Məhkəmə qərarları › İş №2(007)-4138/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4138/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4138/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili- fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 aprel 2015-ci il tarixində onunla cavabdeh arasında yazılı borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh ondan 200.000 (iki yüz min) ABŞ dolları məbləğində borc almış və 2020-ci ilin sonuna qədər qaytarılması öhdəliyi götürmüşdür. Sonradan həmin borcdan 5000 ABŞ dolları məbləğində pul 16 dekabr 2015-ci il tarixində cavabdeh tərəfindən qaytarılmışdır. Bununla da cavabdehin 195000 ABŞ dolları borcu qalmışdır. Sonradan 16 iyun 2021-ci il tarixində cavabdeh tərəfindən əlavə olaraq 2500 manat qaytarılmışdır. İqtisadi böhranla əlaqədar olaraq cavabdehə güzəşt edilərək ona qaytarılan 2500 manatı 2500 ABŞ dolları dəyərində hesab etmişdir. Sonradan hissə-hissə pulun bir qismini cavabdeh ödəmişdir. Cavabdeh tərəfindən imza atılan sonuncu 16 iyun 2021-ci il tarixli iltizam sənədinə əsasən cavabdehin 87500 ABŞ dolları məbləğində borcunun olduğu və cavabdeh tərəfindən həmin məbləğin tam olaraq 2021-ci ilin noyabr ayının 01-nə qədər qaytarılması öhdəliyi götürmüşdür. Cavabdeh borc götürdüyü pulu vaxtında ödəməyərək öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Belə ki, 2021-ci il noyabr ayının 01-nə qədər qaytarılması öhdəliyi götürülsə də sonuncu ödəniş olunan 16 iyun 2021-ci il tarixindən bu günə qədər hər hansı bir ödəniş edilməmişdir. Bununla bağlı pulun 2 gün müddətində ödənilməsi ilə cavabdehə bildiriş göndərmişdir, lakin heç bir ödəniş olmamışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət edir. Buna görə də, iddiasını təmin edib, Cavabdeh 87500 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək göstərmişdir ki, məhkəmə gedişi zamanı Cavabdeh pulun bir qismini ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 70000 ABŞ dolları məbləğində borcu qalmışdır, buna dair cavabdeh tərəfindən imzalanmış iltizamın əslini məhkəməyə təqdim etmişlər. Buna görə də, iddianı təmin edib, Cavabdeh 70000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddiaçının dəlillərini müdafiə etdi, əlavə olaraq göstərdi ki, iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı tərəfindən cavabdehə 200000 ABŞ dolları məbləğində borc verilmiş, cavabdeh bununla bağlı iltizam vermişdir. Müxtəlif tarixlərdə cavabdeh tərəfindən ödənişlər edilsə də, borc tam şəkildə söz verilmiş tarixədək qaytarılmamışdır. Əlavə olaraq, qeyd edir ki, cavabdeh özü də teleqramla müraciət edərək, borcundan bir qismini ödədiyini bildirmişdir. Qeyd etmək istəyir ki, bu doğrudur. Bununla bağlı, iddia tələbinin həcminin azaldılması ilə bağlı məhkəməyə ərizə də təqdim etmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 70000 ABŞ dolları təşkil edir. Buna görə də, həmin həcmdə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 14 oktyabr 2021-ci il tarixə, saat 10:15-ə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və teleqramla məhkəməyə müraciət edərək “Covid-19” xəstəliyinə tutulmasından şübhələndiyini, hərarətinin olduğunu, lakin test cavabının olmadığını nəzərə alaraq məhkəmə iclasının təxirə salınması xahiş etmiş, o cümlədən 15 noyabr 2021-ci il tarixə, saat 11:05-ə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, 30 noyabr 2021-ci il tarixə, saat 10:30-a təyin edilmiş məhkəmə baxış iclası ilə bağlı teleqramla məhkəməyə müraciət edərək borcundan bir qismini ödədəyini, lakin səhhəti ilə əlaqədar məhkəmə iclasının təkrarən təxirə salınmasını xahiş etmiş, bununla əlaqədar, məhkəmə iclası 13 dekabr 2021-ci il tarixə, saat 09:50-ə təxirə salınmışdır. Hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (əlavə olaraq, istifadəsində olan mobil nömrəsinə sms bildiriş çatdırılmasına) baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -A4 formatındakı iltizamda göstərilmişdir ki, “Mən Cavabdeh (Ş/V seriya AZE № ********, 04.09.2014-cü il tarixində ASAN 2 tərəfindən verilmiş) bildirirəm ki, 01 aprel 2015ci il tarixində İddiaçı (Ş/V seriya AZE № 0*******, 30.11.2011-ci il tarixində Bakı-Nəsimi RPİ tərəfindən verilmiş) borc 200000 (iki yüz min) ABŞ dolları borca götürdüyüm məbləğdən 75000 (yetmiş beş min) ABŞ dolları borcum qalır və həmin qalan borcumdan 5000 (beş min) manat 22 oktyabr 2021-ci il tarixdə vətəndaş İddiaçı qaytardım. Mənim maddi vəziyyətimlə bağlı olaraq vətəndaş İddiaçı mənə güzəşt edərək mən qaytardığım 5.000 (beş min) manatı 5.000 (beş min) ABŞ dolları hesab edib (1 manat= 1 ABŞ dolları) və borclu qaldığım məbləği 70.000 (yetmiş min) ABŞ dolları 2021-ci ilin noyabr ayının 01-dək tam məbləği ödəməyimə icazə verir. Bununla da, mənim vətəndaş İddiaçı 70.000 (yetmiş min) ABŞ dolları borcum qalır və həmin məbləği noyabr ayının 01-dək tam ödəyəcəyimə öhdəlik götürürəm”. Qeyd olunan iltizam tərəflərin imzaları ilə imzalanmışdır, borclu Cavabdeh adını, soyadını və ata adını yazaraq, qarşısında imzalamış və 22.10.2021-ci il tarixini qeyd etmişdir; -25 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 01 aprel 2015-ci il tarixində Cavabdeh 200000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh 200000 ABŞ dolları pulu İddiaçı almış və bu borcunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin məbləğdə pul borcunun olmasını əlyazması ilə iltizam yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borc məbləğinin qalan 70.000 ABŞ dolları hissəsini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan müqavilə şəklində əqd, borc müqaviləsi bağlamışlar, iddiaçı cavabdehə nağd olaraq 200000 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Müəyyən müddətdən sonra iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı borcun 70.000 ABŞ dolları hissəsini ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Cavabdehin maddi vəziyyətinin ağırlaşması ilə borcun qaytarılmasına təhlükə olduğuna görə iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Mülki qanunvericiliyə görə, borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 70.000 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 70000 (yetmiş min) ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə alınıb, İddiaçı ödənilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar