmış, sonuncu dəfə məhkəmə qətnaməsi ilə 80 manat aliment təyin edilmişdir. Bütün göstərdiklərinə baxmayaraq, o, qeyd olunan 80 manat alimenti taksi fəaliyyəti göstərərək çətinliklə də olsa qazanıb ödəyir. Lakin, hazırkı iddia ilə tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur, o, aliment artırılaraq 90 manat müəyyən edilərsə sadəcə onu ödəyə bilər, çünki yalan danışmaq istəmir. Hüsniyyənin hazırkı maddi imkanı isə onun vəziyyəti ilə müqayisədə daha yaxşıdır. Bütün göstərdiklərini nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİİ seriyalı 818468 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 25 may 2006-cı il tarixdə doğulmuşdur, bu barədə Beyləqan rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 23 iyul 2007-ci il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı Əli qızıdır; -Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli, 2(020)-665/2009 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 25 may 2006-cı ildə anadan olmuş Nilufər Hüseynovanın atası olmasının müəyyən edilməsi, Cavabdeh hər ay 30 manat məbləğində pulun tutularaq yetkinlik yaşına çatmayan 25 may 2006-cı il təvəllüdlü Nilufərin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir; -Məhkəmənin sorğusu əsasında əldə edilmiş Beyləqan Rayon Məhkəməsinin 03 iyun 2014-cü il tarixli, 2(020)-632/2014 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh ayda 70 (yetmiş) manat məbləğində pulun tutulub 25 may 2006-cı il tarixdə anadan olmuş Nilufər adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi, alimentin artırılmasının başlanğıcının 06 may 2014-cü il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməsi qət edilmişdir; -Beyləqan rayon İcra Bölməsinin 08 iyul 2015-ci il tarixli qərarından görünür ki, Cavabdeh 26 may 2006-cı ildə anadan olmuş Nilufər adlı uşağının 18 yaşına çatana qədər onun saxlanması üçün Beyləqan rayonunun Milabad kəndində yaşayan İddiaçı nəfinə ödədiyi alimentin miqdarının artırılaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində müəyyən edilmiş, alimentin həmin məbləğdə tutulmasının başlanğıcının 05 mart 2015-ci il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 2(020)-527/2015 saylı, 03 aprel 2015-ci il tarixli qətnaməsindən 04 may 2015-ci il tarixli icra vərəqəsi verilmişdir; -Bakı Şəhər Baş Səhiyyə Mərkəzi 26 nömrəli Şəhər Poliklinikasının baş həkiminin 23 oktyabr 2021-ci il tarixli, 386 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 25 avqust 1972-ci il təvəllüdlü Cavabdeh həqiqətən 30 may 2019-cu il tarixdən “Şəkərli diabet tip İİ” diaqnozu ilə poliklinikada dispanser qeydiyyatındadır; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, **********4 nömrəli arayışından görünür ki, Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan Rayon Məhkəməsinin 03 iyun 2014cü il tarixli qətnaməsi ilə hazırkı Cavabdeh hazırkı İddiaçı 26 may 2006-cı ildə doğulmuş Nilufər adlı uşağının atası olması müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 03 iyun 2014-cü il tarixli və 03 aprel 2015-ci il tarixli qətnamələrinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq müvafiq olaraq əvvəlcə 70 manat, daha sonra 80 manat miqdarında müəyyən edilmişdir. Hazırda iddiaçı qeyd olunan alimentin miqdarının artırılaraq 175 manat miqdarında müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçının maddi vəziyyəti onun məhkəmə qətnaməsinə əsasən 2015-ci ildə müəyyən edilmiş 80 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmaqla yanaşı uşaq da böyümüş və saxlanma xərcləri artmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə dəyişdirilərək artırılmalı olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşağın mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 175 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatında cavabdehin tələb olunan alimenti ödəməyə kifayət qədər yaxşı maddi imkanının olması barədə göstərdiklərinə münasibətdə isə qeyd edir ki, Cavabdeh 30 may 2019-cu il tarixdən “Şəkərli diabet tip İİ” diaqnozu ilə dispanser qeydiyyatında olması, qüvvədə olan əmək müqaviləsinin mövcud olmaması, taksi fəaliyyəti ilə məşğul olaraq qeyri-müntəzəm gəlir əldə etməsi, hazırda rəsmi nikahda olması və digər hallar da nəzərə alınmaqla, iddiaçının göstərdikləri cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliyin baş verməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Bu zaman məhkəmə onu da nəzərə alır ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçının tələb etdiyi miqdarda alimentin tutulması barədə iddianın təmin edilməsi gələcəkdə qətnamənin icrasının mümkünsüzlüyünə, ədalətli məhkəmə araşdırmasının xəyali hüquqa çevrilməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılması nəzərdə tutulan aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə qanunvericiliyinin yuxarıda istinad olunan normasının mənasına görə, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı iki halda nəzərdə tutulmuşdur: birinci yetkinlik yaşına çatmamış ağır xəstə, şikəst olan uşaqlara; ikinci əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış uşaqlara. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə münasibətindən doğulmuş X2 yetkinlik yaşına çatmamışdır, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında uşağın göz xəstəliyinin olduğunu qeyd etsə də, uşağın ağır xəstə, şikəst olmasını təsdiq edən sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bununla da, müəyyən olundu ki, cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı iddiaçının iddia tələbində göstərdiklərinin hər hansı bir əsası yoxdur. Sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 527/2015 saylı, 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 25 may 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-527/2015 saylı, 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 25 may 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar