Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4357/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsəova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin (Ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 Müseyı̇ b oğlunun və Cəbı̇ yev Yaşar Təhməz oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Müseyı̇ b oğluna və Cəbı̇ yev Yaşar Təhməz oğluna qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 Müseyı̇ b oğluna və Cəbı̇ yev Yaşar Təhməz oğluna qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 3.316,16 manat əsas, 837,72 manat faiz, 2.056,27 manat cərimə, borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 31.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05.05.2017-ci il tarixli 2(007)-3290/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Məhkəmə əmri Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli 2(007)-3290/2017 saylı qərardadı ilə ləğv edilmiş və işin iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, cəmi 6.789,62 manat - bundan 3.316,16 manat əsas, 453,29 manat faiz, 2.153,53 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 866,64 manat faiz borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O həmçinin qeyd etdi ki, kredit müqaviləsi 2014-cü ildə bağlanmış və müqavilənin müddəti 2016-cı il tarixdə bitmişdir. Cavabdeh2 zaminlik müqaviləsində göstərilmiş 1500 manata imza atmışdır. Əgər tərəflər borcu ödəsəydi adları borcu olan şəxslərin sırasında görünməzdi. Tərəflərin yaşadığı və qeydiyyatda olduqları ünvanlarına borcları ilə bağlı bildirişlər göndərilmişdir. Məhkəmə iclasında cavabdeh Cəbı̇ yev Yaşar Təhməz oğlu iddianı qəbul etmədiyini, daha əvvəlki məhkəmə iclaslarından xəbəri olmadığını, iddiaçı tərəfindən axtarışa verildikdən sonra borcunun olmasından xəbəri olduğunu, krediti 1 illik müddətə, 1500 manat məbləğində pul götürdüklərini, 2015-ci ildə bankın nümayəndəsinin ona zəng edərək 215 manat borcun qaldığını bildirdiyini, Cavabdeh1 isə pulun hamısını ödədiyini dediyini bildirmişdir. O, bankda o vaxtları 1500 manata zamin durmuş, ancaq icra məmuru onu çağırdıqdan sonra 5000 manata zamin durmağı ilə bağlı ona sənəd göstərmişdir. Həmçinin onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına görə xəstə olan valideynlərini müalicə üçün başqa ölkəyə apara bilmədiyini qeyd etdi. Məhkəmə iclasında Cavabdeh1 Müseyı̇ b oğlu borcu bankda işləyən Namiq və Elnur adlı şəxslərə, Azadlıqda yerləşən filiala ödədiyini, kredit üzrə borcunun olmaması barədə ona təmizlik kağızının verilməsini, ancaq üstündən uzun müddət keçdiyi üçün kağızları itirdiyini, ödənişdən sonra isə ölkəni tərk etdiyini, borclarla bağlı hər hansı məlumat almadığını bildirdi. Həmçinin o, hazırda ödəniş etməsini təsdiq edə bilməməsini, buna görə də əsas borcu və faizləri qəbul etməsini, cərimə və əldən çıxmış fayda ilə bağlı iddia tələbini qəbul etməməsini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2014-cü il tarixli, 106 saylı kredit müqaviləsindən görünür ki, “Bank” tərəfindən “borcalan”a 24 ay müddətinə, illik 26 faiz olmaqla, 5000 manat məbləğində pul ayrılmışdır. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 31 iyul 2014-cü il tarixli, 106-1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - LPO İddiaçı ASC-nin 18.01.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31.07.2014-cü il tarixli, 106 saylı kredit müqaviləsi üzrə 3.316,16 manat əsas borc, 837,72 manat faiz borcu, 2.056,27 manat cərimə borcu olmaqla, ümumilikdə 6,210.15 manat pul məbləğində borcu vardır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05.05.2017-ci il tarixli, 2(007)-3290/2017 saylı Əmrdən görünür ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Müseyı̇ b oğluna və Cəbı̇ yev Yaşar Təhməz oğluna qarşı “borcun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsi” tələbinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.316,16 manat əsas, 837,72 manat faiz, 2.056,27 manat cərimə, cəmi 6210,15 manat məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulması əmr edilmişdir. - Cavabdeh2 tərəfindən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə yazılmış 02.09.2021-ci il tarixli izahatdan görünür ki, Cavabdeh2 icra sənədinin icrası ilə bağlı heç bir yerdə işləmədiyi və imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini və hissə-hissə ödəyəcəyini bildirmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 13.07.2021-ci il tarixli borclunun axtarışı haqqında Qərardan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, məhəllə 20-70-77 ünvanında qeydiyyatda olan borclu Cavabdeh2 barəsində axtarış elan olunması qərara alınmışdır. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)-1541/2016 saylı, 13.04.2016-cı il tarixli qərarına əsasən İddiaçı ASC-yə ləğvedicisi qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. - 18.11.2015-ci il tarixli borclu Cavabdeh1 və zamin Cavabdeh2 göndərilmiş bildirişlərdən görünür ki, Bank tərəfindən onlara 1177,72 manat əsas borc, 254,73 manat faiz borcu olmaqla, ümumilikdə 1432,45 manat pul məbləğində borcu olduğu qeyd olunmuşdur. - LPO İddiaçı ASC-nin 25.10.2021-ci tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31.07.2014-cü il tarixli, 106 saylı kredit müqaviləsi üzrə 3.316,16 manat əsas borc, 453,29 manat faiz borcu, 2.153,53 manat cərimə borcu, 866,64 manat AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 866,64 manat faiz borcu olmaqla, ümumilikdə 6,789,62 manat pul məbləğində borcu vardır. - 03.05.2017-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün LPO İddiaçı ASC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 31.07.2014-cü il tarixli, 106 saylı kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq İddiaçı ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış 31.07.2014-cü il tarixli, 106- 1 saylı zaminlik müqaviləsinə əsasən, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinə əsasən, iddiaçı cəmi 6.789,62 manat - bundan 3.316,16 manat əsas, 453,29 manat faiz, 2.153,53 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 866,64 manat faiz borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC ilə bağladığı 31.07.2014-cü il tarixli, 106 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 LPO İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı bank tərəfindən tələb olunan cərimə (dəbbə pulu), əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 31.07.2014-cü il tarixli, 106 saylı kredit müqaviləsi üzrə 866,64 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)- 1541/2016 saylı, 13.04. 2016-cı il tarixli qərarına əsasən İddiaçı ASC-yə ləğvedici qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Hüquqi nəticə etibarı ilə 13.04.2016-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti 31.07.2016-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 31.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Müseyı̇ b oğlundan və Cəbı̇ yev Yaşar Təhməz oğlundan müştərək qaydada "xxxx" ASC-nin (Ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 3316,16 manat əsas borc, 453,29 manat faiz borcu, 20 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 20 manat vəsait olmaqla, ümumilikdə 3809,45 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 31.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Müseyı̇ b oğlundan və Cəbı̇ yev Yaşar Təhməz oğlundan müştərək qaydada "xxxx" ASC-nin (Ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 3316,16 manat əsas borc, 453,29 manat faiz borcu, 20 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 20 manat vəsait olmaqla ümumilikdə 3809,45 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4357/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4357/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver