Məhkəmə qərarları › İş №2(007)-465/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-465/2023

13.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-465/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu i təvəllüdlü X12 adlı iki uşaqları anadan olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(041)-729/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliınentin tutularaq ona ödənilməsi qət edilmişdir. 2020-ci ildən hal-hazırkı vaxtadək birgə nikahdan olan uşaqlarının tələbatları artdığından, o, təkbaşına uşaqları saxlamaqda maddi çətinlik çəkir. Cavabdehin kifayət qədər qazancı və gəliri olduğundan, sabit gəlir mənbələri mövcuddur və ondan tutulacaq aliınentin məbləği artırılmalıdır. Hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(041)-729/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməlidir. Qeyd edilənlərə əsasən Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(041)-729/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, həmin iddia tələbini qəbul etmir. Belə ki, onunla İddiaçı Ağasəlim qızı nikahlarını xx.xx.2016-cı il tarixdə qeyd etdirib evlənmişlər. Onunla birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Rümeysa və xx.xx.2019-cu il tarixdə Məsud adlı iki uşaqları olmuşdur. Sonradan iddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyinə görə ayrılmışlar və aralarında bağlanmış nikah Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-720/2010 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən iddiaçı ilə birgə nikahlarından doğulmuş Rümeysa və Məsud adlı uşaqlar iddiaçının yanında saxlanılmış və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər uşağa görə sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Onun hazırda rəsmi iş yeri və sabit qazancı yoxdur, təsadüfi qazancla dolanır. Özü valideynlərinin himayəsində yaşayır, valideynlərinin hər ikisi xəstə olmaqla, onların müalicə olunmaları üçün vəsait lazım olur, lakin imkansızlıqdan onların müalicəsini davam etdirə bilmir. Lakin bütün bunlara baxmayaraq o, Kürdəmir Rayon Məhkəməsinin qətnaməsinə əsasən təyin edilmiş alimenti hər ay iddiaçıya ödəyir. Bundan əlavə, iddiaçının himayəsində yaşayan uşaqları ilə mütəmadi görüşüb ünsiyyət saxlamaqla, onlara qətnamə üzrə təyin edilmiş alimentdən əlavə maddi yadım etməklə, onların digər tələbatlarını da ödəyir, həmçinin lazım olan geyim və digər əşyaları nağd qaydada alıb verir. Hətta uşaqların sağlamlıq vəziyyətləri ilə də mütəmadi maraqlanmaqla oğlu Məsuda lazım olan dərman preparatlarını alıb verərək uşaqlarının qarşısında atalıq borcu ilə bərabər öz valideynlik vəzifələrini yerinə yetirir. Həm də Rümeysa üçün dərmanlar alıb, onu da həkimə aparır. İddiaçı ayrılandan sonra X9 ilə nikahları xx.xx.2021-ci il tarixdə qeyd etdirib evlənmişlər. Onunla birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Humeyra adlı bir qızı olmuşdur və həyat yoldaşı Aytac hazırda ikinci uşağa hamilədir. Rümeysa və Məsudda kifora meyillilik var. Göründüyü kimi birinci nikahdan olan uşaqları ilə bərabər ikinci nikahdan olan ailə və uşağı və xəstə valideynləri ilə bağlı qayğıları iki qat artmışdır. Lakin təsadüfi qazancla dolandığına görə uşaqlarını və ailəsini saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Bütün bunlara baxmayaraq İddiaçı onun maddi vəziyyətində irəliyə doğru hər hansı bir irəliləyişin olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədən yenidən alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu dəfə ondan hər ay hər uşağa görə sabit pul məbləğində 193 manat alimentin alınaraq ona verilməsini xahiş etmişdir. Şərh etdiklərindən görünür o, iddiaçıdan ayrıldıqdan sonra maddi vəziyyəti daha da ağırlaşmışdır. Onun etiraz ərizəsinə əlavə etdiyi rəsmi sənədlərdən göründüyü kimi onun rəsmi iş yeri yoxdur. O, özü ailə üzvlərini təsadüfi qazancla saxlayır və bununla bərabər birinci nikahdan olan Rümeysa və Məsud adlı uşaqlarının hər birinə hər ay sabit pul məbləğində 125 manat olmaqla, 250 manat aliment ödəyir, bundan əlavə, onların digər maddi tələbatlarını da nağd qaydada ödəyir. İddiaçı ilə birlikdə yaşayan uşaqlarının qarşısında atalıq borcunu yerinə yetirməyi özünə borc bilib, onları görmək üçün hər həftə Kürdəmirdən Bakıya gedir, buna görə onun xərci çox çıxır. İddiaçının iddia ərizəsindən belə nəticəyə gəlir ki, o, iddiaçı ilə birgə nikahlarından doğulmuş Rümeysa və Məsud adlı uşaqlarının maddi tələbatlarını ödəməklə bərabər həm də iddiaçının da maddi tələbatını ödəməlidir. Buna isə onun heç bir maddi imkanı yoxdur. Maddi imkanı çox aşağı səviyyədə olduğuna görə etiraz ərizəni məhkəməyə poçt vasitəsi iə göndərmək məcburiyyətində qalmışdır. Həmçinin, iddiaçı iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak barədə arayış əlavə etdiyini qeyd edir. Lakin ilkin mediasiyada iştirakla bağlı iddiaçı tərəfindən ona təklif göndərilməmiş və mediasiya sessiyasında iştirak etmək üçün hər hansı bir Mediasiya təşkilətı tərəfindən ona rəsmi qaydada heç bir məlumat verilməmişdir. Qeyd edilənlərə əsasən onun Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-720/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay İddiaçı hər uşağa görə sabit pul məbləğində 122 manat olmaqla, 250 manat aliment ödəməklə öz valideynlik borcunu yerinə yetirməyini nəzərə alıb İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, məhkəmə qətnaməsi ilə tutulmuş alimneti çətinliklə də olsa ödəyir. Hazırda ikinci dəfə evlənmiş, həmin nikahdan bir uşağı var və bir uşağı da olcaqdır. Keçən ay aliment ödənişindən cəmi 100 manat ödəniş edə bilmiş, bu ay isə ödəməmişdir. Alimenti artıq ödəyə bilmir. Hazırkı dövrdə mövcud olan vəziyyət hamıya məlumdur. Onun daimi gəlir yeri yoxdur. Xəstə valideynləri onun himayəsindədir. İddiaçı işləmir və uşaqların səhhəti və sağlamlığı ilə də məşğul olmur. Qeyd edilənlərə əsasən iddianin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı 944079 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 24 iyul 2017-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV seriyalı 232022 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 21 yanvar 2019-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-729/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 07 iyun 2016-cı il tarixdə bağlanmış və Kürdəmir rayon Qeydiyyat şöbəsində 206 nömrə ilə qeydə alınmış nikahın pozulması, nilahın pozulması Qeydiyyat orqanında qeydə alınarkən X3 15 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi, İddiaçı bu xərcdən azad edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanması, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 18 sentyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AZ-İİ seriyalı 451159 nömrəli nikah haqqında şəhadətnaməni surətindən görünür ki, X13 ilə X10 14 iyul 2021-ci il tarixdə 5 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2692 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Salahov, arvada Salahova soyadı verilmişdir; - AZ-İV seriyalı 658454 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 fevral 2022-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. - KRMX-poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, X9 20 həftəlik hamilədir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə 24 iyul 2017-ci il tarixdə Rümeysa və 21 yanvar 2019-cu il tarixdə Məsud adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(041)-729/2020 saylı qətnaməsinə əsasən Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşaqların saxlanılması üçün 2020-ci ildə hər ay 250 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 2 ildən uzun müddət keçmişdir, bu müddətdə uşaqlar böyümüş, onların tələbatları artmışdır. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2020-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, o, ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan bir övladı var, həyat yoldaşı hazırda hamilədir, həmçinin himayəsində valideynləri var və onlar xəstədir. Məhkəmə göstərilənlərə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqların maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 24 iyul 2017-ci il təvəllüdlü X1 və 21 yanvar 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-729/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 24 iyul 2017-ci il təvəllüdlü X1 və 21 yanvar 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumundan azad edilməli və məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24 iyul 2017-ci il təvəllüdlü X1 və 21 yanvar 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-729/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 24 iyul 2017-ci il təvəllüdlü X1 və 21 yanvar 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar