Məhkəmə qərarları › İş №2(010)-3700/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3700/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3700/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8, Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X6, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X11, Cavabdeh1 nümayəndəsi və vəkili X22 iştirakı ilə, İddiaçı X9 cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh4 qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh4 qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” Y/M, Samir Cəfərov küçəsi,ev 34, 367 mənzilinə dair müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kommunal xətlərin, qaz, işıq sayğaclarının quraşdırılması və iddiaçıya dəymiş maddi ziyana görə 3000 (üç min) manat, mənəvi ziyana görə 5000 manat pul məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13 iyul 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 12.04.2021-ci il tarixində Samir Cəfərov küçəsi, D massivi ,ev 34, mənzil 367 ünvanda yerləşən sahəsi 39.9 kvm olan Cavabdeh4 məxsus olan mənzili AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi ilə 4 saylı ASAN xidmət mərkəzində almışdır. Mənzili alarkən satıcı və “Çənlibel “ MTK rəhbərliyi tərəfindən heç bir problemin olmadığını, bütün kommunal xəttlərin və sayğacların yerində olmasını bildirdilər. Ev sahibindən elektrik sayğacını göstərməsini dəfələrlə xahiş etdiyində, müxtəlif bəhanələrlə ona həmin sayğacı göstərməmişdir. Bunun üçün hər dəfə yeni bəhanələr uydururdu. Ev alqı-satqısından əvvəl MTK-nın nümayəndəsi Vüqar Abdullayevə zəng edərək evlə bağlı hər hansı problemin olub-olmadığını maraqlanarkən, mənzilin heç bir problemi olmamasını yalnız mənzil sahibinin 800 manat məbləğində borcu olduğunu bildirdi. Bundan əlavə onların Cavabdeh4 ilə aralarında iş birliyi olduğunu söylədi. Aralarında alqı-satqıdan əvvəl ev sahibindən bir daha kommunalları soruşarkən ev sahibi ona mənzilə dair texniki pasportu ona göstərdi və həmin sənəddə sanitar-texniki təchizatı istilik, su, qaz, elektrik olduğu qeyd olunmuşdur. Lakin alqı-satqıdan sonra həmin mənzil yalnız su ilə təchiz olunduğu aşkar oldu. Alqı-satqıdan sonra “Çənlibel “MTK-nın nümayəndəsi V.Abdullayev ev sahibinin borcunu 800 manat pulu məbləğini ondan aldı və həmin borcun sayğaclara görə olduğunu bildirdi. Ona verilmiş bütün sənədlərdə evin texniki pasportunda həmin mənzildə bütün kommunal xəttlərin və sayğacların olduğu qeyd edilmişdir. Lakin o, həmin sayğacları öz adına keçirmək üçün ASAN xidmət mərkəzinə getdi. Oradan ona həmin ünvanda heç bir kommunal sayğacların olmadığı qəti olaraq bildirdilər. Bundan sonra həmin sayğacların olmadığını və onu aldatdıqlarını “Çənlibel“ MTK-nın nümayəndəsinə bildirəndə ona saxta abonent kodu təqdim etdilər. ASAN xidmət mərkəzində isə həmin sayğac kodunun başqa ünvana aid olduğunu bildirdilər. O, onların bu fırıldaqlarından bezərək polisə müraciət etmişdir. Lakin Sabunçu RPİ-nin 13-cü PB-dən bu işin mülki iş olduğu üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdehlərin günahı ucbatından o, xeyli maddi ziyan çəkmişdir. Mənzilin təmiri ilə bağlı çəkəcəyi xərclər artıq bu vaxt ərzində dörd dəfə artmışdır. Əgər həmin mənzildə kommunal xətlər mövcud olsaydı o, öz mənzilini qısa müddətdə təmir etdirib mənzilində yaşayardı. Hal-hazırda cavabdehlərin günahı ucbatından hələ də kirayədə yaşamağa məcbur qalmışdır. Bundan başqa bu müddət ərzində, bu getgəllərdən, onların ona qarşı törətdikləri ucbatından daim stres vəziyyətində olmağı onu tez-tez baş ağrısına, yuxusuzluğa düçar etmişdir. Onların ucbatından əsəb gərginliyindən mənəvi əzab çəkmişdir. Bu da onun sağlamlığına çox pis təsir göstərmişdir. Əgər cavabdehlər müqavilənin şərtlərinə əməl etsəydilər, bütün yuxarıda qeyd etdiyi hallar onun başına gəlməzdi. Lakin cavabdehlər tərəfindən müqavilə öhdəliklərinə əməl etməkdikləri üçün indiyədək mənzil qaz, işıq sayğacları ilə təmin edilməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1nə, "xxxx"ASC- yə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh4 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” Y/M, Samir Cəfərov küçəsi,ev 34 ,367 mənzilinə dair müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kommunal xətlərin, qaz, işıq sayğaclarının quraşdırılması və ona dəymiş maddi ziyana görə 3OOO(üç min) manat, mənəvi ziyana görə 5000 manat pul məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X15 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X10 izahatında iddianı qəbul etmədiyini, qəbzdə 366 və ya 367 yazıldığını bilmədiyini və həmin mənzildə yaşamadığını bildirərək, ona görə də sayğacın olmamasını bilməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X20 izahatında iddianı qəbul etməmiş, bildirmişdir ki, 2010-cu ildə "xxxx" MTK-nın rəhbərliyi rəsmi olaraq təmsil etdiyi təşkilata siyahı təqdim etmiş, həmin siyahıya uyğun olaraq "xxxx" ASC sayğacları gətirib quraşdırmış, siyahıda hansı mənzillər göstərilmiş, həmin məzillərə dair sayğaclar quraşdırılmışdır. Təqdim edilmiş siyahıda mənzilləri nömrələri 366, sonradan 369 göstərilmişdir. Deməli həmn vaxt MTK özü həmin mənzillərə dair müraciət etməmişdir. Bununla əlaqədar heç bir öhdəlik daşımadıqlarını, çünki onlarla müqavilə bağlanmadığını bildirmişdir. Eyni zamanda o, 367-ci mənzilə sayğacın quraşdırıb-quraşdırılmaması barədə məlumat verə bilməmiş, cünki MTK yalnız bir dəfə müraciət etmiş, müraciət etdiyi siyahı üzrə sayğaclar quraşdırılmışdır. Sonradan artıq iddiaçı həmin mənzili əldə etdikdən sonra, yenidən "xxxx" ASC tərəfindən sayğacı köhnə mülkiyyətçi adına quraşdırılmış, lakin İddiaçı vaxtında gəlib öz adına dair “Asan Kommunal” Xidmətində sənədləri təqdim edilmədiyindən, həmin sayğacı bir müddətdən sonra aparmışdılar Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X30 izahatında iddian qəbul etmədiyini, onların iddiaçı ilə heç bir müqaviləsinin olmadığını, heç bir öhdəlik daşımadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, 2009-cu ildən digər cavabdehin Cavabdeh1 MTK ilə heç bir problemi yaranmamış, Cavabdeh1 MTK-da 375 saylı mənzil olmuş, hamısında sayğac quraşdırılmış, siyahıda göstərilməyən 368 nömrəli mənzil də sayğacla təmin olunmuşdur. "xxxx" MTK işıq sayğaclarının quraşdırılması ilə bağlı 2010-cu ildə müraciət etmiş 366-cı sırada cavabdehin adı qeyd olunmuş, lakin texniki səhv baş vermiş, hal-hazırda abonent kodu cavabdehin adına olmuş, bütün mənzillərə sayğac çəkilmiş, 367-ci mənzildə heç kim yaşamadığı üçün sayğac quraşdırılmamış, daha sonra tərəflər arasında alqı-satqı müqaviləsi bağlanandan sonra məlum olmuşdur ki, sayğac quraşdırılmamışdır. 2021-ci ilin iyun ayında iddiaçı sayğacla təmin olunmuş, mənzil köhnə sahibinin adında qaldığı üçün abonent kodunun iddiaçının adına açılması mümkün olmamış, daha sonra sayğacın iddiaçının adına keçirtmək üçün, gəlib imza çəkmələrini bildirdiyini, lakin iddiaçı gəlib imzalamadığını və buna görə də sayğacı gəlib yenidən apardığını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi tərəfindən İddiaçı verilmiş 22.05.2021-ci il tarixli məktuba əsasən İddiaçı müraciətində göstərilən xüususatlar mülki xarakterli olmaqla hər hansı cinayət hadisəsi qeydə alınmadığından icraatı dayandırılmışdır. Aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 15.04.2021-ci il tarixli **********7 saylı qeydiyyata alınmışdır. İş materiallarında olan Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən X17 verilmiş S/sş-043 saylı 18 iyun 2021-ci il tarixli məktuba əsasən, ünvan 2 ünvanında, bina təhvil veriləndən bu günə kimi 367-ci mənzil üçün abune kodu açılmamış və sayğac quraşdırılmamışdır. İş materiallarında olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı Əhməd qızına verilmiş 18 iyun 2021-ci il tarixli məktuba əsasən, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küşəsi 34 ünvanında yerləşən 367 saylı mənzilə məxsus işıq sayğacının olmama səbəbi sayğacın oğurlanmasıdır. Hal hazırda sayğac "Azərişıq”MMC tərəfindən yenisi ilə əvəz olunmuşdur. Kod almaq üçün mənzilin çıxarışını və şəxsiyyət vəsiqənizi MTK-ya təqdim edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 15.09.2021-ci il tarixli 01/4/01-7/6/14032 saylı məktuba əsasən, Suraxanı Rayon Məhkəməsi tərəfindən ’’Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 30.07.2021-ci il tarixli, 2(010)-3700/2021 nömrəli məktubunuza baxılmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 4cü bəndinə əsasən yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqda və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul oluna bilər. Çoxmənzilli yaşayış binasının daxili təchizat sistemi, xarici şəbəkə (su və kanalizasiya) xəttləri texniki şərtin tələblərinə və tikinti norma qaydalarına uyğun inşa olunmalıdır. Fərdi müqavilələrin bağlanması məqsədi ilə müvafiq sənədlər MTK rəhbərliyi tərəfindən Suraxanı rayonu Sukanal idarəsinə təqdim edilir. Mülkiyyətçilərlə fərdi qaydada müqavilənin bağlanması təqdim olunmuş sənədlərə əsasən həyata keçirilir. Müraciətlə bağlı bildirilir ki, Cəmiyyətin elektron abonent bazasında məktubda qeyd edilən ad, soyad və ata adına uyğun ünvan üzrə abonent kodu aşkarlanmışdır. Odur ki, X12 - ünvan 5 ünvanında yerləşən 367 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 29.04.2021-ci il tarixində vətəndaşla müqavilə bağlanaraq **********670 saylı abonent kodu açılmışdır. Qeyd olunan tarixdən su xətti üzərinə 14125473 nömrəli, SSS-15 markalı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sözügedən mənzilin hesabında yaranmış borc 5 manat təşkil edir. Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissədir. İş materiallarında olan Bakı Reginol Qazın Satışı Departamenti tərəfindən verilmiş 23.08.2021-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, ünvan 2, mənzil 367 .nvanında qaz sayğacının quraşdırılıb-quraşdırılmaması, quraşdırılma tarixi və həmin sayğacın quraşdırılmasına dair Mənzil Tikinti Kooperativinin öhdəliyinin olub-olmaması haqqıında məlumat verilməsi barədə Suraxanı Rayon Məhkəməsindən "Azəriqaz” İstehsalat Sirliyinə ünvanlanmış 30.07.2021-ci il tarixli, İş 2(010)-3700/2021 saylı sorğunuza daxilolma: SOCAR **********30590036x01144, 05.08.2021-ci il tarixli) cavab olaraq bildirir ki, qeyd edilən ünvanda **********03670 nömrəli abonent kodu üzrə G-4 markali **********8 nömrəli qaz sayğacı qeydiyyatdadır, sayğac 17.05.2021-ci il tarixində quraşdırılmışdır. Abonent kodu İddiaçı adınadır. MTK binalarının qazlaşması müvafiq texniki-iqtisadi sənədlər əsasında Mənzil Tikinti Kooperativi tərəfindən təmin edilir. İş materiallarında olan Suraxanı RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən ünvan 7 ünvanında yaşayan İddiaçı tərəfindən yazdığı şikayət ərizəsinin nəticəsinə dair 20.05.2021-ci il tarixli arayışa əsasən, 05.05.2021-ci il tarixində icraata X1nın yazdığı ərizə daxil olmuşdur. Ərizədə X2 RPl-nin 13-cü PB-nə müraciət edərək Cavabdeh4 ilə aralarında alqı satqı olması, ondan aldığı 800 manat pulu bu günə kimi sayğacları quraşdırılmamış. müraciət etdikdə ailəsini narahat etməsi barədə bildirmişdir. Azərbaycan Respublikası DİN-nin 015 saylı əmrində qeyd edilirki, mülki xarakterli ərizələr araşdırma aparılmadan işə tikilir. X1 ərizəsində göstərilən xüsasatlar barədə məhkəməyə müraciət etməsi ilə əlaqədar hüquq və vəzifələri izah edildi. Odur ki, Sabunçu RPl-nin 13-cü PB-nə daxil olmuş X12 şikayət ərizəsində göstərilən xüsasatlar mülki xarakterli olduğu və toplanmış materialda heç bir cinayət hadisəsi olmadığı üçün ərizənin işə alınıb, 13-cü PBnin kargüzarlıq xidmətinə təhvil verilməsinə göstəriş verilmilməsi xahiş edilmişdir. İş materiallarında olan Sabunçu RPİ-nin 13-cü Polis X5 tərəfindən verilmiş izahata əsasən o, bildirmişdir ki, İddiaçı tərəfindən qeyd olunan ittihamlarla razı deyildir. İddiaçı ərizə və izahatlarında yazdığı şərtlər həqiqətə uyğu deyildir. Ərizədə qeyd olunan 800 manatın verildiyi halda sayğacın quraşdırılmaması fikri tamamilə yalandır. 800 manat qaz sayğacına görə ödənilmişdir. Mənzildə qaz sayğacı yerindədir, işıq sayğacı ilə bağlı problem isə MTK-nın mexaniki səhvidir və ən qıısa zamanda öz həllini tapacaqdır. Arzu xanımın ərizəsində qeyd etdiyi təhqir və narahatlıqla bağlı ittihamlarını qəbul etmir. Tərəfindən Arzu xanımın ünvanına təhqir olmamışdır. 05.05.2021-ci il tarixində xanımla danışarkən anası X4 yalan, fırıldaqçılıqda əsassız olaraq ittiham etmiş etmiş, ona “gopologiya” ifadəsini iştətdiyi üçün təhqirə məruz qalmılşdır. Arzu xanımın hədələrindən yorulduğu üçün müvafiq qurumlara müraciət etməsini və məsələnin araşdırılmasını bildirmidir. İş materiallarında olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş Ç- 34 saylı 20.09.2021-ci il tarixli məktuba əsasən, Cavabdeh1 M TK Bakı şəhəri Suraxanı rayonu, massiv D, Samir Cəfərov 34 ünvanında 2005-ci ildə tikinti fəaliyyətinə başlamışdır, həmin tikinti 2010-cu ildə yekunlaşmışdır. Həmin ili Azərsu ASC və Bakelektrikşəbəkə ASC tərəfindən mənzillərərə sayğaclar quraşdırırlıb və vətəndaşların istifadəsinə verilmişdir. Azəriqaz İB tərəfindən isə 2021-ci ildə mənzillərə sayğaclar quraşdırılmış və istifadəyə verilmişdir. Mübahisəli olan 367 saylı mənzildə də həmin vaxtlarda sayğaclar quraşdırılmış və istifadəyə verilmişdir, lakin 367 saylı mənzilə Bakelektrikşəbəkə ASC tərəfindən quraşdırılmış sayğac və kod səhvən 366 saylı qeyri əhali sayılan mənzilə verilmişdir. 366 saylı mənzil qeyri-əhali sayıldığına görə və 367-ci mənzildə 2021-ci ilədək heç bir yaşayış olmadığna görə uzun illər onlara bu barədə heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh4 ünvan 9 ünvanında qeydiyyatdadır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı ilə Cavabdeh4 Bakı şəhəri ,Yeni Günəşli qəsəbəsi, “D” Y/M, Samir Cəfərov küçəsi, ev 34, 367 saylı mənzilinə dair alqı-satqı müqaviləsini bağlamaqla, keçmiş mülkiyyətçi ilə MTK arasında müqavilə hüquq münasibətlərindən irəli gələn mülki hüquqları ona keçmiş və həmin müqavilədən irəli gələn MTK-nın öhdəlikləri və onların yetirilməsinin tələbetmə hüquqları İddiaçı münasibətdə yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqaviləsi üzrə mənzili işıq, su, qaz sayğacları ilə təmin edilməsi ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında məsuliyyət daşımasına qiymət verib aşağıdakıları qeyd edir. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı 12.04.2021-ci il tarixində Samir Cəfərov küçəsi, D massivi, ev 34, mənzil 367 saylı ünvanda yerləşən sahəsi 39.9 kvm olan Cavabdeh4 məxsus olan mənzili AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi ilə almışdır. Mənzili alarkən həm satıcı, həmçinin də Cavabdeh1 MTK rəhbərliyi tərəfindən heç bir problemin olmadığını, bütün kommunal xəttlərin və sayğacların yerində olmasını bildirilmişdir. Lakin müəyyən müddətdən sonra iddiaçı müəyyən etmişdir ki, işıq sayğacı mənzilə quraşdırılmamışdır. Məhkəmə iclasında tərəflərin izahatlarına əsasən müəyyən edilmiş və artıq işin mübahisəsiz hallarına çevrilmişdir ki, 2010-cu ildə Cavabdeh1 MTKnın rəhbərliyi rəsmi olaraq "xxxx" ASC-nə işıq sayğacı quraşdırılmalı olan mübahisəli Samir Cəfərov küçəsi, D massivi, 34 saylı evin mənzillərin siyahısı təqdim etmiş, həmin binada 375 mənzil olduğuna baxmayaraq, təqdim edilmiş siyahıda mənzillərin nömrələri 366 sayda sonra isə 369 sayda göstərilmişdir. 366-cı sırada cavabdehin adı qeyd olunsa da, texniki səhv baş vermiş, 367 saylı mənzildə heç kim yaşamadığı üçün sayğac quraşdırılmamış, sonradan da Cavabdeh1 MTK tərəfindən bununla əlaqədar müraciət edilməmişdir. Daha sonra tərəflər arasında alqı-satqı müqaviləsi bağlanandan sonra məlum olmuşdur ki, sayğac quraşdırılmamışdır. 2021-ci ilin iyun ayında iddiaçı sayğacla təmin olunmuş, mənzil köhnə sahibinin adında qaldığı üçün abonent kodunun iddiaçının adına açılması mümkün olmamış, Cavabdeh1 MTK-ın rəhbərliyi daha sonra sayğacın iddiaçının adına keçirtmək üçün iddiaçının şəxsiyyət vəsiqəsini və çıxarışını gətirilməsini bildirsə də, lakin öz vəzifəsini lazımi qaydada yetirməmiş, iddiaçıya yeni abonent kodu açılması və işıq sayğacının onun adına quraşdırılması üçün sənədləri təqdim edilməsi barədə rəsmi qaydada müraciət etməmiş, iddiaçı həmin sənədlərin təqdim edilməsi üçün və işıq sayğacının quraşdırılması və abonent kodunun verilməsi üçün nəzərdə tutulmuş müddəti pozmuş, nəticə etibarı ilə Cavabdeh1 MTK mülkiyyətçi qarşısında mənzili işıq sayğacla təmin edilməsinə dair vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı məxsus olan 12.04.2021-ci il tarixində Samir Cəfərov küçəsi, D massivi, ev 34, 367 saylı mənzilə dair işıq sayğacın quraşdırılması vəzifəsi Cavabdeh1 MTK üzərinə qoyulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. İddianın su və qaz sayğacları quraşdırılması vəzifələrinin icra edilməməsinə dair hissədə olan tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd edilən ünvanda **********03670 nömrəli abonent kodu üzrə G-4 markali **********8 nömrəli qaz sayğacı qeydiyyatdadır, sayğac 17.05.2021-ci il tarixində quraşdırılmışdır. Abonent kodu İddiaçı adınadır. MTK binalarının qazlaşması müvafiq texniki-iqtisadi sənədlər əsasında Mənzil Tikinti Kooperativi tərəfindən təmin edilir. Bundan əlavə İddiaçı - ünvan 5 ünvanında yerləşən 367 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 29.04.2021-ci il tarixində vətəndaşla müqavilə bağlanaraq **********670 saylı abonent kodu açılmışdır. Qeyd olunan tarixdən su xətti üzərinə 14125473 nömrəli, SSS-15 markalı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sözügedən mənzilin hesabında yaranmış borc 5 manat təşkil edir. Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissədir. Bununla əlaqədar məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia təmin edilməməlidir. Bundan əlavə iddianın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan Cavabdeh4 ünvan 10 ünvanına dair həmin dövlət orqanı tərəfindən verilmiş texniki pasportunun saxta olmasına, yalnış məlumatlardan ibarət olması barədə hissəyə dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı X16 Cavabdeh4 adına qeyd olunan ünvana verilmiş çıxarışının əsası olan texniki pasportun hər hansı şəkildə mübahisələndirilməsinə dair subyektiv hüququna malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha da az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzənin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin və ya əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bundan əlavə məhkəmə qeyd edir ki, əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin, hazırki iş üzrə iddiaçının adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi) müəyyən edilməlidir. Bununla əlaqədar zərərçəkmişə qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə ilə bağlı məhkəmə iclaslarında iddiaçı mənzilin istifadə edə bilməməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın ödənilməsini iddia etsə də, məhkəmə araşdırılması zamanı həm İddiaçı etibarnamə üzrə nümayəndəsi X8, həmçinin də Cavabdeh1 MTK-nın etibarnamə üzrə nümayəndəsi və vəkili X22 izahatlarında müəyyən edilmişdir ki, artıq 05 may 2021-ci il tarixdə telefon vasitəsilə Cavabdeh1 MTK tərəfindən İddiaçı tez bir zamanda yeni işıq sayğacın quraşdırılması barədə müraciət edilmiş və işıq sayğacının iddiaçının adına quraşdırılması barədə sənədləri təqdim edilməsi təklif olunsa da, iddiaçı razılaşmamış və artıq həmin məsələnin məhkəmə qaydasında həll ediləcəyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarında mübahisə predmeti olan mənzilin təmirsiz mənzilin olmasına baxmayaraq dərhal köçüb yaşaması imkanı olacağı və işıq saygacının quraşdırılmaması ilə əlaqədar həmin imkandan məhrum olunduğunu və bununla da kirayə yaşamaqla ona maddi ziyan vurulduğunu, hər hansı mənzildə kirayə qalması barədə kirayə müqaviləsinin və müəyyən kirayə haqqının ödənilməsinə, ümumiyyətlə həmin yaşayış sahəsindən sırf cavabdehin qərəzli hərəkətlərinə görə istifadə etməməsinə dair mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı tərəfindən işıq sayğacı quraşdırılmadığı vaxt ərzində həmin mənzildən istifadə etmədiyi ayları üçün tələb olunan əldən çıxmış faydanın və yaxud maddi zərərin həqiqətən movcud olduğu barədə və yaxud əldən çıxmış faydanın itirilməsi və yaxud maddi zərərin vurulması sırf Cavabdeh1 MTK tərəfindən hər hansı qərəzli hərəkətlərinin nəticəsində törədilməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh1 MTK tərəfindən iddiaçıya məlumat verilmiş, işıq sayğacın quraşdırılması barədə niyyəti bildirsə də, üzərinə düşən vəzifəni yetərincə icra etməmişdir. Maddi ziyan tələbi ilə yanaşı məhkəmə, iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə tənqidi yanaşaraq, həmin tələbi əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: «İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının vahid kontekstdə mənəvi ziyanın vurulması həm mənəvi sarsıntı keçirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin keçirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloci məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin keçirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını keçirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi halları müşahidə edilir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, əsaslı olmadığından bu hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 27 (iyirmi yeddi) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, D massivi, ev 34, 367 saylı mənzilə dair işıq sayğacın quraşdırılmasının təmin edilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar