Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4278/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə” dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.09.1968-ci il təvəllüdlü əvvəllər məhkum olunmamış İddiaçı1 2018-ci ilin oktyabr ayından həbs edilmişdir və barəsində qaldırılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə ittiham olunur. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Hüquqlarının müdafiəsi üçün həmin ilin noyabr ayında Suraxanı rayonu 9 saylı Vəkillər Kollegiyasının vəkil xanımı Cavabdeh ilə oğlu İddiaçı2 müqavilə bağlamışdır. Onunla 2 dəfə Quba rayon Polis İdarəsində, 3 dəfəf İstintaq Təcridxanasında görüşmüşdür. Ancaq onun vəkillik fəaliyyəti ilə razı olmamış və hüquqlarının müdafiəsini normal təşkil etməmişdir. Cavabdeh istintaq müddəti bitməmiş təqsirləndirildiyi cinayət işi üzrə digər iştirakçı Zabit Yolçuyev ilə müqavilə bağlamışdır. Ona iradını bildirsə də əhəmiyyət verməmişdir. 11 aylıq istintaq müddətində əhəmiyyət kəsb edən hər hansı iş görməmiş, hüquqlarının səmərəli müdafiəsini təşkil edə bilməmişdir. Vəkilə müdafiə üçün 5000 manat pul vermişdir. Yalnız bir məhkəmə prosesində iştirak etmiş və digər iştirakçının da vəkili olduğu üçün hakim iradını bildirmişdir. Bu zaman Zabit Yolçuyev də ondan imtina etmişdir. Cavabdeh ilə sonradan əlaqə saxlasa da mümkün olmamışdır. Daha sonra başqa vəkillə müqavilə bağlamışdır. Cavabdeh ödədiyi 5000 manatı tələb etsə də, bundan boyun qaçırtmışdır. İndiyə qədər pulunu qaytarmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh 5000 manat pulun və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, təqsirləndirilən şəxs İddiaçı1 Əmrullah oğlunun Quba rayon Prokurorluğunda hüquqlarının müdafiə edilməsi məqsədilə onun oğlu İddiaçı2 ilə 06.11.2018-ci il tarixdə 5000 (beş min) manat pul məbləğində müqavilə bağlamışdır. Həmin məbləğ 9 saylı vəkil bürosunun hesabına ödənilmişdir. Müqavilə Büro ilə bağlanıb vəkillə yox. Qonorarı o, almayıb iddiaçı Büronun kassasına ödəyib. Pulu Büronun mühasibi Maya xanım qəbul edib və qəbz verib. İddiaçı1la təcridxanada dəfələrlə görüşmüş, üzləşmə və əlavə dindirmə istintaq hərəkətlərində iştirak etmişdir. İstintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir, lakin bu mərhələdə onunla müqavilə bağlanmamışdır. Müqavilə yalnız İddiaçı1 ibtidai istintaqda müdafiə olunması üçün bağlanmışdır. Başqa vəkillə müqavilə bağlandığı sonradan ona məlum olmuşdur. Vəkil kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. İddiaçıların şikayətləri əsassızdır, təmin edilməməsini xahiş edir. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Lakin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası İddiaçı1 iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Vəkillər X1 01.09.2020-ci il tarixli 817 nömrəli məktubundan görünür ki, Bakı şəhəri 9 saylı vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində İddiaçı1 Əmrullah oğlunun Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müraciətinə baxılmışdır. Məsələ ilə bağlı vəkil Rəyasət Heyətinə dəvət edilərək, onunla müvafiq söhbət aparılıb. Cavabdeh verdiyi izahatında təqsirləndirilən şəxs İddiaçı1 Əmrullah oğlunun Quba rayon Prokurorluğunda hüquqlarının müdafiə edilməsi məqsədilə onun oğlu-İddiaçı2 ilə 06.11.2018-ci il tarixdə 5000 (beş min) manat pul məbləğində müqavilə bağladığını, həmin məbləğin 9 saylı vəkil bürosunun hesabına ödənildiyini, İddiaçı1la təcridxanada dəfələrlə görüşdüyünü, üzləşdirmə və əlavə dindirmə istintaq hərəkətlərində iştirak etdiyini, istintaq başa çatdıqdan sonra cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə verildiyini, lakin bu mərhələdə onunla müqavilə bağlanmadığını, başqa vəkillə müqavilə bağlandığının sonradan ona məlum olduğunu, vəkil kimi üzərinə düşən vəzifələri yerinə yetirdiyini və İddiaçı1 şikayətinin əsassız olduğunu bildirmişdir. Belə vəziyyətdə, peşə fəaliyyətini həyata keçirərkən, vəkil Cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməsi halları müəyyən edilməmişdir. İş materiallarında olan 30.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 06.11.2018-ci il tarixli 246548 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 5000 manat məbləğində pul vəsaitini Bakı şəhəri 9 saylı vəkil Bürosunun ********** nömrəli VÖEN-ə ödəniş etmişdir. İş materiallarında olan 06.11.2018-ci il tarixli 1350 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı2 ilə Bakı şəhəri 9 saylı vəkil Bürosu arasında İddiaçı1 Əmrullah oğluna cinayət işi üzrə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 06.11.2018-ci il tarixli 020546 nömrəli Orderin Kötüyündən görünür ki, Cavabdeh İddiaçı1 Əmrullah oğlunu Quba Rayon Prokurorluğunda cinayət işi üzrə hüquqi yardım göstərməsi üçün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlili sübut edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzdən də göründüyü kimi, hüquqi xidmət göstərilməsi müqabilində İddiaçı2 5000 manat məbləğində pul vəsaitini Bakı şəhəri 9 saylı vəkil Bürosuna (********** nömrəli VÖEN) ödəniş etmişdir. Eyni zamanda məhkəmə iclasında izahat verən iddiaçı ödənişi Cavabdeh vermədiyini, Büronun kassasına ödədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin 5000 manat məbləğində xidmət haqqı qismində Cavabdeh ödənilməsi barədə mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə təmsil olunan, yaxud müdafiə olunan şəxslə vəkilin təhkim olunduğu Büro arasında bağlanır. Vəkil isə müqavilədə göstərilən öhdəlikləri icra edir. Təqdim olunmuş 246548 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, hüquqi yardım almaq üçün ödənilmiş 5000 manat vəsait Cavabdeh yox, Bakı şəhəri 9 saylı vəkil Bürosuna ödənilmişdir. Belə olan halda iddiaçı ödədiyi vəsaiti Bakı şəhəri 9 saylı vəkil Bürosundan tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi Cavabdeh qarşı irəli sürməyə subyektiv hüququ yoxdur. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-4278/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4278/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver