Məhkəmə qərarları › İş №2(007)-575/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-575/2024

06.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-575/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində idarə etdiyi “Mercedes Benz E200” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu “Koroğlu” körpüsünün üzərində yolun əks istiqamətinə çıxmış, nəticədə yolun əks istiqamətində gələn X5 idarə etdiyi “ Chevrolet” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində “Chevrolet” markalı avtomobilin arxa hissəsi onun idarə etdiyi Kia- Optima markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Nəticədə hər iki avtomobilin sürücüsü və maşında olan X7 və X3 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bununla da Cavabdeh AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nizami rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(008)-5228/2023 saylı qərarı ilə Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. O, özü toqquşmanın sərtliyindən başından zərbə almış və həmin zərbənin ucbatından indiyədək yemək yeyəndən sonra qusur. Çünki hadisə nəticəsində kəllə-beyin travması almışdır. Lakin 3 nömrəli klinik xəstəxanada MRT cihazı olmadığından kəllə-beyin travması barədə ekspert rəyi vermədilər. O isə özünü pis hiss etdiyindən kəllə-beyin travması barədə ekspert rəyi almaq üçün özəl klinikalara müraciət edə bilmir. Avtomobilə dəymiş ziyanı qiymətləndirmək üçün sığorta ödəyicisi "xxxx" ASCnin göstərişi ilə atası X9 tərəfindən istifadəsində olan Kia-Optima markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil evakuator vasitəsilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “KİA SERVİS”-in həyətinə gətirilmiş və avtomobilə dəymiş ziyan zədə aktına əsasən 3060 manat müəyyən edildi. Beləliklə də Cavabdeh təqsiri nəticəsində ona 3060 manat məbləğində ziyan vurulmuşdur. Dəymiş ziyanın yalnız 983,16 manatı ona Paşa Sığorta tərəfindən ödənilmiş, qalan 2076 manat isə cavabdeh tərəfindən ona ödənilməmişdir. Avtomobilə dəymiş Zədə aktı (forma 4) və ona ödənilmiş məbləğ barədə sənədlər Paşa Sığorta ASC-də saxlanıldığından və surətləri ona verilmədiyindən həmin sənədlərin məhkəmə sorğusu vasitəsi ilə tələb olunmasını xahiş edir. Göstərilənlərə əsasən, Cavabdeh avtomobilinə dəymiş ziyana görə 2076 manat və avtomobilsiz qaldığı müddət ərzində taksilərə xərclədiyi 900 manat, həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh avtomobilinə dəymiş ziyana görə 2076 manat və avtomobilsiz qaldığı müddət ərzində taksilərə xərclədiyi 900 manat, həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərdi ki, cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, Koroğlu körpüsünün üzərində yolun əks istiqamətinə çıxmış və zəncirvari hadisə baş vermiş, nəticədə onun idarə etdiyi “Kia Optima” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Baş vermiş qəzada onun günahı yoxdur. Hadisə nəticəsində o, özü kəlləbeyin travması almış, nəqliyyat vasitəsinə isə xeyli ziyan dəymişdir. "xxxx" ASC tərəfindən ona yalnız 983 manat ziyan ödənilmişdir. Zəncirvari qəza olduğu üçün digər zərərçəkmişə ziyan 5000 manat çox olduğu üçün sığorta tərəfindən daha çox pul ödənilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, 26 avqust 2023-cü ildə kruq dairəsindən düşəndə ani olaraq yuxuladığı üçün bir az xətti çıxmışdır. Həmin zaman maşın arxadan onun maşının üzərinə çıxmışdır. Hadisə olan vaxt maşını o deyil, başqa xanım idarə edirdi. Onun maşınına da ziyan dəymişdir. Maşın ölüxanalıq olmuşdur. 15.000-17.000 manat ziyana düşmüşdür, özü də xəsarət almışdır. Qolu və ayağı zədə almışdır. İddiaçı həm də taksi xərclərini də tələb edir, bu məbləğ çox yüksəkdir. Qəzadan sonra xərcləri sığorta qarşılayıb. Onun özü əlildir, uşaqları xəstədir, 150 manat pensiya alır və “Kapital Bank”a borcu vardır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:09 radələrində Atamoğlanov X1 idarə etdiyi Mercedes markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi X13 **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil və Chevrolet markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş və nəticədə xəsarət alanlar olmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007) 5228/2023 saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-RK-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Nizami rayonu Koroğlu körpüsünün üzərində yolun əks istiqamətinə çıxmış, nəticədə yolun əks istiqamətində gələn X5 idarə etdiyi “Chevrolet”markalı 50-eL-159 dövlət qeydiyyat nömrəli avtomobilin ön hissəsi ilə toqquşmuş, toqquşma nəəticəsində Chevrolet markalı avtomobilin arxa hissəsi İddiaçı Sanı qızıznın idarə etdiyi X13 99-Ns- 053 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. X2, İddiaçı Sanı qızı, X7, X3 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007)-5228/2023 saylı qərarına əsasən, Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələri idarə etmək hüququ 01 il müddətinə məhdudlaşdırılmışdır. - İş materiallarına taksi gedişlərini əks etdirən çıxarışlar əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, “Kia Optima” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar 3060 manat ziyan dəymişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, “Kia Optima” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar 3060 manat ziyan dəymişdir, 983.16 manat sığorta ödənişi edilmişdir (Sığorta məbləği 5000 manat). - xx.xx.2023-cü il tarixli köçürmə arayışından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı bank hesabına 983,16 manat sığorta ödənişi edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-RK-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Nizami rayonu Koroğlu körpüsünün üzərində yolun əks istiqamətinə çıxmış, nəticədə yolun əks istiqamətində gələn X5 idarə etdiyi “Chevrolet”markalı 50-eL-159 dövlət qeydiyyat nömrəli avtomobilin ön hissəsi ilə toqquşmuş, toqquşma nəəticəsində Chevrolet markalı avtomobilin arxa hissəsi İddiaçı Sanı qızıznın idarə etdiyi X13 99-Ns-053 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. X2, İddiaçı Sanı qızı, X7, X3 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007)-5228/2023 saylı qərarına əsasən, Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələri idarə etmək hüququ 01 il müddətinə məhdudlaşdırılmışdır. "xxxx" ASC tərəfindən “Kia Optima” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar 3060 manat dəymiş ziyanın 983.16 manat hissəsi edilmişdir. Hazırda iddiaçı, dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası CPM-nin 65.4-cü və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddələrinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçıya 3060 manat maddi ziyan dəymişdir. Zəncirvari yol qəzası ilə bağlı sığorta şirkəti tərəfindən iddiaçıya sadəcə ziyanın 983,16 manat hissəsi ödənilmişdir (digər nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin yüksək olması ilə əlaqədar), qalan hissəsi ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyanın 2076 manat hissəsinin cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının avtomobilsiz qaldığı müddət ərzində taksilərə xərclədiyi 900 manat pulun tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi gediş haqqıların əks olunduğu çıxarışla isə iddia tələbini həmin hissədə əsaslı edə biləcək hər hansı hal müəyyən olunmur. Məhkəmə cavabdehin məhkəmə iclasında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, onun yol-nəqliyyat hadisəsinin törədilməsində təqsiri məhkəmənin müvafiq qərarı ilə sübuta yetirilmişdir, bununla bağlı məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda, cavabdehin məhkəmə iclasında göstərdikləri iddianın rədd edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı avtomobilinə dəymiş ziyana görə 2076 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı avtomobilinə dəymiş ziyana görə 2076 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar