Məhkəmə qərarları › İş №2(007)-550/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-550/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-550/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı X2, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 (audiokonfrans vasitəsilə) iştirakı ilə, İddiaçı X2 X7 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 (iki min doqquz yüz) manat əsas borc, dəymiş ziyana görə 2900 (iki min doqquz yüz) manat ümumi 5800 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. X7 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı yaxından tanıdığı X4 vasitəsi ilə xx.xx.2024-cü ildə Cavabdeh 3900 (üç min doqquz yüz) manat pul vermişdir. Cavabdeh hər ay 500 (beş yüz) manat verəcəyini bildirmişdir. Ancaq iki ay 500 manat vermişdir. Sonra borcunu qaytarmaqdan imtina etmişdir. Yəni 3900-1000=2900 (iki min doqquz yüz) manat borcu qalmışdır. Cavabdeh öz vəsiqəsinin surətinin altından öz xətti ilə 3900 (üç min doqquz yüz) manat aldığını yazıb öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən 06 iyun 2024-cü ilin 06 noyabr tarixinə kimi ona 2900 manata qədər ziyan dəymişdi. Cavabdeh 2900 (iki min doqquz yüz) manat əsas borc, dəymiş ziyana görə 2900 (iki min doqquz yüz) manat ödəməlidir. Yəni cəmi 5800 (beş min səkkiz yüz) manat ödəməlidir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. 2500 manat pul alıb, 500 manat faiz cəmi 3000 manat pulu borc alıb. Pulu Mahirədən alıb. Mərdanəlini tanımır. Mahirənin oğlunun da ona 1000 manat borcu var idi. Mahirənin oğlu iki dəfə 500 manat cəmi 1000 manat anasına verib ki, onun 3000 manat borcundan çıxsın, 200 manat da o, Mahirənin kartına göndərib.

6. Məhkəmə iclasında iştirak edən (audiokonfrans vasitəsilə) mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 bildirdi ki, Mərdanəlini bir neçə il bundan qabaq qohum vasitəsilə tanımışdır. Cavabdehlə qonşu olublar. Ona 3000 manat məbləğində pul verib. 500+500 manat olmaqla onun əvəzinə pul ödəyib. Fərid 3900 manat pul qaytarmalı idi. Pul Mərdanəlinin idi. Fərid yalvar-yaxar elədi ki, qaytaracaq təcili pul lazımdı. O, da Mərdanəlidən pulu alıb Fəridə verdi. Fərid bilirdi ki, pul Mərdanəlinindi, lakin onu görməmişdir. Pulu o, verib Fəridə. Ondan xahiş elədi ki, camaatın pulunu versin. Fərid pulu xalası qızı üçün aldığını demişdir, lakin sonradan bilib ki, yalan deyir özü üçün götürüb.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

10. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X5 məhkəməyə müraciət etmək üçün 78 manat dövlət rüsumu ödəmişdir.

11. Cavabdeh məxsus ümumvətəndaş pasportunun surətinin aşağısına yazılmış yazıdan görünür ki, “Mən Cavabdeh Hacıyeva Mahirənin vasitəsilə 3900 manat pul götürdüm. Əvəzində özümə məxsus maaş kartımı qoydum”.

12. X2 Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 2900 manat məbləğində pulu tələb etmişdir. Əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, X1 Mahirə İngilis qızının vasitəsilə Cavabdeh borca 3900 manat məbləğində pul vermişdir. Lakin borcun məbləği ilə bağlı tərəflər arasında mübahisə vardır. Cavabdeh iddiaçıdan 500 manat faiz olmaqla 2500 manat cəmi 3000 manat pul götürdüyünü bildirmişdir. Cavabdeh borc pulu qaytarmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəliyə əməl etməmişdir. Hazırda iddiaçı Cavabdeh 2900 manat əsas borc, dəymiş ziyana görə 2900 manat ümumi 5800 manat ödənilməsini tələb edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.

17. Qeyd edilənlərdən müəyyən olundu ki, iddiaçı X5 ilə Cavabdeh arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsinin olmaması tərəflər arasında yaranmış faktiki borc münasibətlərini istisna etmir və tərəflər arasında mülki hüquq münasibətləri yaranmışdır.

19. Beləliklə, Cavabdeh bağladığı şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur.

20. İddiaçı X5 cavabdehə 3900 manat borc verdiyini iddia edir. Bununla bağlı məhkəməyə Cavabdeh məxsus ümumvətəndaş pasportunun surətini təqdim etmişdir. Pasportun surətində “Mən Cavabdeh Hacıyeva Mahirənin vasitəsilə 3900 manat pul götürdüm. Əvəzində özümə məxsus maaş kartımı qoydum” kimi qeyd olunmuşdur. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 verdiyi izahatdan məlum olur ki, iddiaçı onun vasitəsilə cavabdehə 3900 manat pul verib, həmin puldan 1000 manat qaytarılsa da 2900 manat borc qalmışdır. Cavabdeh özü də pulu Hacıyeva Mahirənin vasitəsilə aldığını və pulun Ələkpərov Mərdanəliyə məxsus olduğunu bildiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddia 2900 manat əsas borcun tutulması hissəsində təmin edilməlidir.

21. Məhkəmə iddia tələbinin “dəymiş ziyana görə 2900 manat pul məbləğinin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu tələbini sübut edə bilməmişdir. Belə ki, iddiaçı dəymiş ziyanın nədən ibarət olması və ziyanın məbləği ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2900 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməlidir.

24. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilsə də iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 2900 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar