Məhkəmə qərarları › İş №2(007)-417/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-417/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-417/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğluna qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğluna qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 7105,16 manat məbləğində kredit borcu, 2259,19 manat məbləğində faiz borcu və 3626.19 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12990 (on iki min doqquz yüz doxsan) manat 54 (əlli dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128,98 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 23.02.2010-cu il tarixli 04L000002733 saylı kredit xətti müqaviləsinə əsasən 228 (iki yüz iyirmi səkkiz) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.08.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 19.06.2020-ci il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.07.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7894.84 manat ödəmiş, onun 7105.16 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-eü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarıl maşınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki. Cavabdeh1 kredit borcu və faiz, borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.11.2021-ci il tarixə 483 gün üçün hesablanmış faiz borcu 2259.19 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 05.11.2021-ci il tarixə 483 gün üçün hesablanmış cərimə 3626.19 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdiyini bildirdi və iddianın qismən təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, əsas borcu qəbul edir, faiz və cərimə borcundan narazıdır. Bankdan 20 min dollar götürmüş, bank ondan 50 min ABŞ dolları almışdır. Axırıncı dəfə 16 min manat borc götürmüşdür. O zaman o, bazarda çalışırdı. Borcundan 7100 manat ödəyə bilmiş, sonradan pandemiya başladığı üçün iflas etmiş və borcunun qalan hissəsini ödəyə bilməmişdir. Əgər 7100 manatı əsas borcunu hissələrə bölsələr ödəyə bilər. Pandemiya zamanı heç bir yerdə faiz hesablanmadığı halda bank borcun faizini hesablamışdır. Pandemiya səbəbindən borcun faizləri hesablanmamalı idi. O, pandemiya dövründə hər yer bağlı olduğundan evdə oturmuş, sonra müxtəlif yerlərdə işləmişdir. Hazırda taksi fəaliyyəti ilə məşğuldur və günə 10-15 manat pul qazanır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 İnqilab oğlu məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 23.02.2010-cu tarixli, 04L000002733 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 228 (iki yüz iyirmi səkkiz) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.08.2019-cu il tarixli, 027R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərli ilə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh2 İnqilab oğluna arasında bağlanmış 24.02.2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 İnqilab oğlu 23.02.2010-cu tarixli kredit xətti müqaviləsi və həmin müqavilə üzrə 30.08.2019-cu il tarixli kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 12.11.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 128,98 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı QSC-nin 15.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.08.2019-cu il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 7105.16 manat əsas, 2259.19 manat faiz borcu və 3626.19 manat cərimə borcu olmaqla, cəmi 12990.54 manat məbləğində borcu vardır. - İddiaçı QSC-nin 24.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.08.2019-cu il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 7105.16 manat əsas 849,45 manat faiz borcu və 1142,99 manat cərimə borcu olmaqla, cəmi 9097,60 manat məbləğində borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.02.2022-ci il tarixli rəyindən görünür ki, 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 23.11.2021-ci il tarixə əsas borc üzrə 7079,70 manat, faiz borc üzrə 2735,89 manat, cərimə borcu üzrə 1798,06 manat məbləğində borc müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış 23.02.2010-cu tarixli, 04L000002733 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə 30.08.2019-cu il tarixli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh2 İnqilab oğluna arasında bağlanmış 24 fevral 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 İnqilab oğlu 23.02.2010-cu tarixli kredit xətti müqaviləsi və həmin müqavilə üzrə 30.08.2019-cu il tarixli kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.02.2022ci il tarixli rəyi üzrə Cavabdeh1 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 23.11.2021-ci il tarixə əsas borc üzrə 7079,70 manat, faiz borc üzrə 2735,89 manat, cərimə borcu üzrə 1798,06 manat məbləğində borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.08.2019-cu il tarixli kredit ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1ci maddəsinin tələblərini pozmuşdur və o öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.02.2022-ci il tarixli rəyi ilə 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 23.11.2021-ci il tarixə əsas borc üzrə 7079,70 manat, faiz borc üzrə 2735,89 manat borc müəyyən edilsə də, cavabdehdən iddiaçının xeyrinə faiz borc qismində 15.11.2021-ci il tarixli maliyyə arayışında müəyyən olunmuş 2259.19 manat faiz borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 İnqilab oğlu Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada X2 İddiaçı QSC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu X4 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7105,16 manat əsas borc, 2259,19 manat faiz borcu, 350 manat cərimə borcu, 128,98 manat dövlət rüsumuna görə ödənilmiş vəsaitin əvəzi olmaqla ümumilikdə 9843,33 manat vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğlundan məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğlundan müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7105,16 manat əsas borc, 2259,19 manat faiz borcu, 350 manat cərimə borcu, 128,98 manat dövlət rüsumuna görə ödənilmiş vəsaitin əvəzi olmaqla, ümumilikdə 9843,33 manat vəsait tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat pul Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğlundan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar