Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-470/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "İddiaçı" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29.04.2019-cu il tarixli 056L**********39 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən borcalana 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.04.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.01,2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2201.89 manat ödəmiş, onun 1798.11 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07.08.2020-ci il tarixə 214 gün üçün hesablanmış faiz borcu 317.76 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 07.08.2020-ci il tarixə 214 gün üçün hesablanmış cərimə 387.09 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxanda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 1798.11 manat məbləğində kredit borcu, 317.76 manat məbləğində faiz borcu və 387.09 manat məbləğində cərimə borcu olmaqla cəmi 2502 (iki min beş yüz iki) manat 96 (doxsan altı) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 29.04.2019-cu il tarixli 056L**********39 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 29.04.2019-cu il tarixli 056R********** saylı kredit müqaviləsindən görünür ki, cavabdeh kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 12 ay müddətinə hər ayın 04-dən gec olmayaraq 385 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.04.2019-cu il tarixli 056S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, 29.04.2019-cu il tarixli 056R********** saylı kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 05.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,onlar 29.04.2019-cu il tarixli 056R********** saylı kredit müqaviləsi üzrə yaranmış borc tələbinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 29.04.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29.04.2019-cu il tarixə "İddiaçı" QSC-yə 1798.11 manat məbləğində kredit borcu, 317.76 manat məbləğində faiz borcu və 387.09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2502 (iki min beş yüz iki) manat 96 (doxsan altı) qəpik məbləğində borcu vardır. İş materiallarında olan 18.08.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "İddiaçı" QSC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, iddiaçı "İddiaçı" QSC ilə Cavabdeh1 arasında bağlanmış 29.04.2019-cu il tarixli 056R********** nömrəli razılaşmadan görünür ki, kredit razılaşması əsasında cavabdeh 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür.Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka əsas borca görə 1798.11 manat məbləğində kredit borcu, 317.76 manat məbləğində faiz borcu və 387.09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2502 (iki min beş yüz iki) manat 96 (doxsan altı) qəpik məbləğində borcu qalmışdır. Ona görə də iddia əsas borcun və faizlərin tələb olunması hissəsində əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 29.04.2019-cu il tarixli 056R********** nömrəli razılaşma üzrə 387.09 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 387.09 manat məbləğində dəbbə pulu azaldılmalı və 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1798.11 manat əsas borc, 317.76 manat faiz borcu, 30 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu "İddiaçı" QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1798.11 manat əsas borc, 317.76 manat faiz borcu, 30 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu "İddiaçı" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-470/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-470/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver