Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-57/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat dəymiş maddi ziyanın, 32 manat dövlət rüsumunun, ümumilikdə 1032 manat pulun tutulması, mənzilə axıdılan suyun qarşısının alınması üçün su borularının dəyişdirilməsi, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır və həmin qeydiyyat əsasında daşınmaz əmlak ona məxsusdur. Cavabdeh qonşu olmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 85, 44 saylı mənzilin sahibidir. Cavabdeh həmin mənzilə köçən gündən o, problemlərlə üzləşir. Belə ki, cavabdehin qanunsuz, hərəkətləri və səhlənkarlığına görə yaşadığı mənzil sahəsi artıq neçə illərdir ki, mütəmadi şəkildə suyla daşqın edilir. Cavabdehin özünə məxsus olan mənzilindən onun yaşadığı mənzilə su ilə daşqın edilmiş və ona böyük məbləğdə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı ustalar tərəfindən mənzilə ilkin baxış keçirilərək, mənzil sahəsinin yenidən qurma və bərpa işləri hazırkı vaxta qədər 1000 manat müəyyən edilmişdir. Hadisədən sonra cavabdehə onun mənzilinə ciddi ziyan dəydiyini bildirsə də o, dəymiş ziyanın ödənilməsindən imtina edir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində oldu. Cavabdehin qeyri-qanunsuz və səhlənkar hərəkətlərinə görə ona dəymiş maddi ziyan ödənilməlidir.
Tərəflərin izahatları:
3. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH ******* reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
8. 15.08.2022-ci il tarixli aktdan görünür ki, Qara Qarayev prospekti, 85 saylı evin, 41 nömrəli mənzilinin sahibəsi İddiaçı şikayət ərizəsi ilə müraciət etmiş və yaşadığı mənzilin üst qonşu Cavabdeh məxsus 44-cü mənzildən axan su nəticəsində mənzilinə ziyan dəydiyini bildirmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7381 nömrəli ekspert rəyinə əsasən mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini cavabdehin mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olmadığını nəzərə alaraq, 41 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 44 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də 44 saylı mənzilə aid su borularının, kanalizasiya xətlərinin dəyişdirilməsinə zəruriyyətin olub-olmamasının dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 41 saylı mənzilə su sızması 44 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 44 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ünvanında yerləşən 85 saylı yaşayış binasının 41 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 160 manat məbləğində müəyyən edilmişdir.
10. 24.01.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
11. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan 85 saylı evin, 41 nömrəli mənzilinə həmin evin Cavabdeh məxsus olan 44 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinə maddi zərər vurulmuşdur. Lakin cavabdeh həmin maddi zərəri iddiaçıya ödəməmişdir. Ekspert rəyində iddiaçıya məxsus 41 saylı mənzilə su sızması 44 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 44 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə biləcəyi qeyd edilmişdir. Lakin su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Ekspert tərəfindən keçirilən baxış zamanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 85 saylı evin, 41 nömrəli mənzilinə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 160 manat məbləğində müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
5-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir.
16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir.
17. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmanın baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi zərər dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi zərərin yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur.
18. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 1000 manat kimi göstərmiş, lakin ekspertiza rəyi ilə iddiaçının mənzilinə dəymiş zərər 160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddiaçının mənzilinə dəymiş maddi zərərə görə cavabdehdən 160 manat vəsait tutulmalıdır.
19. Məhkəmə iddia tələbinin “mənzilə axıdılan suyun qarşısının alınması üçün su borularının dəyişdirilməsi, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, ekspert tərəfindən verilən rəydə qeyd edilmişdir ki, mənzilə baxış cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Lakin 41 saylı mənzilə su sızması 44 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 44 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Göründüyü kimi su sızmanın dəqiq səbəbi müəyyən olunmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə:
21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi 160 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
22. İddiaçının tələbi qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 31 manat dövlət rüsumunun 4.96 manatı Cavabdeh, 26.04 manatı İddiaçı aid edilməlidir.
23. Bundan əlavə, işdə olan ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
24. Məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 16 manatı Cavabdeh, 84 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi 160 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 31 manat dövlət rüsumunun 4.96 manatı Cavabdeh, 26.04 manatı İddiaçı aid edilsin. Məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 16 manatı Cavabdeh, 84 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova