Məhkəmə qərarları › İş №2(007)-586/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-586/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-586/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı olan “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ayda 235 manat, cəmi 470 manat olmaqla aliment məbləğinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 02 avqust 2007-ci il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində 575 saylı nikah akt qeydi ilə birgə nikaha daxil olmuş, həmin nikahdan iki övladları, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlu və yetkinlik yaşına çatmamış X5 doğulmuşdur. Nizami rayon məhkəməsinin 2(007)-1277/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hər uşağa 170 manat olmaqla hər ay cəmi 340 manat pul tutulması qət edilmişdir (AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-6474/2021 saylı qərarı ilə tam qüvvəyə minmişdir). Cavabdeh hazırda icraatda olan 2(007)-4674/2021 saylı mülki iş üzrə aralarında nikahın pozulması barədə iddia qaldırmışdır. 2(007)-4674/2021 saylı mülki iş üzrə verilmiş iddia ilə bağlı olduğu üçün qarşılıqlı iddia olaraq cavabdehə qarşı aliment məbləğinin artırılması iddiası verməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanuna əsasən bir uşağa minimum aliment məbləği 193 manat olmaqla, iki uşağa cavabdehdən 386 manat pul tutulmalıdır.

Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :

3. Cavabdeh İddiaçı “alimentin miqdarının artırılması” tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, İİ qrup əlildir, qazancı yalnız sabit məbləğdə olan 372 manat məbləğdə əlillik pensiyasından ibarətdir. əlavə hər hansı qazancı, gəliri yoxdur. 71 yaşı olduğu üçün, “Sosial Müavinətlər haqqında” Aərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxs hesab olunur. Həmçinin iddiaçının qarşılıqlı iddiada istinad etdiyi “Azərbaycan Respublikası 2022-ci il üçün yaşayış mimimumu haqqında” 3 ekabr 2022-ci il tarixli Qanunda 2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat, 14 noyabr 2023-cü il tarixli Qanuna əsasən isə 2024-cü il üçün yaşayış minimumu pensiyaçılar üçün 222 manat müəyyən edilmişdir. Belə olduğu halda o İİ qrup əlil və əmək qabiliyyəti olmayan şəxs 372 manat məbləğində pensiya aldığı halda, 386 manat aliment necə ödəməlidir? Bundan əlavə birinci nikahdan olan 1982-ci il təvəllüdlü övladı X11 Maştağa 1 saylı Respublika Psixatriya xəstəxanasında saxlanılır və onun minimum ehtiyacını ödəməkdə çətinlik çəkir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)-1277/2021 saylı qətnaməsini ədalətsiz hesab edir, həmin qətnamədən yuxarı instansiyalara kassasiya şikayəti vermiş, lakin təmin edilməyib. Bunun nəticəsidir ki, öhdəsində bugünə 4700 manat aliment borcu var. Yaşamağını minimum təmin etmək üçün qohum-əqrabasına külli miqdarda borcu yaranmışdır. Övladı xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlu hal-hazırda onun yanındadır. Ağdaş rayon Humanitar kollecində təhsil alır. Göstərilənlərə əsasən İddiaçı aliment artımı tələbinə dair iddiası 71 yaşı olduğu, əmək qabiliyyəti olmayan şəxs hesab olunduğu, İİ qrup əlil olduğu, qazancı yalnız sabit məbləğdə olan 372 manat məbləğdə olan əlillik pensiyasından ibarət olub, əlavə hər hansı qazancı, gəliri olmadığı, külli miqdarda aliment və digər borc məbləği öhdəsində qaldığı nəzərə alınaraq rədd edilməsini xahiş etmişdir.

İş materialları :

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1277/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək Cavabdeh 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ayda 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı Qabil qızının xeyrinə tutulması qət edilmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-423/2022 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması ilk iddia tələbi və İddiaçıCavabdeh qarşı alimentin artırılması və əmlakın bölünməsinə dair qarşılıqlı iddia tələbi ayrılaraq ayrıca icraatda baxılması, iddiaçı X3 cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair mülki işə baxılması hazırki 2(007)-423/2022 nömrə ilə davam etdirilməsi, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əmlakın bölünməsi tələbi üzrə mülki işə yeni nömrə verilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-423/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək Cavabdeh ilə X4 arasında xx.xx.2007-ci il tarixdə Nizami Rayon VVADQ şöbəsində bağlanmış və 575 saylı rəsmiləşdirilmiş nikah qeydinin pozulması qət edilmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-66/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiasının ayrıca icraata ayrılması və ayrılmış icraat məhkəmənin dəftərxanasında yeni nömrə altında qeydiyyata alınaraq, ayrıca icraatda baxılması və İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair iddiası üzrə mülki işdə 2(007)-66/2023 nömrəsi saxlanılması qərara alınmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “BHM və Partnyorları” vəkil bürosuna ünvanlandırdığı xx.xx.2022-ci il tarixli məktunda Cavabdeh adına xx.xx.2007-ci il tarixdən qeydiyyata alınmış əmlaklar barədə məlumat qeyd edilmişdir. Belə ki, Cavabdeh adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2860/2638A saylı bağ sahəsində 0.1175 ha yaşayış təyinatlı torpaq sahəsi Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən verilmiş Ləhiş ərazisindəki 2860/2863 nömrəli bağı istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 24926 nömrəli müqaviləyə Sabunçu rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)-2337/2011 nömrəli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixində; Ağdaş rayonu, Bulaqotağı kəndində 0.3063 ha yaşayış məntəqələri sayılan torpaq sahəsi Ağdaş rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2008-ci il tarixli, 4Ə-02-245 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixində; Ağdaş rayonu, Yuxarı Qəsil kəndində 0.6407 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Ağdaş rayon notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli, 4Ə-657 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində; Ağdaş rayonu, Yuxarı Qəsil kəndində təsərrüfat təyinatlı torpaq sahəsi Ağdaş rayon notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli, 4Ə-658 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində; Qusar rayonu, Avaran kəndində 0.1800 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Qusar rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2006-cı il tarixli, 4Ə-1-120 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehin bir neçə əmlakı vardır. Həmin əmlakların bir qismi birgə nikah dövründə və nikahdan əvvəl əldə edilmişdir. Həmin torpaq sahələrində əkin-biçin işləri aparılır. Cavabdehin Ləhiş bağları da var. Həmçinin caavdehin İnşaatçılar metrosunun yaxınlığında obyekti var. İddiaçı rayonda yaşayır. O işlə bağlı arada Bakıya gəlib gedir. Uşaqlar onun himayəsindədir. Böyük uşaq rayonda kollecdə oxuyur. Həmçinin qeyd etmişdir ki, cavabdehin Ağdaş rayonunda, Qusar rayonunda, Ləhiş bağlarında torpaq sahələrinin olması barədə sübutlar vardır. Cavabdeh Qusardakı torpaq sahəsini satarsa, aliment borcunu tam şəkildə ödəyə bilər. Qusar rayonundakı torpaq sahəsinin sotu 1000 manat, Bakıdakı torpaq sahəsinin sotu isə 2500 manat qiymətləndirilmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, tək gəlir yeri pensiyasıdır. O, 450 manat pensiya alır. Aliment onun pensiyasından tutulur, lakin onun hazırda 4000-5000 manat aliment borcu vardır. Alimentin pensiyasından tutulması ilə əlaqədar öz ehtiyaclarını qarşılaya bilmir, qohum-əqrabaya borcu yaranmışdır. Aliment borcu ilə bağlı onun torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş torpaq sahəsi 2500 manat dəyərində qiymətləndirilmişdir. Onun mülkiyyətində olan torpaq sahələrindən hazırda əkin-bikin işləri aparılmır. Ağdaşda olan torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahələrində yonca əkilir və əldə edilən gəliri iddiaçı özü əldə edir. İddiaçı əmlaklar üzərində payların müəyyən edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Qusarda onun 19 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 2007-ci il tarixdə almışdır. Qusarda olan torpaq sahəsindən gəlir əldə etmədiyini bildirmişdir. Qeyd etmişdir ki, onun Ləhiş bağlarının olmasının aliment tələbinə aidiyyatı yoxdur. Ləhiş bağlarında olan torpaq sahələrini aldığı zaman iddiaçının 5 yaşı var idi. Həmçinin izahatında qeyd etmişdir ki, onun birinci nikahdan xəstə oğlu var, o xəstəxanada qalır.

10. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə Azərbaycan respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə hazırlıq iclasında (xx.xx.2024-cü il tarixli) iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onları rayonda qoyub çıxıb getmişdir. Cavabdeh onun saxladığı 90 baş qoyunun 80 başını satmışdır. Rayonda olan torpaq sahələri boş sahədən ibarətdir və heç kimin istifadəsində deyil. Cavabdeh yaşadığı qeyri-yaşayış sahəsinin arxa hissəsini icarəyə vermişdir.

12. Məhkəmə iclasında dindirilmiş Cavabdeh Mustafa oğlu izahatında bildirmişdir ki, Ağdaşda anası ilə birlikdə yaşayır. Oxuyur və 65 manat stipendiya alır. Hazırda 20 gündür ki, tətil ilə bağlı atasının yanında qalır. 4 il əzrində tətil vaxtı gəlib Bakıda atasının yanında qalmışdır. Atasının yaşadığı yer qeyri-yaşayış sahəsidir, lakin yaşayış üçün mənzilə çevrilmişdir. Atası ona aliment pulundan başqa pul verməmişdir. Qardaşı Gəncəyə müvəqqəti getmişdir. Anası hazırda işləmir.

İşin faktiki halı :

13. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin nikahı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-423/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1277/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanlmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ayda 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat məbləğində sabit pul məbləğində aliment İddiaçı Qabil qızının xeyrinə tutulması qət olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1277/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşağa görə hər ay 235 manat olmaqla, cəmi 470 manat aliment məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışının hədləri:

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. Uşaq Hüquqları haqqında Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :

8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

21. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu :

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

25. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

26. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbini irəli sürmüş və tələbini uşaqların tələbatlarının artması və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır.

27. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.

28. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

29. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

30. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1277/2021 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilməsindən 3 il müddət keçməsi ilə əlaqədar ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişmiş, uşaqların təhsili ilə əlaqədar maddi tələbatları daha da artmış, uşaqlar üçün müyyən edilmiş yaşayış minimumu artmışdır.

31. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

32. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

33. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

34. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

35. Məhkəmə qeyd edir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və bu miqdar dəyişməlidir.

36. Cavabdehin İİ qrup əlil olması, 412 manat məbləğində pensiya alması ilə əlaqədar izahatına münasibətdə məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən hər iki valideyn yaşından, maddi vəziyyətindən asılı olmayaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Həmçinin icra haqqında qanunvericiliyə əsasən müəyyən edilir ki, qanunverici alimentlərin tutulması ilə bağlı icra sənədinin icrasını təmin etmək üçün borclunun əmək haqqı və ona bərabər sayılan digər gəlirlərdən (o cümlədən pensiyadan) 70 faizdən çox olmayan miqdarda tutqu aparılmasının mümkünlüyünü müəyyən edilmişdir (İcra haq Qanun 65.3; 65.4m). Bu isə onu göstərir ki qanunverici aliment ödəyən pensiyaçıları uşaqları saxlamaq öhdəliyindən azad etməmişdir.

37. Həmçinin məhkəmə cavabdehin alimentin onun pensiyasından tutulması ilə əlaqədar minimum yaşayışını təmin etmək üçün qohum-əqrabasına külli miqdarda borcunun yaranması və bundan əlavə birinci nikahdan olan 1982-ci il təvəllüdlü övladı X6 Maştağa 1 saylı Respublika Psixatriya xəstəxanasında saxlanılması və onun minimum ehtiyacını ödəməkdə çətinlik çəkməsi ilə bağlı izahatına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmçinin məlum olan haldır ki, o cümlədən cavabdeh öz izahatında da qeyd etmişdir ki, həmin uşağın ehtiyacları dövlət tərəfindən qarşılanır.

38. Məhkəmə həmçinin cavabdehin alimentin onun pensiyasından tutulması ilə əlaqədar minimum yaşayışını təmin etmək üçün imkanı olmaması, qohum-əqrabaya borcunun yaranmasına dair izahatına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, borclunun mülkiyyətində kənd təsərrüfat təyinatlı torpaq sahəsi, bağ sahəsi vardır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh həmin torpaq sahələrindən təyinatı üzrə istifadə etməklə və ya icarəyə verməklə gəlir əldə edə bilər.

39. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh hər ay 412.67 manat pensiya alaraq müntəzəm gəlir əldə etdiyindən övladlarına aliment ödəmək iqtidarındadır.

40. Məhkəmə qeyd edir ki, uşaqların yaşı, təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatları, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olması, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınaraq 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

41. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimenti alimentin miqdarı hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.

42. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

43. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlu 20 iyul 2024-cü il tarixində 18 yaşı olaraq yetkinlik yaşına çatacaqdır. Bununla Cavabdeh sadəcə 26 iyun 2009-cu il təvəllüdlü X5 ilə bağlı aliment öhdəliyi olacaqdır və bu isə cavabdehin maddi vəziyyətinin çətinləşməsi ilə nəticələnməyəcəkdir.

Məhkəmə xərcləri :

44. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

45. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

46. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 35.6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə :

47. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşaq üçün hər ay235 manat olmaqla ümumi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1277/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçın ödəməkdən azad edildiyi 35.6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar