Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-555/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi və “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” publik hüquqi şəxsi cəlb edilməklə, Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi və “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” publik hüquqi şəxsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun səhhətində ciddi problemlər yaranmış və o, Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli şəhər Xəstəxanasına müraciət etmiş, ona təcili olaraq «papilosfinkterotomiya» əməliyyatı təyin edilmiş və xx.xx.2024-cü il tarixli epiqrezlə həmin əməliyyatın aparılması cavabdeh klinikaya həvalə edilmişdir. Lakin həmin tarixdə o, xəstəxanaya müraciət etmiş, TƏBİB tərəfindən verilmiş müvafiq sənədlər klinikaya təqdim olunmuş, lakin sənədlərin yarımçıq olması bəhanəsi ilə o, əməliyyata salınmamış, səhhəti artıq kritik həddə olduğu üçün məcburiyyət qarşısında qalaraq və borc-xərc edərək "xxxx" MMC-yə 1450 manat ödəniş etmiş və xx.xx.2024-cü ildə onun əməliyyatı aparılmışdır. Bundan başqa bütün dava-dərmanlar tərəfindən alınmış və ümumilikdə bu əməliyyata 1600 manat xərci çıxmışdır. Halbuki bu əməliyyatın icbari sığorta xətti ilə cavabdeh klinikada pulsuz və heç bir ödəniş aparılmadan keçirilməsi nəzərdə tutulmuş, lakin cavabdeh onun həyatının təhlükədə olmasına baxmayaraq sənədlərin tam olmaması bəhanəsi ilə onu əməliyyata salmamışdır. Nəticədə ona 1600 manat ziyan dəymişdir. Tərəfindən çəkilən xərcləri təsdiqləyən qəbzləri və epiqrezin surətini cavabdeh klinikaya sifarişli məktubla xx.xx.2024-cü il tarixdə göndərmiş və cavabdeh həmin məktubu xx.xx.2024-cü ildə alsa da ona cavab belə verməmişdir. Buna görə də o, cavabdehin təqsiri üzündən ona dəymiş 1600 (bir min altı yüz) manat maddi ziyanın ödənilməsini ondan tələb edir. Göstərilənlərə əsasən, cavabdeh Bakı şəhər Yeni Klinikadan ona dəymiş maddi ziyanın əvəzi olaraq 1600 (bir min altı yüz) manat pulun və tərəfindən ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən onun nəfinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehn nümayəndəsi X4 elektron məhkəmə informasiya sistemi vasitəsilə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli şəhər Xəstəxanasına müraciət etməsinə, ona təcili olaraq “papilosfinkterotomiya” əməliyyatı təyin olunduğuna, xx.xx.2024-cü il tarixli epikrezlə həmin əməliyyatın aparılmasının Cavabdeh PHŞ-yə həvalə olunmasına, eləcə də onun tərəfindən Cavabdeh PHŞ-yə təqdim olunmuş, lakin Klinikanın həmin sənədlərin yarımçıq olması bəhanəsiylə tibbi əməliyyatı icra etməməsinə istinad etmişdir. Daha sonra iddiaçı iddia ərizəsində göstərmişdir ki, məcburiyyət qarşısında qalaraq "xxxx" MMC-yə müraciət etmiş, xx.xx.2024-cü il tarixində sözügedən tibb mərkəzində ona tibbi əməliyyat icra edilmiş və həmin əməliyyata 1450 manat məbləğin pul vəsaiti ödəmişdir. İddiaçı həmçinin iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC-də əməliyyat olunmasına və tərəfindən alınmış dərmanlara ümumilikdə 1600 (bir min altı yüz) manat xərci çıxmışdır. İddiaçı iddiasında yuxarıda sözügedən xüsusatlara, eləcə də həmin iddia ərizəsində qeyd etdiyi digər hallara istinad etməklə, iddiasının hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin olunmamalıdır. E-TƏBİB sistemi üzərindən İddiaçı aid məlumatlar yoxlanılarkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən E-TƏBİB elektron sistemi üzərindən planlı olaraq ERCP (Endoskopik retroqrad xolangiopankreatoqrafiya) xidməti üçün göndəriş qeyd olunmuşdur. Lakin KT müayinəsi nəticəsində hepatomeqaliya və öd kisəsinin mənfəzində distal hissədə 4 mm daş və ya qum dənəcikləri qeyd olunmasına baxmayaraq hepatomeqaliyanın səbəbini bildirən göstəricilərin və əməliyyatın gedişində həkim-qastroenteroloqa mütləq şəkildə vacib olan MRCP (maqnit rezonanslı xolangiopankreatoqrafiya) nəticəsinin təqdim olunmaması səbəbindən Cavabdeh PHŞ tərəfindən İddiaçı verilən göndərişin təsdiq edilməsi mümkün olmamışdır. 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən xəstəyə planlı olaraq ERCP xidməti üçün göndəriş tərtib olunsa da, göndərişi tərtib edən müəssisə tərəfindən ona həkim müayinəsi və tam qarın boşluğu KT (kompyuter tomoqrafiya) xidməti icra olunmamışdır. Göndərişi təqdim edən tibb müəssisəsinə ERCP xidməti üçün xəstənin MRCP və bilirubin qan analizinin nəticəsinin olmasının mütləqliyi bildirilmişdir. Eləcə də hepatomeqaliyanın nəyə bağlı olduğunu bildirən vital göstəricilərin və əməliyyatın gedişində həkim-qastroenteroloqa mütləq şəkildə vacib olan MRCP (maqnit rezonanslı xolangiopankreatoqrafiya) nəticəsinin təqdim olunmaması səbəbindən İddiaçı planlı ERCP xidmətinin göstərilməsi və göndərişin təsdiqlənməsi qeyri-mümkün olmuşdur. Əməliyyatın icra olunması üçün yuxarıda göstərilən sənədlər göndərişə əlavə olaraq təqdim olunmadıqda pasiyentlər birbaşa olaraq Cavabdeh PHŞ-yə müraciət edib zəruri tibbi xidmətlərdən yararlana bilir. Lakin İddiaçı Klinikaya birbaşa müraciət etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alıb, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, onun qızı idmanla məşğul olur, cüdo üzrə respublika yığmasının üzvüdür. Qızının ağrıları tutumuş, təcili yardım çağırmışlar və onlar iynə vurub getmişlər. Onu ultrasəs müayinəsinə apardıqda ödündə 2 ədəd daş olduğunu demişlər. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasına apardıqda, onun təcili əməliyyat edilməli olduğunu bildirmişlər. Endoskapiya olunmaq üçün Yeni Klinikaya göndəriş yazılmışdır. Onu Yeni klinikada əməliyyat olunmağa qəbul etməmiş və sənədlərin düzgün olmadığını demişlər. O isə TƏBİB-ə zəng edərək sənədlərin qaydasında olduğunu öyrənmişdir. Əgər sənədlər qaydasında olmasa idi, TƏBİB bunu təsdiq etməzdi. Qızının bir günü olduğunu dedikləri üçün, onu təcili "xxxx"nə aparmış və onu təcili əməliyyata qəbul etmişlər. 1450 manat əməliyyat üçün ödəmiş və digər xərcləri də olmuşdur. Ona demişlər ki, 4-5 gün sonra ödünü də götürmək üçün gəlsin və o da 4-5 gün sonra getmiş və ödünü də götürmüşlər. Əməliyyat sığorta ilə olsa idi, bu qədər xərci çıxmazdı. Yeni klinika demişdir ki, sənədlər tam deyil, TƏBİB isə demişdir ki, sənədlər tamdır. Onlar bir-iki gün gözləmişdir, lakin həkim demişdir ki, artıq qana keçir. Diaqnoz Tibb Mərkəzi əməliyyatı üzərinə götürmüş və qiymətini 1850 manat demişlər. O, Qarabağ əlili olduğunu, 5 uşağının olduğunu dedikdən sonra onlar 1450 manata razılaşmış, lakin dərmanları özünün almasını bildirmişlər. Pul tapmış və tez əməliyyat etdirmişdir. Onun əlavə dərmanlara verdiyi pul ilə birlikdə 1600 manat xərci çıxmışdır. O, yolda olan zaman zəng etmiş, qızı aparmaq istədiyini demiş, ona sənədlərin tam olmadığını bildirmişlər. Onun həkimi isə “istəyirsən uşağın əlində qalsın?” dediyindən özəl klinikaya aparmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyib, etirazda göstərdikləri xüsusatları müdafiə edib əlavə olaraq bildirdi ki, sənədlər tam olmadığından xəstəni qəbul etməmişlər. Olunmayan analizlər olmadan xəstəni əməliyyata götürmək olmazdı. İddiaçı göndərişə əsaslanır, amma vəsiqə ilə yaxınlaşsa idi, əgər zərflər paketinə daxildirsə, onu qəbul edib əməliyyat edirlər. Göndəriş natamam olmuşdur və tam olmadığı üçün qəbul edilməmişdir. Orada qeyd edilmişdir ki, rentgendən keçməsi əməliyyat üçün daha məqsədəuyğundur. Əməliyyat planlı olmuşdur, təcili əməliyyat olmamışdır. Əgər o, gəlsə idi, müayinələrdən keçirib əməliyyat edərdilər. Danışdığı adam qeydiyyatçı ola bilər, tibdən anlayışı olmayan biri ola bilər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddiaçı əməliyyatın xidmətlər zərfinə daxil olduğu üçün Yeni Klinikada edilməli olduğunu və Yeni Klinikanın icra etməməsi səbəbindən xərcə düşdüyünü bildirmişdir. Yeni Klinika isə sənədlərin tam olmadığından göndərişi təsdiqləmədiyini bildirmişdir. O, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası Publik Hüquqi şəxsi ilə danışmış, onlar isə natamamlıq olmadığını, göndəriş veriblərsə, qəbul etməli olduqlarını bildirmişlər. Onlar hesab edirlər ki, Yeni Klinika onların tabeliyində olduğundan, onlar işdə maraqlıdır. Şəxs özü klinikaya müraciət etsə idi və ona xidmət göstərilməsə idi, bu zaman iddia tələbi ilə müraciət edə bilərdi. Özəl klinikaya gedən kimi onlar əməliyyat etmək istəyəcəklər. Xəstə əziyyət çəkir, bu aydındır. Amma əməliyyat təcili olmamışdır. Göndəriş, o demək deyildir ki, mütləq qəbul edilməlidir. O, özü klinikaya gəlsə idi, onu qəbul edib, əməliyyat edərdilər. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” publik hüquqi şəxsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt Tibb Mərkəzi phş, 1 nömrəli şəhər xəstəxanasının cərrahi şöbəsi tərəfindən verilmiş 0023500/4893 nömrəli çıxarış epikrizindən görünür ki, 2004-cü il təvəllüdlü İddiaçı “xroniki daşlı xolesistit” diaqnozu qoyulmuşdur. -xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdehnə maddi ziyanın ödənilməsi, əks təqdirdə məhkməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq ünvanlanmışdır. -"xxxx" MMC cərrahi əməliyyatın ödəniş qəbzindən və ******* nömrəli epikrizdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 1450 manat ödəməklə “ERCP” əməliyyatı olunmuşdur. -xx.xx.2024-cü il tarixli satış çekindən görünür ki, dəyəri 21.60 manat olan dərman əldə edilmişdir. -Cavabdehn xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə cavab verilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı adına xx.xx.2024-cü il tarixdə E- TƏBİB sistemi vasitəsilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanası tərəfindən planlı olaraq “endoskopik retroqrad xolangiopankretoqrafiya” xidməti üçün göndəriş verilmişdir. Həmin göndəriş Cavabdeh tərəfindən qəbul edilməmişdir. Nəticədə iddiaçı qeyd edilən əməliyyatın icrası üçün "xxxx" MMC-yə yaxınlaşmış və 1450 manat dəyərində pul vəsaiti ödəyərək əməliyyatı icra etmişdir. Hazırda iddiaçı Yeni Klinika” publik hüquqi şəxsindən ona dəymiş maddi ziyanın əvəzi olaraq 1600 (bir min altı yüz) manat pulun və tərəfindən ödənilmiş 37 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanununun 1-1.3-cü maddəsinə əsasən, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını, habelə onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edir. Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanununun 15-4.1.5-ci maddəsinə əsasən, icbari tibbi sığorta üzrə sığortaolunanların, tibb müəssisəsinin və aptek təşkilatının təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsindən və aptek təşkilatından tələb etmək və sığortaçıdan icbari tibbi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək hüquqları vardır. Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanununun 15-28.1-ci maddəsinə əsasən, xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ixtisaslaşdırılmış tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan hallar xidmətlər zərfi ilə müəyyən edilir. Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanununun 15-28.2-ci maddəsinə əsasən, sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 1.2-ci bəndinə əsasən, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əsasən, Endoskopik retroqrad xolangiopankreatoqrafiya (ERCP) xidmətlər zərfinə daxil edilmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı adına E-TƏBİB elektron sistemi vasitəsilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanası tərəfindən “endoskopik retroqrad xolangiopankretoqrafiya” xidməti üçün göndəriş verilmiş göndəriş verilmiş, həmin xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olmuş, lakin sözügedən göndəriş Cavabdeh tərəfindən qəbul edilməmişdir. Bundan sonra iddiaçı həmin xidməti "xxxx" MMC-də 1450 manat pul vəsaiti ödəməklə həyata keçirmişdir. İddiaçı iddia tələbinin əsası kimi, icbari tibbi sığortaya əsasən ödənişsiz əsaslarla həyata keçirilməli olan “endoskopik retroqrad xolangiopankretoqrafiya” xidmətinin Cavabdeh tərəfindən göndərişin qəbul edilməməsi nəticəsində başqa özəl tibb müəssisəsində ödənişli əsaslarla icra edilməsini və ona maddi ziyan dəyməsini göstərmişdir. Məhkəmə iddia tələbinin 1450 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, “Endoskopik retroqrad xolangiopankreatoqrafiya (ERCP)” tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olduğundan, müvafiq olaraq İddiaçı 1 saylı Sumqayıt Şəhər Xəstəxanası publik hüquqi şəxsi tərəfindən E-TƏBİB vasitəsi ilə göndəriş verildiyindən, həmin göndəriş cavabdeh tərəfindən qəbul edilmədiyindən, bundan sonra həmin tibbi xidmət "xxxx" MMC-də 1450 manat pul vəsaiti ödənilməklə həyata keçirildiyindən, iddiaçıya 1450 manat ziyan dəymişdir və iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə iddia tələbinin 150 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ümumilikdə 1600 manat pul vəsaitini cavabdehdən tələb edərək, iddia ərizəsində göstərmişdir ki, o, həm əməliyyat üçün 1450 manat ödəmiş, həm də dərman vasitələri almışdır, beləliklə ona 1600 manat ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsində istinad etdiyi halları sübuta yetirməmişdir. Belə ki, məhkəməyə sübut qismində təqdim edilmiş xx.xx.2024-cü il tarixli satış çekindən görünür ki, dəyəri 21.60 manat olan dərman əldə edilmişdir. Lakin bu dərman vasitəsinin adı, kim tərəfindən, hansı əsaslarla (resept və.s) alınması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Cavabdeh iddia tələbinə etirazında göstərmişdir ki, “E-TƏBİB sistemi üzərindən İddiaçı aid məlumatlar yoxlanılarkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən E-TƏBİB elektron sistemi üzərindən planlı olaraq ERCP (Endoskopik retroqrad xolangiopankreatoqrafiya) xidməti üçün göndəriş qeyd olunmuşdur. Lakin KT müayinəsi nəticəsində hepatomeqaliya və öd kisəsinin mənfəzində distal hissədə 4 mm daş və ya qum dənəcikləri qeyd olunmasına baxmayaraq hepatomeqaliyanın səbəbini bildirən göstəricilərin və əməliyyatın gedişində həkimqastroenteroloqa mütləq şəkildə vacib olan MRCP (maqnit rezonanslı xolangiopankreatoqrafiya) nəticəsinin təqdim olunmaması səbəbindən Cavabdeh PHŞ tərəfindən İddiaçı verilən göndərişin təsdiq edilməsi mümkün olmamışdır. 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən xəstəyə planlı olaraq ERCP xidməti üçün göndəriş tərtib olunsa da, göndərişi tərtib edən müəssisə tərəfindən ona həkim müayinəsi və tam qarın boşluğu KT (kompyuter tomoqrafiya) xidməti icra olunmamışdır. Göndərişi təqdim edən tibb müəssisəsinə ERCP xidməti üçün xəstənin MRCP və bilirubin qan analizinin nəticəsinin olmasının mütləqliyi bildirilmişdir. Eləcə də hepatomeqaliyanın nəyə bağlı olduğunu bildirən vital göstəricilərin və əməliyyatın gedişində həkim-qastroenteroloqa mütləq şəkildə vacib olan MRCP (maqnit rezonanslı xolangiopankreatoqrafiya) nəticəsinin təqdim olunmaması səbəbindən İddiaçı planlı ERCP xidmətinin göstərilməsi və göndərişin təsdiqlənməsi qeyri-mümkün olmuşdur. Əməliyyatın icra olunması üçün yuxarıda göstərilən sənədlər göndərişə əlavə olaraq təqdim olunmadıqda pasiyentlər birbaşa olaraq Cavabdeh PHŞ-yə müraciət edib zəruri tibbi xidmətlərdən yararlana bilir. Lakin İddiaçı Klinikaya birbaşa müraciət etməmişdir.” Bundan başqa cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 1 saylı Sumqayıt Şəhər Xəstəxanası tərəfindən verilmiş göndərişin natamam olması səbəbindən həmin göndərişin qəbul edilmədiyini bildirmişdir. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, cavabdeh etirazında sənədlərin natamam olması səbəbindən göndərişin təsdiq edilməməsini, habelə iddiaçının klinikaya birbaşa müraciət etməməsini, əgər birbaşa müraciət etsə idi, iddiaçının tibbi xidmətdən yararlana biləcəyini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının adına göndəriş verilmişdir, iddiaçı və cavabdeh isə məhkəmə iclasında verdikləri izahatlarında iddiaçının cavabdeh klinikaya müraciət etməsini və cavabdehin sənədlərin natamam olması səbəbindən göndərişi təsdiq etməməsini göstərmişlər. Belə olan halda məhkəmə xüsusilə qeyd edir ki, Cavabdeh PHŞ tərəfindən verilən etirazda göstərilmişdir ki, əməliyyatın icra olunması üçün yuxarıda göstərilən sənədlər göndərişə əlavə olaraq təqdim olunmadıqda pasiyentlər birbaşa olaraq Cavabdeh PHŞ-yə müraciət edib zəruri tibbi xidmətlərdən yararlana bilir”, yəni göstərilən natamam sənədlərin və xidmətlərin Cavabdeh PHŞ-də tamamlanma və icra edilmə imkanı mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 27 manat hissəsi alınaraq İddiaçı ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 27 manat hissəsi alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-555/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-555/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver