Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4289/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10 iyul 2019-cu il tarixli 029L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 11 dekabr 2019-cu il tarixli 029R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 25 sentyabr 2020-ci il tarixli, 029R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11 noyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2362,92 manat ödəmiş, onun 7637,08 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16 sentyabr 2021-ci il tarixə 309 gün üçün hesablanmış faiz borcu 2018,24 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 %-i məbləğində cərimə ödəməlidir. 16 sentyabr 2021-ci il tarixə 309 gün üçün hesablanmış cərimə 2282,05 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 029R********** saylı kredit razılaşması üzrə 7637,08 manat məbləğində kredit borcunun, 2018,24 manat məbləğində faiz borcun və 2282,05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11937,37 məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələblərini müdafiə etdiklərini, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edib, izahatında bildirdi ki, o, banka borclu olduğunu qəbul edir, yeni açılacaq qrafik əsasında borcunu ödəməyə razıdır. Sadəcə olaraq, pandemiya səbəbindən kredit borcunu ödəyə bilməmiş, yubanmalar olmuşdur. İddia tələbini cərimə hissəsində qəbul etmir, xahiş edir ki, həmin cərimənin azaldılması üçün ona köməklik göstərilsin. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişləri cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 57 saylı Mənzil Kommunal İstismar Sahəsinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 147-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli, 029L**********18 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, 150000 (yüz əlli min) manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq “kredit razılaşmaları” ilə müəyyən edilir; - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, 029L**********18 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 029R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq 2,1667 faiz ödəmək şərtilə, 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 12 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; -Məxaric qəbzindən görünür ki, həmin tarixli kredit müqaviləsi üzrə 10000 (on min) manat məbləğində pul İddiaçı QSC tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür; - İddiaçı QSC-nin 08 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - 20 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı QSC-nin 21 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 029R********** saylı kredit razılaşması üzrə 16 sentyabr 2021-ci il tarixinə 7637,08 manat əsas borcu, 2018,24 manat faiz borcu, 2282,05 manat cərimə borcu (gecikdirilmiş 309 gün üçün) olmaqla, cəmi 11937,37 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli, 029L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, 150000 manat məbləğində kredit xətti açılmış, həmin müqavilə üzrə 029R********** saylı kredit razılaşmasına əsasən ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12 ay müddətinə, aylıq 2,1667 faiz ödəmək şərtilə, 10000 manat məbləğində kredit verilmişdir. Müqavilə əsasında bağlanmış razılaşma üzrə pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərinin icrasının təminatı kimi, İddiaçı QSC ilə Cavabdeh2 arasında 10 iyul 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərilərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə razılaşma ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı QSC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə tədqiqinə əsasən məhkəmə belə qənaətə gəlir ki, tələb olunan əsas borcun və faiz borcunun tutulması üçün qanuni əsaslar vardır, lakin işin halları nəzərə alınaraq, iddiaçının tələb etdiyi 2282,05 manat cərimə (dəbbə pulu) 7637,08 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11 dekabr 2019-cu il tarixli 029R********** saylı kredit razılaşması üzrə 7637,08 manat əsas borc, 2018,24 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 10155,32 manat borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 dekabr 2019-cu il tarixli, 029R********** saylı kredit razılaşması üzrə 7637,08 manat əsas borc, 2018,24 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 10155,32 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-4289/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4289/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver