Məhkəmə qərarları › İş №2(007)-438/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-438/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-438/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 İspəndiyar qızının iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 7950,92 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 28 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 19 noyabr 2021-ci ilədək Cavabdeh1 banka 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6684,86 manat əsas borc, 20,2 manat faiz borcu, 6,27 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6711,33 manat borcu vardır. Cavabdeh1 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 6,27 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 3,14 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 ‘‘Yelo Bank” ASC-nin xeyrinə müştərək qaydada 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6684,86 manat əsas borc, 20,2 manat faiz borcu, 3,14 manat cərimə borcu olmaqla cəmi 6708,20 manat borcun və 87,08 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, buna görə də məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edib izahatında bildirdi ki, digər Cavabdeh1 onun qohumudur o krediti Xoşbəxtin adına götürsə də əslində krediti onun üçün götürüblər və ödənişi özü edir. Əvvəllər hissə-hissə olmaqla qrafik üzrə ödənişləri etsə də, sonradan pandemiya səbəbindən ödəniş edə bilməmişdir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 24-MZ- 1-0-428-14 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz ödəmək şərtilə, 7950,92 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 60 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 28 noyabr 2019-cu il tarixli, 24-MZ-1-0-428-14 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 hər ayın 28-dən gec olmayaraq 60 ay müddətinə ilk 12 ayı 6.63 manat, qalan ayları 169.05 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 24-MZ-1-0-428-14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinin 4.1.1-ci bəndinə əsasən, müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. - İddiaçı ASC-nin 03.11.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Yelo Bank ASC ilə Cavabdeh1 arasında bağlanan 28 noyabr 2019-cu il tarixli, 24-MZ-1-0-428- 14 saylı kredit müqaviləsinə əsasən borc alana 7950.92 AZN manatı məbləğində illik 1 % olmaqla 60 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq Yelo Bank ASC-yə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Borcludan borcun xəbərdarlıq məktubu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı banka tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borclunun digər daşınar və daşınmaz əmlaklarınıza yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 28 noyabr 2019-cu il tarixli, 24-MZ-1-0- 428-14 saylı kredit müqaviləsi üzrə 19.11.2021-ci il tarixə İddiaçı ASC-yə 6684.86 manat əsas borc, 20.2 manat faiz borcu və 6.27 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6711.33 manat borcu vardır. - 23 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 87,08 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 24-MZ-1-0-428-14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz ödəmək şərtilə, 7950,92 manat məbləğində kredit verilmişdir. Müqavilə əsasında həmin pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında 28 noyabr 2019cu il tarixli, 24-MZ-1-0-428-14 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmişlər, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişlər və nəticədə cavabdehlərin iddiaçıya 6684.86 manat əsas, 20.2 manat faiz, 3.14 manat cərimə borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli 24-MZ-1-0-428-14 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 28.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6684,86 manat əsas borc, 20,2 manat faiz borcu, 3,14 manat cərimə olmaqla, cəmi 6708,20 manat borc və 87,08 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli 24-MZ-1-0- 428-14 saylı kredit müqaviləsi ləğv edildin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 28.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6684,86 manat əsas borc, 20,2 manat faiz borcu, 3,14 manat cərimə olmaqla, cəmi 6708,20 manat borc və 87,08 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar