Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-544/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-nın “V” tikilidən ibarət hissəsi onun mülkiyyətindədir. Onun payına düşən hissə divarla digər paylardan ayrılıb. Cavabdeh onunla qonşuluqda yaşayır. Öz həyətində, evinin qarşısına kiçik bir otaq əlavə etmək və həyət divarını yuxarı qaldırmaq üçün tikinti işləri gördürürdü. Gecə ondan xəbərsiz Cavabdeh onun həyətinə düşərək artırdığı otağı və divarı söküb dağıdıb. Səhəri gün o, cavabdehə həyətinə icazəsiz daxil olmasını, yeni tikdirdiyi otağı və divarı niyə sökdüyünü soruşduqda, Cavabdeh ona tikinti işləri görməyinə imkan verməyəcəyini bildirdi. Cavabdehin barəsində şikayət ərizəsi ilə Sabunçu PRİ-nin 12-ci Polis Şöbəsinə müraciət olunub. Lakin cavab məktubunda mübahisənin mülki xarakterli olduğu bildirilərək, Cavabdeh barəsində heç bir tədbir görülmədi. Bir müddət sonra yenidən evinin qarşısına otaq artırmaq və divarın üstünü hördürərək yuxarı qaldırmaq üçün tikinti işlərinə başladı. Lakin növbəti dəfə də Cavabdeh gizlin şəkildə həyətinə daxil olaraq tikdirdiyi otağı və divarı uçuraraq dağıdıb. İki dəfə tikintilərini dağıtdığına görə Cavabdeh ona ümumilikdə 1000 manat maddi zərər vurub (tikinti materiallarına və ustalara ümumilikdə 1000 manat ödəniş edib). Bütün iradlarına, ona vurulmuş maddi zərəri tələb etməyinə baxmayaraq, Cavabdeh qanuna zidd əməllərinə son qoymayacağını, tikinti işləri aparsa yenə də tikililəri sökəcəyini və ona dəymiş maddi zərəri ödəməyəcəyini bildirir. Cavabdeh ona vurduğu maddi zərəri ödəməkdən yayındığını, qanuna zidd hərəkətlərinə son qoymadığını nəzərə alaraq hesab edir ki, həmin zərər məbləği məhkəmə qərarı ilə Cavabdeh tutularaq ona ödənilməlidir. Həmçinin, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəyib. Hesab edir ki, dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməlidir. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanda tikdirdiyi otağın və divarın iki dəfə sökülməsi nəticəsində ona vurulmuş maddi zərərə görə 1000 (min) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda tikinti işlərinin aparılması üçün müvafiq icazə almayıb. Lakin icazə alacaq. Hazırda tikinti işləri aparılmır. Həyətyanı sahədə evin qarşısına kiçik bir otaq əlavə etmək və həyət divarını yuxarı qaldırmaq üçün tikinti işləri görülüb. Cavabdeh gecə onun və ailəsinin xəbəri olmadan tikilmiş otağı və divarı söküb dağıtmış, beləliklə onlara maddi zərər vurmuşdur. Həmçinin cavabdeh onların ağaclarını da kəsmişdir. Cavabdeh tərəfə məxsus fərdi yaşayış evindən axan çirkab suları onların evinə axır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, o və onun ailəsi 1997-ci ildən Sabunçu qəsəbəsində yerləşən evdə yaşayırlar. Həmin vaxtdan heç kəslə mübahisələri olmamışdır. Onlar heç kimin evinə məişət tullantıları atmamış və çirkab suları axıtmamışlar. Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən və "xxxx" ASC-nin Sabunçu rayon idarəsindən əməkdaşlar gələrək iddiaçının və onların evlərinə baxmış və çirkab sularının onlar tərəfindən axıdılmadığını müəyyən etmişdilər. İddiaçının apardığı tikili isə qeyriqanunidir. Onların evlərinin pəncərəsi iddiaçının həyətyanı torpaq sahəsinə açılır. Eyni zamanda Nümayəndə1 onun avtomobilinə bıçaqla ziyan vurması və başqa qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanlarına şikayət edəcəkdir. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “V” tikilisi İddiaçı adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-18-9/2-544/2024 saylı məktubundan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsində İddiaçı məxsus 15A saylı ünvanda yaşadığı evin yan hissəsində əlavə (qanunsuz) tikinti işləri aparılması aşkar olunmuş, həmin tikinti işləri nümayəndəlik tərəfindən dayandırılmışdır. Vətəndaş İddiaçı və anasına izah edilmişdir ki, o, apardığı tikinti işlərini qanunauyğun formada sənədləşdirdikdən sonra davam etdirə bilər. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının İ müavinin xx.xx.2024-cü il tarixli 5-18/2-550/2024 saylı məktubundan görünür ki, məhkəmənin ərazidə əlavə tikilinin aparılıb-aparılmaması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş 19 fevral 2024-cü il tarixli 2(007)-544/2024-cü il tarixli sorğusuna baxılmışdır. Bildirirlər ki, sorğunun icrası ilə əlaqədar Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 15a saylı fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı mövcud tikilinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX №0632143 saylı çıxarışla üst-üstə düşmədiyi, fərdi yaşayış evinin həyətyanı sahəsində əlavə tikililərin olduğu müəyyən edilmişdir. - Məhkəməyə cavabdehin nümayəndəsi tərəfindən fotoşəkillər və 1 ədəd flaşkart təqdim edilmişdir. Mülki iş materialları ilə müəyyən edildi ki, iddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsində əlavə otaq tikilməklə, hasarın hündürlüyü qaldırmaqla tikinti işləri aparmışdır. İddiaçı həmin tikintilərin cavabdeh tərəfindən söküldüyündən ona ümumilikdə 1000 manat ziyan dəyməsi əsası ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən həmin ünvanda xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfin fərdi yaşayış evinin aşağı hissəsində həmin evə bitişik yeni inşa edilməkdə olan tikili cavabdeh tərəfə məxsus fərdi yaşayış evinin birinci mərtəbəsində olan pəncərənin qarşısında yerləşir. İddiaçı tərəfindən inşa edilməkdə olan sözügedən tikili yekunlaşmamışdır. İddiaçının nümayəndəsi tikilini inşa edərkən müvafiq dövlət orqanlarından icazə almadığını və tikintinin aparılmasında məqsədin həyətyanı sahəsində bir otaqlı yaşayış sahəsinin tikilməsi olduğunu bildirmişdir. Bundan sonra məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının İ müavinin məlumatlarında əsasən müəyyən edilmişdir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsində İddiaçı məxsus 15A saylı ünvanda yaşadığı evin yan hissəsində əlavə (qanunsuz) tikinti işləri aparılması aşkar olunmuş, fərdi yaşayış evinə baxış keçirilən zaman mövcud tikilinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX №0632143 saylı çıxarışla üst-üstə düşmədiyi, fərdi yaşayış evinin həyətyanı sahəsində əlavə tikililərin olduğu müəyyən edilmişdir. Həmçinin, yerli baxış zamanı iddiaçı tərəfindən apaırlan tikinti işlərində bir neçə mişar daşın (kubik daşın) cavabdeh tərəfindən dağıdıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edilən halı cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyan kimi deyil, cavabdeh tərəfindən iddiaçının apardığı qanunsuz tikilidən özünün müdafiə məqsədi ilə aparıldığını nəzərə alır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə aparılmış tikinti işləri nəticəsində cavabdehin yaşadığı fərdi yaşayış evinin pəncərəsindən tikinti qalıqlarının daxil olduğu müşahidə edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən adıçəkilən ünvanda qanunsuz olaraq tikinti işləri aparılmış, cavabdeh tərəfindən bir neçə mişar daşın (kubik daşın) dağılımasından ibarət hərəkət hissə iddiaçıya maddi zərər vurulması kimi qəbul edilən bilməz. İddiaçı qanunamüvafiq qaydada icazə almadan tikinti işləri aparmaqda təqsirli olmuşdur. Hazırda məhkəmə araşdırması zamanı cavabdehin əməlləri nəticəsində iddiaçıya zərər dəyməsi, onun hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. 75.15-ci maddəsəsinə əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2-ci maddəsinə əsasən zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hər hansı qanun pozuntuna yol verilməsi və bunlada iddiaçının hüquqlarının pozulması, ona maddi ziyan vurulması halı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında tikdirdiyi otağın və divarın iki dəfə sökülməsi nəticəsində ona vurulmuş maddi zərərə görə 1000 (min) manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında tikdirdiyi otağın və divarın iki dəfə sökülməsi nəticəsində ona vurulmuş maddi zərərə görə 1000 (min) manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-544/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-544/2024
15.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver