Məhkəmə qərarları › İş №2(007)-3896/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3896/2024

29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3896/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə icra məmuru M.Musəvi tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, 1 ədəd enerji ötürücü qurğu məhkum X1 təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsi cəza müddətinin başa çatması səbəbindən açılaraq ondan təhvil alınmışdır. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən mobil qurğunun yararsız hala salındığı və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

İş materialları :

3. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-86/2022 saylı hökmündən göürünr ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.

4. xx.xx.2022-ci il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə Prortokoldan görünür ki, məhkum Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsi təhkim olunmuş və hökmün tələbləri, cəzanın icra qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.

5. "xxxx" QSC tərəfindən verilmiş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli Texniki rəydən görünür ki, rəydə ana platada elementlərin üzərində korroziya müşahidə olunduğu, təmiri mümkün olmadığı və istifadəyə tam yarasız olduğu qeyd edilmişdir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

7. “Dövlət rüsumu haqqında” Qanun :

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.

Məhkəmənin mövqeyi :

8. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

9. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

10. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinə iddiaçının tələbinin əsası kimi istinad etidyi sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əlavə edilməmişdir.

11. Məhkəmə qeyd edir ki, vurulmuş maddi ziyanın ödənilməsinin ilk öncə cavabdehdən tələb edilməsini təsdiq edən sənəd və cavabdehin müvafiq izahatı iş materiallarına əlavə edilməmişdir. Həmçinin sənədlər natamam şəkildə məhkəməyə təqdim edilmişdir.

12. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

13. Həmçinin məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1859/2024 saylı qərardadında da yuxarıda qeyd edilən nöqsanlar əsas gətirilməklə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

14. İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 1859/2024 saylı qərardadında göstərilən nöqsanları aradan qaldırmadan, eyni forma da yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Nəticə :

15. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:

İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Bakı Şəhər Probasiya İdarəsinə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar