Məhkəmə qərarları › İş №2(007)-3948/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3948/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3948/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 15.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl" İKB ASC-dən illik 22 faizlə 48 ay müddətinə 5500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-dək Cavabdeh banka 15.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3307.7 manat əsas borc. 238.58 manat faiz borcu və 8.54 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3554.82 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3307.7 manat əsas borc, 238.58 manat faiz borcu və 8.54 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3554.82 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müqavilə müddəti 48 ay olub. Cavabdeh ödəniş etməyib. Cavabdehə xəbərdarlıq olunub lakin öhdəlik icra olunmayıb. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, izahatında bildirdi ki, Əvvəllər işləyirdi və ödəmədə gecikmə olmurdu. Lakin 2020-ci ilin sentyabr ayından işdən çıxmış və bu günə qədər işsizdir. Əvvəllər bankdan bir neçə dəfə kredit götürsə də, həmişə vaxtı vaxtında ödəniş etmişdir. Amma indi ödəniş edə bilmir. O, bankdan ödəniş edə bilməsi üçün əlavə vaxt verməsini xahiş edir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan “Nikoyl" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli 11-Y-2-0-285-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən illik 22 faizlə 48 ay müddətinə 5500 manat kredit götürmüşdür. İş materiallarında olan 15.02.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5500 manat krediti hər ayın 15-dən gec olmayaraq 173.28 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Nikoyl" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli 11-Y-2-0-285-19 saylı kredit müqaviləsinin 7.1.1-ci bəndindən görünür ki, borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə kreditor müqavilədən irəli gələn öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. İş materiallarında olan 15.02.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh 5500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 16.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Yelo Bank ASC ilə Cavabdeh arasında bağlanan 15.02.2019-cü il tarixli, 11-Y-2-0-285-19 saylı kredit müqaviləsinə əsasən borc alana 5500 AZN manatı məbləğində illik 22 % olmaqla 48 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq Yelo Bank ASC-yə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Borcludan borcun xəbərdarlıq məktubu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı banka tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borclunun digər daşınar və daşınmaz əmlaklarınıza yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15.02.2019-cu il tarixli 11-Y-2-0-285-19 saylı kredit müqaviləsi üzrə 27.08.2021ci il tarixə İddiaçı ASC-yə 3307.7 manat əsas borc, 238.58 manat faiz borcu və 8.54 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3554.82 manat borcu vardır. İş materiallarında olan 19.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, 21.11.2019-cu il tarixdən "xxxx" İKB ASC-nin adı dəyişdirilmiş və İddiaçı ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli 11-Y-2- 0-285-19 saylı razılaşmadan görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 22% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5500 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 3554.82 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3307.70 manat əsas, 238.58 manat faiz, 8.54 manat cərimə, cəmi 3554.82 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3307.70 manat əsas, 238.58 manat faiz, 8.54 manat cərimə, cəmi 3554.82 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar