Məhkəmə qərarları › İş №2(007)-4566/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4566/2025

19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4566/2025 19.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən onlara məxsus olan avtobusa vurulmuş zərərin 1500 manat dəyərində hissəsinin və məhkəmə rüsumunun tutularaq “Azlənd Plaza’’ MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhəri ərazisində və ətrafında sərnişin daşıma işləri ilə məşğul olmuş və MMC-nin balansında bir çox sayda avtobuslar mövcuddur. Belə ki, MMC-nin balansında olan avtobuslardan **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusa "xxxx" ASC tərəfindən sığorta edilmiş “Toyota Corolla” Minik markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xəsarət yetirmiş və maddi ziyana səbəb olmuşdur. Həmin dəymiş zərərin sübuta yetirilməsi ilə bağlı fotoşəkillər və sürücülər tərəfindən polis idarəsində verilmiş izahatlar Məhkəməyə təqdim edilmişdir. Həmin izahatalarda qeyd edilmişdir ki, 77-FS- 350 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən öz səhlənkarlığı nəticəsində onlara məxsus olan abtobusa zərər vurulmuşdur. Daha sonra tərəflərindən avtobusa dəymiş zərərin ödənilməsi ilə bağlı ‘’Qala Siğorta” ASC-yə müraciət edilmiş və həmin müraciətdə sığorta edilmiş avtomobil tərəfindən onların avtobusuna dəymiş zərərin ödənilməsinin təmin edilməsi ilə əlaqədar müraciət edilmişdir. ASC tərəfindən onlara dəymiş zərər isə 5550 manat dəyərində müəyyən edilmişdir. Beləliklə, onlara dəymiş maddi zərərin məbləği 5550 manat kimi müəyyən edilərək onlara sığorta haqqında qanuna əsasən, proporsional bölgü əsasında 4050 manat ödənilmişdir. Hesab edirlər ki, dəymiş zərərin qalan hissəsini subroqasiya qaydasında yol nəqliyyat hadisəsinin səbəbkarı olmuş, “Toyota Corolla” Minik markalı, **- ES-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tələb etmək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən subyektiv hüquqlarıdır. Yəni, geriyə qalan 1500 manat məbləğində vəsait Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinin müəyyən etdiyi qaydada cavabdehdən tutulmalıdır

İş materialları :

3. İddiaçı MMC-nin tərəfindən verilmiş 01-xx.xx.2025-ci il tarixli, 017053 nömrəli yol vərəqəsindən görünür ki, sürücü X1 idarə etdiyi **-TH-*** nömrəli avtobus texniki baxışdan keçmiş və xəttə çıxmağa icazə verilmişdir.

4. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlamış məktubdan görünür ki, xx.xx.2025-ci il ‘tarixində ‘Azlənd Plaza'' MMC-yə məxsus olan İSUZU markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusuna xəsarət yetirərək maddi ziyan vurulmuşdur. Avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəyən ziyan aşağıdakı kimi hesablanmışdır: cəmi məbləğ 5550 manat təşkil edir. Təyin olunmuş kompensasiya məbləğini İddiaçı MMC-nin hesabına köçürülməsini xahiş etmişdir.

5. xx.xx.2025-ci il tarixli, 12963 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC-nin "xxxx" ASC-də olan hesabına "xxxx" ASC tərəfindən sığorta hadisələri üzrə ödəniş təyinatı əsasında 4080.88 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

6. İddiaçı MMC-yə məxsus xx.xx.2025-ci il tarixli dövrə dair hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixində hesaba 4080.88 manat mədaxil edilmişdir.

7. TP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh “X2” markalı, **-FS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

8. Azərbaycan Respublikası Bakı şəhəri DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 17:45 dəqiqədə Bakı şəhərində baş vermiş toqquşma növlü yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli şəxs olaraq müəyyən edilmişdir.

9. İş materiallarına “Yol nəqliyyat hadisəsinin sxemi” əlavə edilmişdir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən 1500 AZN məbləğində vəsaitin ödənilməsi 10 gün müddətində həyata keçirilmədiyi təqdirdə tərəflərindən məhkəməyə müraciət olunacağı xəbərdar edilmişdir.

11. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 35 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh tələbini qəbul edərək iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

İşin faktiki halı :

17. İddiaçı MMC-yə məxsus “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus "xxxx" ASC tərəfində sığortalanmış “X2” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa zərər dəymişdir.

18. Dəymiş zərər 5500 manat məbləğində qiymətləndirilmişdir.

19. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati cərimə növündə inzibati tənbeh edilmişdir.

20. Dəymiş zərərin 4080.88 manat hissəsi Cavabdeh sığorta edəni olan "xxxx" ASC tərəfindən ödənilmişdir.

21. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirmişdir.

Məhkəmənin mövqeyi :

22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

23. İddiaçı MMC tərəfindən Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi iddiaçıya məxsus olan “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa “Toyota Corolla” Minik markalı, **-FS-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən zərər vurulması ilə əsaslandırılmışdır.

24. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

25. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli” qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. Müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.

28. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.

29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

30. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

31. Məhkəmə qeyd edir ki, işin faktiki halları baxımından iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” dair müddəaları nəzərdən keçirilə bilər.

32. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

34. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

35. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə İddiaçı MMC -yə zərər vurulması, zərərin Cavabdeh qanunsuz, təqsirli hərəkəti nəticəsində vurulması, cavabdehin qanunsuz hərəkəti ilə zərər arasında səbəbli əlaqə olması işin mübahisəsiz hallarıdır.

36. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, iddiaçının qanuni sahibliyində olan “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa Cavabdeh təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

37. Zərərin miqdarı ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1500 məbləğində pul vəsaitinin tutulması tələbi irəli sürülmüş və cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. 38 Məhkəmə Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli borcu qəbul etməsinə dair ərizəsinə münasibət bildirirək qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehlərin iddianı etirafı qəbul olunmalıdır.

39. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

40. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

41. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus nəqliyyat avsitəsinə zərər dəydiyi müəyyən edildiyindən və cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddiaçının cavabdehdən 1550 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməlidir.

Məhkəmə xərcləri.

42. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

43. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi qismində 1500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 1500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar