Məhkəmə qərarları › İş №2(007)-49/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-49/2024

05.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-49/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1266 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 32,66 manat dövlət rüsumunun, ümumilikdə 1298,66 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 13:40 radələrində Cavabdeh istifadəsində olan “Kia Sorento” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun istifadəsində və mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ön hissədən zədələnmiş, bununla da ona maddi ziyan dəymişdir. Cavabdeh baş vermiş hadisə nəticəsində vurduğu maddi ziyan və onun məbləği ilə əvvəlcə razılaşsa da daha sonrakı hərəkət və hərəkətsizlikləri ilə dəymiş maddi ziyanı ödəməkdən birmənalı şəkildə imtina etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı cavabdeh barəsində Sabunçu RPİ-in DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixli, “TP5379665” nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən Cavabdeh İXM-in 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Ona məxsus avtomobilə keçirilmiş baxış nəticəsində “Müstəqil Ekspert” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Qüsur aktı“na əsasən dəymiş ziyanın ümumi məbləği 1266 manat miqdarında müəyyən edilmişdir. Qeyd etdiyi kimi cavabdeh öz hərəkət və hərəkətsizlikləri ilə ona dəymiş maddi ziyanı könüllü olaraq ödəmir. Bununla əlaqədar olaraq istifadəsində olan mobil telefon nömrəsinə edilən ardıcıl zənglərə cavab vermir. Buna görə də cavabdehin mülki hüquq pozuntusu yaratmış əməlindən, belə əməlin qüvvədə qalmasına xidmət edən qanunsuz hərəkət və hərəkətsizliklərindən məhkəmə müdafiəsini zəruri sayaraq hesab edir ki, ona dəymiş maddi ziyan cavabdeh tərəfindən pul şəkilində ödənilməli, onu belə bir məcburiyyət qarşısında qoyacaq qanuni, düzgün və ədalətli məhkəmə qətnaməsi qəbul olunmalıdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya ziyan vurduğunu, lakin ziyanın həddindən çox şişirdildiyini bildirmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə cavabdehin istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1266 manat zərər dəymişdir. - xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib. - xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. - AYP seriyalı 041294 nömrəli arayışdan görünür ki, “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi zədələnib. - BB seriyalı 293227 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 9/2109 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı, “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1266 manat müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/9661 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı, “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1266 manat müəyyən edilməklə iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/2109 nömrəli rəyin nəticəsi təsdiqlənir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, saat 13:40 radələrində “Kia Sorento” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh İXMin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nəticədə “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hazırda iddiaçı dəymiş zərərin əvəzi olaraq 1266 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Kia Sorento” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil və “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi zərərin məbləği ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarına əsasən delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. X4 yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslərin daşıması nəticəsinə gəlmişdir. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, müstəqil ekspert X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli zədə aktından görünür ki, “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1266 manat məbləğində zərər dəymişdir. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 12 iyun 2023-cü il tarixli 9/2109 nömrəli ekspert rəyi ilə “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1266 manat müəyyən edilmişdir. Cavabdeh ekspert rəyi ilə razılaşmadığından məhkəmə tərəfindən təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 12 yanvar 2024-cü il tarixli 9/9661 nömrəli ekspert rəyi ilə “Toyota Prius” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1266 manat müəyyən edilmişdir və 12 iyun 2023-cü il tarixli 9/2109 nömrəli ekspert rəyinin nəticəsi təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, maddi zərərin məbləği məhz məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri əsas götürülməklə müəyyən edilməlidir, ekspert rəyləri işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut kimi qəbul edilməlidir. Rəylərlə müəyyən edilmiş 1266 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi 1266 manat məbləğində pul və 32,66 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa iddia təmin edildiyindən məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi 1266 manat məbləğində pul və 32,66 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar