Məhkəmə qərarları › İş №2(007)-4165/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4165/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4165/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Sahib oğluna qarşı “kreditin, ona hesablanmış faiz borclarının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Sahib oğluna qarşı “kreditin, ona hesablanmış faiz borclarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sahib oğlu ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 8432,44 manat məbləğində əsas borcun, 2681,94 manat məbləğində faiz borcunun, cəmi 11114,38 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sahib oğlu ilə "xxxx" ASC arasında bağlanmış 13.01.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 39 ay müddətinə, illik 21% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Sahib oğlu məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh Sahib oğlu arasında bağlanmış 13.01.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh Sahib oğluna illik 21 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 10.000,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh Sahib oğlu öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin 22.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Sahib oğlunun 13.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 8432,44 manat məbləğində əsas, 2681,94 manat məbləğində faiz və 0 manat cərimə borcu vardır. - 24.09.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh Sahib oğlu arasında bağlanmış 13.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh Sahib oğluna illik 21 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 10.000,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh Sahib oğlu öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh Sahib oğlu İddiaçı ASC ilə bağladığı 13.01.2020-ci il tarixli kredit müqaviləsi üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh Sahib oğlu öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh Sahib oğlu tərəflər arasında olan müqaviləni və ona dair razılaşmanı əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sahib oğlu ilə "xxxx" ASC arasında bağlanılmış 13.01.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə cavabdehdən 8432,44 manat əsas borc, 2681,94 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 11114,38 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh Sahib oğlu ilə "xxxx" ASC arasında bağlanılmış 13.01.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Sahib oğlundan İddiaçı ASC-nin xeyrinə 13.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8432,44 manat məbləğində əsas borc, 2681,94 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 11114,38 (on bir min yüz on dörd manat otuz səkkiz qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar