Məhkəmə qərarları › İş №2(007)-4762/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4762/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4762/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin və müalicə xərclərinin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 22 fevral 2021-ci il tarixdə törətdikləri yol-nəqliyyat hadisəsinə görə avtomobilinə dəymiş zərərə görə 19975 manat, həmin yol-nəqliyyat hadisəsi zamanı sağlamlığına vurulmuş xəsarətin müalicəsinə görə 1700 manat və ödənilmiş dövlət rüsumuna görə 150 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçının tələbinin əsasını cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində ona dəymiş zərərin ödənilməsi təşkil edir, hansı ki, hazırkı halda qeyd olunan məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır; 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda; 181.2.1-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər; 181.3.1-ci maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə görə xərc şəklində özünü göstərir; 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. İddia ərizəsindən göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar məhkəmə-tibbi ekpertizasının rəyi ilə İddiaçı aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər kimi qiymətləndirilmiş, ekspertizanın qeyd olunan rəyi əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılmış və hal-hazırda cinayət işi şöbənin icraatındadır. Qeyd edilməlidir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı İddiaçı qanunvericilikdə müəyyən edilmiş qaydada cinayət mühakimə icraatı zamanı mülki iddiaçı qismində tanınması imkanları itirilməmişdir, cinayət işi hazırda istintaq şöbəsinin icraatında olmaqla cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməmiş və qüvvəyə minməmişdir, təqsirləndirilən şəxsin təqsirlilik məsələsi həllini tapmamışdır. İddiaçı isə cinayət prosessual qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı mülki iddia verməsini, cinayət işi üzrə mülki iddiaçı qismində tanınıb-tanınmaması və bununla bağlı digər sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an mülki iddia ilə bağlı vəsatətlə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin və müalicə xərclərinin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Cinayət mühakimə icraatı zamanı cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an mülki iddia ilə bağlı vəsatətlə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar