Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4241/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Mahmud qızına və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 08 oktyabr 2019-cü il tarixli kredit müqaviləsi üzrə 3612.78 manat əsas borc, 421.58 manat faiz borcu olmaqla ümumilikdə cəmi 4034.36 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını və “Nikoyl" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli kredit müqaviləsininin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 08 oktyabr 2019-cii il tarixli kredit müqaviləsinə əsasən '‘Nikoyl İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 08 oktyabr 2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28 sentyabr 2021-dək Cavabdeh1 banka 08 oktyabr 2019-cü il tarixli kredit müqaviləsi üzrə 3612.78 manat əsas borc, 421.58 manat faiz borcu olmaqla ümumilikdə cəmi 4034.36 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək idianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan “Nikoyl" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2019-cu il tarixli 11-MZ-1-0-2502-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. İş materiallarında olan “Nikoyl" İKB ASC ilə X4 arasında bağlanmış 08.10.2019-cu il tarixli 11-MZ-1-0-2502-19 saylı zaminlik müqaviləsindən görünür ki, 08.10.2019-cu il tarixli 11-MZ-1-0-2502-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin X4 öz üzərinə götürmüşdür. İş materiallarında olan 08.10.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat krediti hər ayın 8-dən gec olmayaraq ilk ay 312.50 manat olmaqla sonrakı aylar ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Nikoyl" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2019-cu il tarixli 11-MZ-1-0-2502-19 saylı kredit müqaviləsinin 8.1-ci bəndindən görünür ki, borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə kreditor müqavilədən irəli gələn öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. İş materiallarında olan 08.10.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 4950 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx"xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2019-cu il tarixli 11-MZ-1-0-2502-19 saylı kredit müqaviləsinə əsasən borc alana 5000 AZN manatı məbləğində illik 25 % olmaqla 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq "xxxx" ASCyə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. 08.10.2019-cu il tarixli 11-MZ-1-0- 2502-19 saylı kredit müqaviləsinin təminatı kimi X4 ilə zaminlik müqaviləsi imzalanmışdır. Zamin borclunun kreditor qarşısında öz öhdəliklərinin tamamilə və hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcludan və zamindən borcun xəbərdarlıq məktubu alındığı vaxtdan etibarən 5 gün müddətində "xxxx" banka tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan və zamindən müştərək qaydada məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək onların digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. İş materiallarında olan 28.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08.10.2019-cu il tarixli 11-MZ-1-0-2502-19 saylı kredit müqaviləsi üzrə 28.09.2021-ci il tarixə "xxxx" ASC-yə 3612.78 manat əsas borc, 421.58 manat faiz borcu olmaqla ümumilikdə cəmi 4034.36 manat borcu vardır. İş materiallarında olan 29.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, 21.11.2019-cu il tarixdən "xxxx" İKB ASC-nin adı dəyişdirilmiş və "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də borclu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Zamin isə zaminlik müqaviləsi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2019-cu il tarixli 11-MZ-1-0-2502-19 saylı razılaşmadan görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 4034.36 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və zamin X1 müştərək qaydada 3612.78 manat məbləğində əsas, 421.58 manat məbləğində faiz, cəmi 4034.36 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 08 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3612.78 manat əsas, 421.58 manat faiz, cəmi 4034.36 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-4241/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4241/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver