Məhkəmə qərarları › İş №2(007)-489/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-489/2024

29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-489/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı2 2006-cı ildə Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində anadan olmuşdur. 2017-ci il tarixdən “Qarabağ” X1 futbolla məşğul olmağa başlamışdır. 2022-ci ildən başlayaraq həmin Futbol Klubunun müdafiəçi mövqeyində əvəzedici heyətin futbolçusu olaraq 3 (illik) müddətinə adı çəkilən FK-a ilə müqavilə bağlamışdır. Həmçinin bildirir ki, o, U-19 Azərbaycan yığmasının əsas heyətinin futbolçusudur. 2017-ci ildən bugünədək istər “Qarabağ” Futbol Klubunun, istərsə də yığma komandanın heyətində dəfələrlə oyunda iştirak etmişdir. Hər dəfə oyundan öncə bütün futbolçular kimi o da, həkim müayinəsindən keçmişdir. Bugünədək müayinələrin hər birindən sağlam olmağı barədə həkim tərəfindən müvafiq rəy verilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində müayinə olunarkən Cavabdeh Beynəlxalq Hospitalın həkimi Azər Quluzadə tərəfindən Kluba verilmiş rəyə əsasən onun sağlam olmadığı və futbol oynaya bilməyəcəyi bildirilmişdir. Bundan sonra dəfələrlə hansı səbəbdən futbol oynaya bilməyəcəyini həkimdən soruşsa da, təkrar müayinə edilməyini tələb etsə də, ona dəqiq məlumat verilməmiş və təkrar müayinə edilməmişdir. Bunun nəticəsində isə Futbol Klubu onu oyuna buraxmır. Həkimin tərtib etdiyi rəy nəticəsində ona maddi ziyan və mənəvi zərər dəymişdir. Həmin rəy qanunsuz və əsassızdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona 500 manat məbləğində maddi ziyan, 300 manat məbləğində isə mənəvi ziyan dəymişdir. Göründüyü kimi, Cavabdeh Beynəlxalq Hospitalının ona qarşı etdiyi qanunsuz, əsassız əməlləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulması sübut olunur. Göstərilənlərə əsasən, Cavabdeh Beynəlxalq Hospitalından mənəvi zərərin əvəzinin ödənilməsi üçün 300 manat pul və maddi ziyana görə 500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət göstərmişdir ki, iddia ərizəsində qeyd olunan irad və tələblərin həm hüquqi olaraq, həm də tibbi cəhətdən tamamilə əsassız olduğunu bildirir, tələbin tam rədd olunmasının qanunauyğun olacağını hesab edirlər. Belə ki, Qarabağ FK-nın oyunçusu olan İddiaçı2 Cavabdeh MMC-yə (Hospitala) ilk dəfə xx.xx.2022 tarixində “bir neçə gün öncə futbol maçı sonrası emosional gərginlik fonunda ortaya çıxan bayılma şikayətləri ilə” klub həkiminin müşayiəti ilə müraciət etmişdir. Həkim tərəfindən toplanan anamnestik məlumatlar detallı araşdılmış və bayılma olaraq tərif etdikləri klinik mənzərənin (daha əvvəllər də baş verən, təkrarlayan halın video görüntüsü də əlavə edilir) əslində ani düşmə/yıxılma, yuxarı və aşağı ətrafların konvulsif səyirməsi və ardından davam edən letargiya olduğu anlaşılmışdır. Oyunçu (bundan sonra mətndə - “xəstə” adlandırılacaq) özü isə baş verənləri xatırlamırdı və oyandıqdan sonra gün boyu halsız olduğunu bildirirdi. Həmçinin travma almadığını bilinən hər hansı bir xronik xəstəliyinin olmadığını bildirmiş, nevroloji müayinəsi normal olaraq dəyərləndirilmişdir. Eyni zamanda xəstənin neyrojenik sinkop (özəlliklə epileptik tutma) və kardiojenik sinkop baxımında araşdırılması planlaşdırılmış və qanın biokimyəvi analizi, beyin MRT və EEQ çəkilməsi tələb olunaraq, həmçinin Exo, Efor testləri, Ritm Holter çəkilməsi üçün kardioloq müayinəsindən keçməsi məsləhət görülmüşdür. Xəstə xx.xx.2022-ci il tarixdə təkrar müraciət etmiş və müayinəsində qanın biokimyəvi analizi dəyərləri normal olaraq görülmüş, beyin MRT nəticəsində patolojik dəyişiklik izlənməmişdir. Həmin tarixdə çəkilən EEQ müayinəsində isə aralıqlı fotik stimulyasiya sonrası ortaya çıxan bilateral frontosantralda qısa müddətli tikan dalğa deşarjları mövcud olsa da hemisferal assimmetriya izlənilmədiyinə görə xəstəyə 1 ay sonra təkrar “yuxu EEQ müayinəsi” çəkilməsi planlanlaşdırılmış və mütləq kardioloq müayinəsindən keçməsi də tələb edilmişdir. Xəstənin növbəti müayinəsi planlaşdırıldığı kimi 1 ay sonra (xx.xx.2022) “kontrol yuxu EEQ-si çəkilməklə” həyata keçirilmişdir. Çəkilən kontrol EEQ də - “bilateral frontosantral da özəlliklə solda basqın aralıqlı fotik stimulyasiya ilə artan tikan dalğa deşarjları” izlənilmişdir. EEQ də izlənilən epileptiform deşarjların mənası daha öncəki tarixdə də (05.11.22) olduğu kimi izah edilmiş, mövcud vəziyyət barədə klub həkiminə də məlumat verilmişdir. Növbəti tarixlərdə kontrollarına gəlməyən xəstə təqribən 1 il sonra təkrar futbol maçı sırasında başına alınan zərbədən sonra epileptik tutma olması səbəbiylə yenə də klub həkimi tərəfindən xx.xx.2023-cü il tarixində Bona Dea-ya müayinəyə gətirilmişdir. Klub həkimindən alınan məlumatda ölkə xaricində keçirilmiş qıcolma zamanı xəstə xəstəxanaya aparılmış ilkin yardımlar olunmuş və beyin KT çəkilmişdir. Çəkilən beyin KT də kəskin patolojik dəyişikliklər izlənilməmişdir. Xəstənin təkrar müraciəti zamanı nevroloji müayinəsi icra edilmiş və qaraciyər enzimləri elektrolitlər və digər qan analizləri təkrar istənilmiş, nəticələr normal olaraq müşahidə edilən xəstəyə diaqnoza uyğun müalicə məqsədilə “tegretol cr 200 mg 2*1 po başlanıldı, 3t epilepsiya protokolu ilə MRT çəkilməsi planlaşdırılmışdır və 1 ay sonra təkrar kontrol EEQ, serum carbamazepin düzeyi, hemogram qaraciyər enzimləri və elektyrolit səviyyəsinə baxılacağı bildirilərək kontrol müayinəyə gəlməsi məsləhət görülmüşdür. Ayrıca qeyd etmək istəyir ki, beyin mənşəli patalogiyalarda diaqnozun dəqiq təyini və effektiv müalicə metodlarının seçimi üçün xəstənin mütəmadi olaraq təkrari kontrollarda olması, müşahidə altında tutulması şərtdir və mütləqdir! Antiepileptik başlanılan pasientə epileptik tutmaların kardiyak ritmi poza biləcəyindən həyatı təhlükəli olması bildirildi, düzənli şəkildə antiepileptik dərmanlarını qəbul edərək ən az 2 il müddətində epileptik tutmaları olmazsa və 3 ay fasilələrlə çəkilən son 3 EEQ müayinəsi nəticəsinin normal olacağı təqdirdə futbola bəzi vacib şərtlərə riayət edilərsə (topa başla zərbədən sonra epileptik tutması olduğu üçün daima qoruyucu kask taxması, oynanılacaq hər futbol maçlarında və məşqlərdə acil müdaxilə edə biləcək sağliq briqadası və ambulansın hazır tutulması) futbol karyerasına davam edə biləcəyi bildirilmişdir. Yuxarıda qeyd etdiklərindən də açıq şəkildə görünür ki, xəstənin klubuna (Qarabağ FK) verilmiş tibbi rəy tamamilə diaqnostik üsullarla aparılan yoxlamaların, dərin və geniş analizlərin, mütaliələrin nəticəsində qoyulmuş tibbi diaqnoza əsaslanır. Belə olan halda iddiaçının əsassız rəy ilə futbolçuluq kariyerinə son qoyduqlarını iddia etməsi həqiqətən də tərəflərindən anlaşılmamaqla yanaşı, bu cür həyati risk daşıyan xəstəliyinin tapılmasında (dəfələrlə milli və komanda heyətində bayılması, tutması olub) rolu olan həkimlərinə əsassız irad bildirməsi onları dərindən təəssüfləndirir. Eyni zamanda onu da qeyd edir ki, Bona dea Beynəlxalq Hospital ölkədə tibbi xidmətlərin göstərilməsi sahəsində çox əhəmiyyətli bir missiyanı öz üzərinə götürmüş, əsas məqsədi Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını ölkəmizdə təklif etmək, tibb sahəsində ölkəmizin marka dəyəri kimi formalaşmaq olmuşdur. Hal-hazırda Hospital üzərinə götürdüyü bu missiyanı tibbi, inzibati kadr və personalının yüksək səviyyəli bilikləri, gün keçdikçə artan intizamları, işlərində sərgilədikləri əzm və cəfakarlıqları sayəsində layiqincə yerinə yetirir. Məhz bunun nəticəsidir ki, təcrübəli həkimləri tərəfindən həyata keçirilən əməliyyatlar və göstərilən tibbi xidmətlər nəticəsində minlərlə vətəndaşı sağlamlıqlarına qovuşdurulmuş, Bona dea X3 regionunda qərbi Avropa standartlarına uyğun fəaliyyət göstərən ən yaxşı xəstəxanalardan birinə çevrilmişdir. Bundan başqa, X2 son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Hospital dövlət büdcəsindən maliyyələşmir və göstərdiyi tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. X2 vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Tibbi yardımın qarşılığı olaraq ödənilmiş məbləğ göstərilmiş həmin xidmətlərə görə hesablanmış və sərf olunmuşdur. Qeyd olunanlar nəzərə alaraq, iddiaçıya Cavabdeh MMC-də (Hospitalda) göstərilmiş xidmətlərin hər-hansı səhvə və ya səhlənkarlığa yol verilmədən, müasir tələblərə uyğun peşəkarlıqla icra edildiyini bildirir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı1 qızı sonuncu dəfə xx.xx.2024-cü ildə teleqramla məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar üzrlü səbəbə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Bununla əlaqədar, məhkəmə iclası təxirə salınsa da, iddiaçılar İddiaçı1 və İddiaçı2 sonrakı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə mahiyyəti üzrə baxılmasını və yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, etirazında göstərdikləri ilə eyni məzmunlu izahat vermiş və iddianın tamamilə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsinə verilmiş etirazı mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Klub” “Qarabağ” Futbol Klubu ilə “Oyunçu” İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Peşəkar futbol müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini oyunçunun kluba peşəkar oyunçu kimi xidmət etməsi, klubun da oyunçuya bunun müqabilində bu müqavilədə göstərilən şərtlərdə haqq ödəməsi təşkil edir. Oyunçu klubun əvəzedici komandasına bu müqavilədə qeyd edilən şərtlərlə peşəkar oyunçu kimi götürülür. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün məhkəməyə 30 manat dövlət rüsumu ödənilmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş tibbi müayinə sənədlərindən və epikrizlərdən görünür ki, Qarabağ FK-nın oyunçusu olan hazırkı İddiaçı2 Cavabdeh MMC-yə (Hospitala) ilk dəfə xx.xx.2022 tarixində “bir neçə gün öncə futbol maçı sonrası emosional gərginlik fonunda ortaya çıxan bayılma şikayətləri ilə” klub həkiminin müşayiəti ilə müraciət etmişdir. Həkim tərəfindən toplanan anamnestik məlumatlar detallı araşdılmış və bayılma olaraq tərif etdikləri klinik mənzərənin (daha əvvəllər də baş verən, təkrarlayan halın video görüntüsü də əlavə edilir) əslində ani düşmə/yıxılma, yuxarı və aşağı ətrafların konvulsif səyirməsi və ardından davam edən letargiya olduğu anlaşılmışdır. Xəstənin neyrojenik sinkop (özəlliklə epileptik tutma) və kardiojenik sinkop baxımında araşdırılması planlaşdırılmış və qanın biokimyəvi analizi, beyin MRT və EEQ çəkilməsi tələb olunaraq, həmçinin Exo, Efor testləri, Ritm Holter çəkilməsi üçün kardioloq müayinəsindən keçməsi məsləhət görülmüşdür. Xəstə xx.xx.2022-ci il tarixdə təkrar müraciət etmiş və müayinəsində qanın biokimyəvi analizi dəyərləri normal olaraq görülmüş, beyin MRT nəticəsində patolojik dəyişiklik izlənməmişdir. Həmin tarixdə çəkilən EEQ müayinəsində isə aralıqlı fotik stimulyasiya sonrası ortaya çıxan bilateral frontosantralda qısa müddətli tikan dalğa deşarjları mövcud olsa da hemisferal assimmetriya izlənilmədiyinə görə xəstəyə 1 ay sonra təkrar “yuxu EEQ müayinəsi” çəkilməsi planlanlaşdırılmış və mütləq kardioloq müayinəsindən keçməsi də tələb edilmişdir. Xəstənin növbəti müayinəsi planlaşdırıldığı kimi 1 ay sonra (xx.xx.2022) “kontrol yuxu EEQ-si çəkilməklə” həyata keçirilmişdir. Çəkilən kontrol EEQ də - “bilateral frontosantral da özəlliklə solda basqın aralıqlı fotik stimulyasiya ilə artan tikan dalğa deşarjları” izlənilmişdir. EEQ də izlənilən epileptiform deşarjların mənası daha öncəki tarixdə də (05.11.22) olduğu kimi izah edilmiş, mövcud vəziyyət barədə klub həkiminə də məlumat verilmişdir. Antiepileptik başlanılan pasientə epileptik tutmaların kardiyak ritmi poza biləcəyindən həyatı təhlükəli olması bildirildi, düzənli şəkildə antiepileptik dərmanlarını qəbul edərək ən az 2 il müddətində epileptik tutmaları olmazsa və 3 ay fasilələrlə çəkilən son 3 EEQ müayinəsi nəticəsinin normal olacağı təqdirdə futbola bəzi vacib şərtlərə riayət edilərsə (topa başla zərbədən sonra epileptik tutması olduğu üçün daima qoruyucu kask taxması, oynanılacaq hər futbol maçlarında və məşqlərdə acil müdaxilə edə biləcək sağlıq briqadası və ambulansın hazır tutulması) futbol karyerasına davam edə biləcəyi bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “Klub” “Qarabağ” Futbol Klubu ilə “Oyunçu” İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Peşəkar futbol müqaviləsinə əsasən, müqavilənin predmetini oyunçunun kluba peşəkar oyunçu kimi xidmət etməsi, klubun da oyunçuya bunun müqabilində bu müqavilədə göstərilən şərtlərdə haqq ödəməsi təşkil edir. Oyunçu klubun əvəzedici komandasına bu müqavilədə qeyd edilən şərtlərlə peşəkar oyunçu kimi götürülmüşdür. İddiaçı2, sonuncu dəfə xx.xx.2023-cü il tarixində müayinə olunarkən Cavabdeh Beynəlxalq Hospitalın həkimi Azər Quluzadə tərəfindən Kluba verilmiş rəyə əsasən onun sağlam olmadığı və futbol oynaya bilməyəcəyi bildirilmişdir. İddiaçı isə bunun nəticəsində Futbol Klubunun onu oyuna buraxmadığını, həkimin tərtib etdiyi rəy nəticəsində ona maddi ziyan və mənəvi zərər dəydiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin, tələbin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi, onun iddiaçıya ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilməmişdir. Belə ki, Cavabdeh MMC-nin nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən edilmişdir ki, İddiaçı2 səhhəti onun futbol oynamasına maneə yaratdığı müəyyən edilmiş, bu hal tibbi sənədlərlə öz təsdiqini tapmışdır. Bununla da, məhkəmə hesab edir ki, maddi ziyanın cavabdeh tərəfindən yetirilməsi, ziyanın vurulmasında cavabdehin təqsirinin olması məhkəmə iclasında müəyyən olunmadı, ona görə iddia həmin hissədə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçılar tərəfindən onlara maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçılar onlara maddi ziyan vurulması ilə bağlı iddia qaldırmaqla yanaşı mənəvi ziyan vurulması ilə bağlı da iddia qaldırmışdır, bu zaman mənəvi ziyanın həcmini 300 manat həddində müəyyən etmişlər. Nəzərə alınmalıdır ki, iddiaçıların qənaətinə görə mənəvi ziyan məhz maddi ziyanın yetirilməsi ilə bağlı olmuşdur, bundan irəli gəlmişdir, hansı ki, həmin maddi ziyanla bağlı iddia tələbinin əsassız olması və təmin edilməli olmaması məhkəmə iclasında müəyyən edilmişdir. İddiaçılar digər tələbində olduğu kimi özünə mənəvi ziyan vurulmasına dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar