Məhkəmə qərarları › İş №2(007)-427/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-427/2024

01.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-427/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1460 manat pul vəsaitinin və ödədiyi 34,60 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonun Kalinovka kəndində yaşayır. Yük avtomobillərinin təmiri ilə məşğul olaraq ustalıq edir. Dəfələrlə avtomobilini təmir etdiyi Cavabdeh 2022-ci ilin oktyabr-noyabr aylarında avtomobilinin motor hissəsini təmir etmişdir. Avtomobilinə lazım olan ehtiyat hissələrini də özü almışdı. Avtomobili saz vəziyyətdə ona təhvil vermişdi. Gördüyü işin dəyəri zəhmət haqqı ilə birlikdə 1460 manat etmişdi. Cavabdeh həmin vaxt yükünün olduğunu və ona 15-gün vaxt verməyini istəmişdir. Əvvəllərdə avtomobilini təmir etdiyindən etiraz etmədi. Üzərindən 1 il keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmır. Cavabdehi qanunsuz hərəkətlərinə görə Masallı Rayon Polis şöbəsinə şikayət etmişdi. İş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi barədə hüquqları ona izah olunmuşdur. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil məhkəmənin “elektron poçt” ünvanı vasitəsi ilə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh “DAF” markalı avtomobilini təmir etmişdir. Aldığı ehtiyyat hissələrinin qəbzlərini iş materiallarına əlavə etmişdir. Zəhmət haqqı olaraq 160 manat təqdim olunan qəbzlərdə qeyd olunmuş 350 manat, 550 manat, qalıq borc 200 manat və evdə olan maşın yağı 200 manat dəyərində cəmi 1460 manat cavbdehin ona borcu qalmışdır. Bu səbəbdən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Big Auto 008” avtomağaza tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 540 manat ödəniş edilib, müştərinin 200 manat borcu qalıb. - xx.xx.2022-ci il tarixli ********** nömrəli “malların satışı” qəbzindən görünür ki, 550 manat dəyərində “DAF” markalı avtomobil üçün 6 ədəd “vkladış şatun” alıcı usta Mahir tərəfindən alınmışdır. - xx.xx.2022-ci il tarixli ********** nömrəli “malların satışı” qəbzindən görünür ki, 350 manat dəyərində “DAF” markalı avtomobil üçün 1 ədəd “mazut pompası” alıcı usta Mahir tərəfindən alınmışdır. - Masallı Rayon Polis X3 Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. - Masallı Rayon Polis Şöbəsi tərəfindən verilən arayışda olan Cavabdeh izahatında görünür ki, Cavabdeh idarə etdiyi “DAF” markalı avtomobili təmir üçün İddiaçı vermişdir. O, avtomobildə olan saz ehtiyat hissələrini dəyişərək guya yenisi qoyduğunu, X2 gedərkən yolda maşının xarab olduğunu və bu barədə Mahirə zəng edərək bildirmişdir. Mahir isə öz növbəsində ona satılan ehtiyat hissələrinin geri qayıtmadığını bildirmişdir. O, da Mahirə 800 manatı qaytarmayacağını bildirmişdir. Avtomaşının işləksiz olması səbəbindən 15 gün yolda qaldığını bildirmişdir. - 25.10.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 34.60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh məxsus “DAF” markalı avtomobili təmir etmişdir. İddiaçının cavabdehə göstərdiyi xidmət müqabilində cavabdeh üzərinə düşən öhdəliyə əməl etməmiş, ustaya göstərilən xidmət haqqı və ehtiyat hissələrinin pulunu ödəməmişdir. Bunun nəticəsində iddiaçı cavabdehin ona 1460 manat məbləğində pulun ödəməli olmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, tərəflər arasında şifahi formada bağlanmış əqdə əsasən iddiaçı cavabdehin avtomobilini təmir etməyi, cavabdeh isə görülən işin müqabilində müəyyən olunmuş haqq ödəməyi öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş haqq ödəmək öhdəliyi götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. İşin hallarından müəyyən olundu ki, İddiaçı Cavabdeh məxsus avtomobili təmir etmişdir. Bu barədə qəbzlər tərtib edilərək göstərilən xidmət haqqı və ehtiyat hissələrinin dəyəri, həmçinin cavabdehin ödədiyi məbləğ qeyd edilmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli ********** nömrəli “malların satışı” qəbzindən görünür ki, 350 manat dəyərində “DAF” markalı avtomobil üçün 1 ədəd “mazut pompası” alıcı usta Mahir tərəfindən alınmışdır. xx.xx.2022-ci il tarixli ********** nömrəli “malların satışı” qəbzindən görünür ki, 550 manat dəyərində “DAF” markalı avtomobil üçün 6 ədəd “vkladış şatun” alıcı usta Mahir tərəfindən alınmışdır. “Big Auto 008” avtomağaza tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 740 manat dəyərində (1 ədəd germetika viktor renz orijinal, 1 ədəd hava filtri XF95, 1 ədəd yağ filtri, 1 ədəd prokladka karter, 1 ədəd kladush kolben schmitd) ehtiyyat hissələrinə alıcı Mahir tərəfindən 540 manat ödənilmiş 200 manat isə borcu qalmışdır. Həmçinin Masallı RPŞ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh idarə etdiyi “DAF” markalı avtomobili təmir üçün İddiaçı vermişdir. Beləliklə, iddiaçının Cavabdeh idarə etdiyi “DAF” markalı avtomobili təmir etməsi işin mübahisəsiz halıdır. Məhkəmə, iddiaçının Cavabdeh idarə etdiyi “DAF” markalı avtomobilin 200 manat dəyərində yağının dəyişməsi üçün yaranmış 200 manat borca münasibətdə qeyd edir ki, iddiaçı onunla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən tələb o hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1260 (1460-200=1260) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən 124 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1260 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 34,60 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1260 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 34,60 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar