Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3924/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış 01 avqust 2021-ci il tarixli Mənzil tikintisi haqqında 223002 saylı müqavilənin ləğv edilməsi, 80.000 (səksən min) manat məbləğində pul vəsaitinin, 10000 (on min) manat mənəvi ziyan, 1000 (min) manat vəkilə ödədiyi pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin baş direktoru X1 ilə 01 avqust 2021-ci il tarixdə aralarında bağlanan "xxxx" 223002 saylı müqaviləsinə əsasən, MMC ona ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqdan ibarət 223 nömrəli mənzili ona təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüş və mənzilin hər kv.m-nə görə 786 manat olmaqla, 80.000 (səksən min) manat məbləğində pul vəsaiti ondan alınmışdır. Mənzil tikintisi haqqında müqavilə bağlanan tarixdə onun tərəfindən MMC-yə olan borcunun tam ödənilməsi barədə "xxxx" MMC-nin baş direktoru X1 tərəfindən ona maliyyə arayışı təqdim edilmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, cavabdeh "xxxx" MMC-nin baş direktoru X1 onu aldadaraq, iddiaçıya satılmış mənzili ondan başqa bir neçə nəfərə satılmışdır. Cavabdehə müraciət edərək müqavilənin ləğv edilməsi (pretenziya) və ödədiyi pul vəsaitinin geri qaytarılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 01.08.2021-ci il tarixli 223002 saylı yaşayış binasından pay barədə müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbili yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində ümumi sahəsi 101.84 kv.m olan, 223 nömrəli izolə olunmuş 2 otaqdan ibarət 223 nömrəli izolə olunmuş mənzili İddiaçı pay kimi vermişdir. İddiaçı tərəfindən cəmi 101.84 kv.m sahəsi üçün 80000 manat məbləğində ödəniş etmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 01 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan binanın 3-cü blokunda, 12-ci mərtəbəsində ümumi sahəsi 101.84 kv.m olan 2 otaqdan ibarət 223 saylı mənzilin dəyərini tam ödəmişdir. - İddiaçı tərəfindən "xxxx" MMC-yə 09.09.2021-ci il tarixli pritenziya məktubu ilə 01 avqust 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılmasına dair xəbərdarlıq edilmişdir. - 13.09.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətə görə İddiaçı 1000 manat ödəniş edilmişdir. - 13.09.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasına görə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 01 avqust 2021-ci il tarixli 223002 saylı yaşayış binasından pay barədə müqavilə ilə "xxxx" MMC-dən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan binanın 3-cü blokunda, 12-ci mərtəbəsində ümumi sahəsi 101.84 kv.m olan 2 otaqdan ibarət 223 saylı mənzili 80000 manat məbləğində vəsait hesabına pay kimi almışdır. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC həmin mənzili iddiaçıya təhvil verməmişdir. İddiaçı müqavilənin ləğv edilməsi və ödənilmiş vəsaitin qaytarılmasına dair cavabdehə pritenziya məktubu göndərmiş, bundan sonra isə məhkəmədə iddiaçı ilə onun arasında bağlanılmış müqavilənin ləğv edilməsi, ödənilmiş vəsaitin maddi zərər qismində ona qaytarılması, eyni zamanda bununla bağlı cavabdehə vurulmuş mənəvi zərərin, hüquqi xidmətin və dövlət rüsumuna görə ödənilmiş vəsaitin əvəzinin tutulmasına dair məhkməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəlməsinə baxmayaraq cavabdeh iddiaçı qarşısında mübahisəli mənzilə onun pay hüququnun verilməsinə dair müqavilə imzalamasına və iddiaçı tərəfindən onun tərəfindən payın tam dəyəri cavabdehə ödənilməsinə baxmayaraq həmin mənzili ona təhvil verməmiş və iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi, ödənilmiş vəsaitin qaytarılması tələb edilsə də həmin vəsaitin də ona qaytarılmasından imtina etmişdir. Ona görə də tərəflər arasında yaşayış sahəsi ilə bağlı bağlanılmış müqavilə ləğv edilməli, iddiaçı tərəfindən cavabdehə mənzilə görə ödənilmiş 80000 manat məbləğində vəsait ona qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərə” görə 10000 manat məbləğində pulun "xxxx" MMC-dən tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə, İddiaçı 10000 manat pulu tələb etməsinə baxmayaraq həmin tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 1000 manat və məhkəmədə iddia qaldırılması ilə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 01 avqust 2021-ci il tarixli yaşayış binasından pay barədə 223002 saylı müqavilə ləğv edilməli, "xxxx" MMC-dən İddiaçı xeyrinə 80000 manat, iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 1000 manat, məhkəmədə iddia qaldırılması ilə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış 01.08.2021-ci il tarixli 223002 saylı yaşayış binasından pay barədə müqavilə ləğv edilsin. "İnşaat Konstruksı̇ yalari” MMC-dən İddiaçı xeyrinə 80.000,00 (səksən min) manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 1000,00 (bir min) manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 81030,00 (səksən bir min otuz) manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3924/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3924/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver