Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-525/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğlunun Cavabdeh qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğlu Cavabdeh qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş qanuna zidd əməl nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi qismində olan 30000 (otuz min) manat həcmində və məhkəməyə müraciətlə bağlı rüsum olan 180 (bir yüz səksən) manat həcmində pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və xəbərin "XEBER.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin web saytında və ona aid bütün sosial şəbəkə hesablarında təkzib edilməsi, üzr istənilməsi öhdəliyinin cavabdehə və bu təkzibin yayılması öhdəliyinin isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "FACE Studio" əmtəə nişanı ona məxsusdur və bu əmtəə nişanından istifadə edilməsi ilə bağlı 12 sahibkarla Françayzinq müqaviləsi bağlanılmışdır. 14 iyul 2022-ci il tarixində Cavabdeh sahibkarı X16 olan “FACE Studio”-nun ünvan 1 ünvanında yerləşən müəssisəsində olmuş və xidmətlərdən istifadə etmişdir. Günay xanıma X8 tərəfindən keyfiyyətli formada xidmət göstərilmiş və o da salondan razı formada ayrılmışdır. Lakin bir müddət sonra xanım "FACE Studio"-nun “Facebook” sosial şəbəkəsi platformasındakı hesabına yazaraq əlaqə saxlamış, həyat yoldaşının saçını bəyənmədiyini bildirmişdir. "FACE Studio" əmtəə nişanı altında fəaliyyət göstərən X2 tərəfindən heç bir təqsirin olmamasına baxmayaraq Günay xanıma əlavə heç bir ödəniş olmadan yenidən xidmət göstərmək, saçını onun istəyinə uyğun etmək təklif edilmişdir. Müştərilərinin özlərini yaxşı hiss etməsi onlar üçün önəmlidir və əməkdaşları da Günay xanıma əllərindən nə gəlirsə, köməklik göstərməyə çalışmışdır. İlkin olaraq Cavabdeh razı olmuş, lakin sonradan bildirmişdir ki, həyat yoldaşı yenidən onların müəssisəsində xidmətin göstərilməyini istəmir. Xanımının başqa salonda saçını qaynaq etdirdiyini onlara bildirdi. Cavabdeh sonradan “Messenger” vasitəsi ilə onlarla əlaqə yaratmış, onları şikayət edəcəyini, başlarına oyun açacağını bildirmişdir. Cavabdeh polis orqanlarında işləyən tanışı vasitəsilə "Face Studio” salonlarına tez-tez problem yaradacağını bildirmişdir. Cavabdeh "XEBER.AZ”-ın əməkdaşı Tural Vahid ilə əlaqə yaratmış və onların brendi adına əsassız olaraq böhtan atmış, danışıqları təhrif etmiş və işgüzar nüfuzlarına zərər vurmuşdur. 19 iyul 2022-ci ildə xəbər və postlar "xxxx" MMC-nin web saytında; “İnstagram”, “Facebook”, “Youtube” sosial şəbəkə və platformalarındakı hesablarında paylaşılmışdır. Xüsusilə də “instagram” platformasında paylaşılmış posta 26000 (iyirmi altı min) istifadəçidən çox, web saytdakı paylaşıma isə təqribən 6000 (altı min) şəxs tərəfindən baxılmışdır. Demək olar böyük bir kütləyə çatan bu böhtan nəticəsində “Face Studio” markasının işgüzar nüfuzuna ciddi zərər dəymişdir. Bununla yanaşı Cavabdeh Nizami Rayon Polis İdarəsinə "FACE Studio"-nu şikayət etmiş, şikayət nəticəsində Polis Əməkdaşları “FACE Studio”-nun ünvan 2 ünvanında yerləşən digər bir müəssisəsində əsassız yoxlama keçirmiş, qanunvericiliyin tələblərini pozmuşdurlar. Müraciətləri nəticəsində Nizami RPİ-nin əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişlər. Cavabdeh tərəfindən əsassız verilən şikayətlər də polis orqanları tərəfindən rədd edilmişdir. İddiaçı Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğlu 27 fevral 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək biznes fəaliyyəti ilə əlaqədar olaraq ölkə xaricində olacağı üçün məhkəmə iclaslarında iştirakının mümkün olmayacağını bildirərək mülki işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 05 aprel 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, “Face Studio” gözəllik salonuna saçına ombre-balyaj elətdirmək üçün müraciət etmişdir. İşdən sonra salona getdi. Salonda iş vaxtının bitməsinə az qaldığı üçün kassanın bağlanacağını və ödənişi öncədən etməyini bildirdilər. Sonra usta təxminən 4-5 saat saçının üstündə işlədi. Lakin nəticədə istədiyi rəngi ala bilmədi, bununla yanaşı saçlarını da yandırdı. Sonra “instaqram” vasitəsi ilə nə etməli olduğunu soruşanda, ona narahat olmamasını, bu saçlara maksimum maska edə biləcəklərini dedilər. Maska etsə də nəticə olmadı, çünki saçlar tamam yanmışdır. O, salona gedəndə saçları tamam fərqli idi. O, saçını yandıran xanımdan şikayət etmişdir. Həmin vaxt çox əsəbi idi lakin bir neçə gün sonra şikayəti geri götürmüşdür. Özləri birinci dəfə saçlarını yandırdıqlarını etiraf etmişdirlər. Sonra ona zəng edib şikayətini geri götürməyini bildirdilər. Tural adlı şəxs rəfiqəsinin tanışı idi guya salonun sahibini tanıyırdı. Onunla telefon vasitəsilə danışıb ona sualları verməkdə məqsəd salonun sahibi ilə danışan zaman məlumatlı olması idi dediyinə görə. Onun heç məlumatı olmayıb Tural xəbər hazırlayıb paylaşanda. Tural belə hərəkətlərinə görə həbs olunub hazırda həbsdədir. O, heç bir yalan məlumat yaymamışdır sağlam saca ombre-balyaj elətdirmək istəmişdir, lakin “Face Studio” gözəllik salonunun ustası onun saçını yandırmış və o yanıqları kəsdirib əvəzinə qaynaq etdirmək məcburiyyətində qalmışdır. Elə saçla o, işə gedə bilməzdi. Məhkəmənin 05 aprel 2023-cü il tarixli iclasında ifadə verən şahid X5 bildirdi ki, o, cavabdehin bacısıdır. Bacısı “Face Studio” gözəllik salonuna müraciət edərək saçına ombre-balyaj etdirmək istəmişdir. Təxminən axşam saat 18:00-da işdən çıxaraq birbaşa salona getmişdir ki, saçlarını boyatsın. Salonun əməkdaşları bacısının istədiyi rəngi ala bilməmiş və saçlarını yandırmışlar. Bacısı ağlaya-ağlaya evə qayıtmışdır. Sonradan üstünə qara rəng qoymuşlar, yenə də yanıqlar getmədi. Bacısına təklif etdilər ki, maska istifadə etsin, lakin nəticə olmadı. O, bundan sonra başqa bir salona müraciət edərək saçlarını kəsdirib qaynaq elətdirmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında“ şəhadətnamədən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğlunun sahibkar kimi əsas fəaliyyət istiqaməti “kişilər və qadınlar üçün həyata keçirilən, saçların rənglənməsi, boyanması”ndan ibarətdir, X1 Nömrəsi (VÖEN) **********2 olmaqla 02 noyabr 2011-ci il tarixdə verilmişdir. - “Hüquqların bütövlükdə digər fiziki şəxsə verilməsi barədə” 14 noyabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, X17 əmtəə nişanına dair hüquqlarını bütövlükdə Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğluna vermişdir. - Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğlunun fərdi sahibkarlar X9 ilə 01 aprel 2021-ci il tarixli, 004 nömrəli, X10 ilə 01 aprel 2021-ci il tarixli, 008 nömrəli, X11 ilə 01 aprel 2021-ci il tarixli, 002 nömrəli, X12 ilə 01 aprel 2021-ci il tarixli, 011 nömrəli, X16 ilə 01 aprel 2021-ci il tarixli, 001 nömrəli, X15 ilə 01 aprel 2021-ci il tarixli, 001 nömrəli, X6 ilə 01 aprel 2021-ci il tarixli, 007 nömrəli, X7 ilə 01 aprel 2021-ci il tarixli, 012 nömrəli, X13 ilə 01 aprel 2021-ci il tarixli, 003 nömrəli, X14 ilə 01 aprel 2021-ci il tarixli, 010 nömrəli, X4 bağladığı 01 aprel 2021-ci il tarixli, 009 nömrəli françayzinq müqavilələrin surətlərindən görünür ki, françayz verən haqqı ilə bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi ilə məşğul olması üçün müqavilədə nəzərdə tutulan müddətə "Face Studio" əmtəə nişanından (N2015 0850) istifadə hüququnu françayz alana verir. - Bakı Şəhər Baş Polis İdarəsinin 03 avqust 2022-ci il tarixli, 040-49752B-3222 nömrəli məktubunun surətindən görünür ki, Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğluna bildirilir ki, rəhbərlik etdiyiniz “Face studio" gözəllik salonunun işçiləri ilə müştəri Cavabdeh arasında yaranmış mülki xarakterli mübahisə zamanı sonuncunun özünü polis əməkdaşının həyat yoldaşı kimi təqdim edib hədə-qorxu gəlməsi, xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən Kamran və Elmar adlı işçilərinin əsassız olaraq saxlanılmaları və barələrində həqiqətə uyğun olmayan sənədləşmənin aparılması barədə müraciətiniz Bakı Şəhər Baş Polis İdarəsində araşdırılmışdır. Aparılmış xidməti yoxlama nəticəsində vətəndaş Cavabdeh polis əməkdaşları tərəfindən himayədarlıq olunması təsdiqlənməmiş, eyni zamanda həmin şəxsin “Face studio" gözəllik salonu ilə bağlı müraciətinin araşdırılması prosesində Nizami RPİ-nin əməkdaşlan tərəfindən bir sıra nöqsanlara yol verilməsi müəyyən edildiyindən aidiyyəti əməkdaşlar Baş İdarənin rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişlər. Həmçinin bildirilir ki, vətəndaş Cavabdeh müraciəti üzrə Nizami RPİ-də cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. - 21 iyul 2022-ci tarixli ərizənin surətindən görünür ki, Cavabdeh Nizami Rayon Polis İdarəsinə ona vurulmuş zərərlə bağlı "Face Studio"dan şikayət etmişdir. - 02 avqust 2022-ci il tarixdə Nizami Rayon Polis İdarəsinə ərizə verərək şikayət ərizəsini geri götürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, “Hüquqların bütövlükdə digər fiziki şəxsə verilməsi barədə” 14 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən X17 əmtəə nişanına dair hüquqlarını bütövlükdə Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğluna vermişdir. “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında“ şəhadətnamədən görünür ki, iddiaçı Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğlunun sahibkar kimi əsas fəaliyyət istiqaməti “kişilər və qadınlar üçün həyata keçirilən, saçların rənglənməsi, boyanması”ndan ibarətdir. Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğlu fərdi sahibkarlarla françayzinq müqavilələri bağlamışdır. Cavabdeh "Face Studio" gözəllik salonuna saçlarını boyatmaq üçün müraciət etmişdir. Lakin "Face Studio" gözəllik salonunun əməkdaşı tərəfindən saçları yandırılmışdır. O, bununla bağlı Nizami RPİ-yə şikayət etmiş, lakin sonradan şikayətini geri götürmüşdür. Bakı Şəhər Baş Polis İdarəsinin 03 avqust 2022-ci il tarixli, 040-49752B-3222 nömrəli məktubuna əsasən vətəndaş Cavabdeh müraciəti üzrə Nizami RPİ-də cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbinin əsasını təşkil edən ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı ərizəsində Cavabdeh tərəfindən törədilmiş qanuna zidd əməl nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi qismində olan 30000 (otuz min) manat həcmində dəymiş zərəri tələb edir. Lakin iddiaçı ümumiyyətlə zərərin dəyməsini və məhz 30000 manat məbləğdə zərər çəkməsi barədə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin 30000 manat məbləğində dəymiş zərərin ödənilməsi hissəsində mötəbər sübut məhkəməyə təqdim etmədiyindən iddia tələbi “zərərin ödənilməsi” hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü cavabdehin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri, yəni 30000 manat zərər dəyməsini sübut edə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iddiaçının məhkəməyə ona mənəvi ziyan vurulmasını təsdiq edə biləcək sübut qismində təqdim etdiyi 1 ədəd “CD” diskə münasibətdə isə qeyd edir ki, həmin diskdə olan səs yazısı məhkəmə baxışı zamanı təqdiq edilmiş və iddia tələbinin həmin hissəsinin əsaslılığını təsdiq edəcək hər hansı hal müəyyən edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə iddia tələbinin xəbərin "XEBER.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin web saytında və ona aid bütün sosial şəbəkə hesablarında təkzib edilməsi, üzr istənilməsi öhdəliyinin cavabdehə və bu təkzibin yayılması öhdəliyinin isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” hissəsinə münasibətdə isə qeyd edir ki, ilk növbədə iddiaçı "XEBER.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətini cavabdeh qismində cəlb etməmişdir. Həmçinin həmin tələb də tələbin maddi və mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə törəmə tələbdir, iddiaçının tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilmədiyi halda, cavabdehin üzərinə hər hansı vəzifənin qoyulması üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında ifadə verən şahid X3 ifadəsi ilə və CD diskə baxış keçirilən zaman diskdə olan şəkildən müəyyən olunur ki, cavabdehin sacı yanmışdır. Belə olan halda cavabdehin qanuna zidd əməl törətməsi müəyyən olunmur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğlunun Cavabdeh qarşı Cavabdeh tərəfindən törədilmiş qanuna zidd əməl nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi qismində olan 30000 (otuz min) manat həcmində və məhkəməyə müraciətlə bağlı rüsum olan 180 (bir yüz səksən) manat həcmində pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və xəbərin "XEBER.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin web saytında və ona aid bütün sosial şəbəkə hesablarında təkzib edilməsi, üzr istənilməsi öhdəliyinin cavabdehə və bu təkzibin yayılması öhdəliyinin isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğlunun Cavabdeh qarşı Cavabdeh tərəfindən törədilmiş qanuna zidd əməl nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi qismində olan 30000 (otuz min) manat həcmində və məhkəməyə müraciətlə bağlı rüsum olan 180 (bir yüz səksən) manat həcmində pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və xəbərin "XEBER.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin web saytında və ona aid bütün sosial şəbəkə hesablarında təkzib edilməsi, üzr istənilməsi öhdəliyinin cavabdehə və bu təkzibin yayılması öhdəliyinin isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı Bədı̇ rov Rüfət Çı̇ ngı̇ z oğluna aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-525/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-525/2023
07.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver