Məhkəmə qərarları › İş №2(007)-46/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-46/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-46/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 87,89 manat əsas kredit borcu, 10,42 manat məbləğində faiz borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 128,71 (yüz iyimi səkkiz manat yetmiz bir qəpik) manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 26% ödəmək şərtilə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "Unibank“ KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə münasibətdə etiraz və etiraza əlavələr təqdim edərək məhkəməyə təqdim olunmuş sənədlərin qeyri-dəqiqliyi nəzərə alınaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Etiraz və etiraza əlavələr onunla əsaslandırılmışdır ki, məhkəməyə daxil olmuş iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. xx.xx.2014-cü ildə Albalı kart vasitəsi ilə ona 500 (beş yüz) manat kredit verilmişdir. O, hər ay ödənişlərini vaxtında ödəmiş, heç vaxt gecikmələr etməmişdir. Ona 23 aprel ərəfəsində ona göndərilən bildirişdə 88 manat kredit borcunun olması bildirilmişdir. O, hər ay kredit borclarını ödədiyi halda müqavilənin bitməsinə 20 gün qalmış ona kredit borcunun olduğunu bildirmişlər. O, bununla bağlı 3 dəfə "xxxx" KB ASC-nin Şöbə və Baş idarəsində olsa da, kredit borcunun yaranması barədə məlumat verməkdən imtina edilmişdir. Onlardan müvafiq səədlərin verilməsini xahiş etdiyi halda Cavabdeh oxunması mümkün olmayan və müqavilədəki “1.3 maddəsinin” silindiyi bir müqavilə forması vermişlər. Müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, borcalan müqavilənin 1.3-cü bəndində hesablanmış qaydada borcunu ödəməlidir. Məhkəmənin təkidlərinə baxmayaraq iddiaçı tərəf yenə də müqavilənin 1.3-cü bəndinin göstərilməsini təmin etməmişdir. "xxxx" KB ASC məhkəməyə iddia ərizəsində onun cəmi 98,31 manat borcu olduğun qeyd etmişdir. Halbuki, onun ödəniş etdiyi məbləğlə təqdim edilən sənədlərdən aydın görünür. Belə ki, o, 2014-cü ildə 100 manat, 2015-ci ildə 356 manat, 2016-cı ildə 303 manat, 2017-ci ildə 217 manat, 2018-ci ildə 153 manat, 2019-cu ildə 121 manat, 2020-ci ildə 79 manat, 2021-ci ildə 20 manat pul ödəmişdir. Bununla da, onun xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1349 manat ödəniş etdiyi müəyyən olunmuşdur. Yəni ona 500 manat kredit verərək ondan əlavə 849 manat pul tələb etmişlər. Həmçinin məhkəməyə təqdim edilmiş müqaviləyə o imza etməmişdir. Bu sənədləri "xxxx" mərkəzi ofisində də oxuya bilməmişlər. Həmçinin istehlak krediti 84 aya verilə bilməz. Çünki bankdaxili qaydalara uyğun olaraq 10000 manata qədər istehlak kreditləri 35 ay müddətinə verilir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 500 manat kredit verildiyi bildirilsə də, bankın portalında ona 350 manat kredit verilməsi qeyd olunmuşdur. Bank məhkəməyə kvadrat müqaviləsinin oxunan variantını və ödəniş cədvəlini versin. Həmçinin əgər onun kredit borcu olmuşdursa niyə 2020-ci ilin avqust və 2021-ci ilin fevral ayında ona 2-ci dəfə kredit verilmişdir. Belə ki, bankdaxili qaydalara görə kredit borcu olan vətəndaşlara yeni kredit verilməsi qadağandır. Məhkəmə iclasında Cavabdeh etiraza və etiraza əlavələrin məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini, ekspert tərəfindən rəyin artıq ödəmə hissəsində düzgün verilmədiyini, onun tərəfindən 600 manat artıq ödənildiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, ona xx.xx.2014-cü il tarixdə “Albalı” kart vasitəsi ilə 500 manat kredit verilmiş, o pulu çıxardıb istifadə etmiş, ona verilən cədvəl əsasında hər ay ödənişlərini vaxtında etmiş və onun heç vaxt gecikmələri olmamışdır. Ona borc məbləği SMS olaraq gəlmiş və o d aonun əsasında ödəniş etmişdir. O, sonuncu dəfə 1 manat ödəniş etmişdir. Bank ona sənəd vermişdir ki, o, 1349 manat pul ödəmişdir. Onun hazırda banka heç bir borcu qalmamışdır. O, banka kredit borcunun yaranması barədə müraciət etsə də, onlar ona məlumat verməkdən imtina etmişlər, ona oxunması mümkün olmayan müqavilə təqdim etmişdir. İstehlak krediti 84 aya verilə bilməz, buna bankın ixtiyarı yoxdur, bank 35 aya kredit verməlidir. Bank müqavilədə müddət də müəyyən etməmişdir, Bankın əməkdaşları saxtakarlıq etmişlər, onlar orada hesablamaları səhv aparmışlar. Bank portalda ona əlavə 350 manat saxta kredit yazmış, oradakı 88 manat vəsaitdə həmin saxta kreditin faizidir. O, məhkəməyə təqdim edilmiş kredit müqaviləsinə imza atmamışdır, həmin müqavilə onun müqaviləsi deyil, amma yenə də iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsinə ehtiyac görməmişdir. Həmçinin müqavilədə 1.3-cü maddə də yoxdur, lakin iddiaçı həmin maddəyə əsaslanır. İddiaçının verdiyi müqaviləni bankın baş idarəsində belə oxuya bilməmişlər, həmin müqaviləni o, necə oxusun? İddiaçı məhkəməyə saxta sənəd vermişdir. Belə ki, iddiaçı onun bankdan 500 manat götürməyi ilə bağlı sənəd təqdim etsin, müqavilədə yazılan borcun müəyyən olunmuş qaydada faizi ilə birlikdə qaytarılması qaydasını ona göstərsin. İddiaçı məhkəməyə mübahisəli müqavilənin əslini təqdim etməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə tərəfindən ərizə ünvanlanaraq qarlı hava şəraiti ilə əlaqədar nəqliyyat problemini nəzərə alaraq məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Mülki iş üzrə məhkəmənin 4-cü baxış iclası keçirildiyindən, mülki işin təxirə salınmasının işin lüzumsuz uzadılması ilə və bu halın qarşı tərəfin hüquqlarının pozulması ilə nəticələnəcəyindən məhkəmə həmin vəsatətin təmin edilməmsi qənaətinə gəlmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, müştəriyə kredit kartı verilmişdir. Onlar borcun olması ilə bağlı məhkəməyə maliyyə arayışı təqdim etmişlər. Kredit müqaviləsində 1.3-cü maddənin olmaması isə texniki səhv olmuşdur. O, ekspert rəylərinin məhkəməyə təqdim edilmiş sənədlərlə ziddiyyət təşkil etdiyini qeyd etmiş və rəylərlə razı olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 84 ay müddətinə illik 26 faiz ödənilmək şərti ilə 500 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh banka 87,89 manat əsas, 10,42 manat faiz, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 98,31 manat borcu vardır. İddiaçı həmin borc məbləğini məhkəmədən tələb etmiş, cavabdeh məhkəməyə etiraz verərək borc məbləğini ödədiyini bildirmişdir. Məhkəmə qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2022-ci il tarixli, 9/2297 saylı rəyi ilə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 2019tkSTB2/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq xx.xx.2014cü il tarixli, 2019tkSTB2/14 KB ASC olan borcun tam ödənildiyi və 235,12 manat məbləğində artıq ödəniş olduğu müəyyən olunmuşdur. Tərəflər həmin rəy ilə razılaşmadıqları üçün məhkəmə tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4995 saylı rəyi ilə qeyd edilmişdir ki, Ekspertiza təyini haqqında qərarda ekspert qarşısında Cavabdeh xx.xx.2014-cü il tarixli, 2019tkSTB2/14 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" KB ASC-yə xx.xx.2021-ci il tarixə və ekspert rəyi verilən tarixə (2019- cu ilin yanvar ayından 2021-ci ilin noyabr ayınadək olan dövr də daxil olmaqla) hansı məbləğdə kredit borcu yaranması haqqında sual qoyulmuşdur. Qeyd edilir ki, hazırki rəyin cədvəl məlumatlarından göründüyü kimi Cavabdeh xx.xx.2014-cü il tarixli, 2019tkSTB2/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019- cu il tarixdən etibarən borcunun olmadığı və artıq ödənişlərinin olması müəyyən edilmişdir. Daha sonra iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7953 saylı rəyi ilə də müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 13 may 2014-cü il tarixli 2019tkSTB2/14 saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" ASC-yə borcu müəyyən edilmir. O cümlədən qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 13 may 2014-cü il tarixli 2019tkSTB2/14 saylı kredit xətti müqaviləsi üzrə sualda qeyd edilən tarixlərə, yəni xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərə 224,34 manat məbləğində artıq ödənişin olduğu müəyyən olunur. Həmçinin, iş materiallarından göründüyü kimi Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 13 may 2014-cü il tarixli 2019tkSTB2/14 №-li kredit xətti müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. Məhkəmə araşdırması nəticəsində həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsində 1.3-cü bənd qeyd edilməmişdir. Həmin müqavilənin 3.1-ci bəndində isə qeyd edilmişdir ki, müştəri bu müqavilə üzrə ödənişləri “ödəmə müddəti” ərzində ödəməlidir. Kreditin verildiyi tarix olmaqla növbəti ayın həmin tarixi və sonrakı 40 gün “ödəmə müddəti” adlanır. (məsələn kredit hər hansı ayın 12-si verilib. Kreditdən istifadə edən şəxs hər növbəti ayın 12-dən o biri ayın 22-dək 1.3 maddəsində hesablanılmış qaydada borcunu ödəməlidir). Bununla bağlı məhkəmə tərəfindən "xxxx" KB ASC-yə sorğu verilərək müqavilənin və hesabdan çıxarışın məhkəməy təqdim olunması istənilmiş, iddiaçının nümayəndəsi tərəfindən müqavilədə 1.3-cü bəndin olmamasının texniki səhv olması bildirilmişdir. "xxxx" KB ASCnin xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixində müqavilə üzrə 35 ay müddətinə ilkin 500 manat məbləğində kredit kartı rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsi və təqdim olunmuş ödəniş şərtləri razılaşdırılaraq cavabdehin imzası ilə təsdiqləndiyini, məhkəmə qərarı olmadan müraciətlərinə yekun qərarın verilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ilk öncə qeyd edir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması, banka artıq ödəniş etməsi inkar olunmur, iddiaçı tərəfindən də bunu inkar edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən ekspertizanın qeyd edilən rəylərinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş eyni ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və başqa ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyləri ilə Cavabdeh hazırda heç bir borcu olmadığı, cavabdehin artıq ödənişlər etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə cavabdehin kredit müqaviləsinə imza çəkməməsi, kredit müqaviləsində 1.3-cü bəndin olmamasının həmin müqavilənin saxta olmasına gətirib çıxarması, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ona 500 manat deyil də, 350 manat kredit verilməsi, 84 ay müddətinə istehlak kreditinin verilməsinin bankdaxili qaydaları pozması barədə dəlillərinə münasibətdə qeyd edir ki, ilk öncə məhkəmə tərəfindən həmin imzanın cavabdehə məxsus olmasının müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi təklif olunsa da, cavabdeh tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə etiraz edilmişdir. Kredit müqaviləsinin 84 ay müddətinə bağlanması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət olmamışdır, eyni zamanda müqavilənin 84 ay müddətinə bağlanması və müqavilədə 1.3-cü bəndin olmaması, müqavilənin 1.3-cü bəndində ödəniş qaydalarının öz əksini tapmalı olmasına baxmayaraq, həmin qaydanın müqavilədə əks olunmaması tərəflər arasında kredit münasibətlərinin olmamasını deməyə əsas vermir. Hansı ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanaraq tərəflər öz üzərlərinə öhdəliklər götürmüşlər. Cavabdeh də ona verilmiş vəsaitə görə ödəniş cədvlərinə əsasən müqavilə üzrə borclarını ödəyərək həmin müqaviləni qəbul etmiş və üzərinə düşən öhdəliyi yerinə yetirmiş və borc məbləğindən də artıq ödəniş etmişdir. Beləliklə, cavabdeh bildirdikləri ilə kredit müqaviləsini təkzib etsə də, iş materiallarına əlavə edilmiş sənədlər ilə cavabdehin həmin kredit müqaviləsinin şərtlərini qəbul etməsi və bunun nəticəsindən həmin müqavilə üzrə ödənişlər etməsi öz əksini tapmış, bunları cavabdeh öz izahat və etirazında da təsdiq etmiş, eyni zamanda, cavabdeh tərəfindən həmin dəlillər əsasında mübahisəli kredit müqaviləsi 2014-cü ildən bəri daha öncə məhkəmə qaydasında mübahisələndirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 87,89 manat əsas kredit borcu, 10,42 manat məbləğində faiz borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi ümumilikdə 128,71 (yüz iyimi səkkiz manat yetmiz bir qəpik) manat məbləğində borcun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi üçün sərf olunmuş ümumi 300 manat ekspertiza xərcləri iddiaçı "xxxx" KB ASC-dən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 87,89 manat əsas kredit borcu, 10,42 manat məbləğində faiz borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi ümumilikdə 128,71 (yüz iyimi səkkiz manat yetmiz bir qəpik) manat məbləğində borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 300,00 manat pul "xxxx" KB ASC-dən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************, Adı: X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar