Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-59/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh1 prosessual hüquqi varisi Kara (Şahverdiyeva) Nailə Bayram qızının iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1328.43 (bir min üç yüz iyirmi səkkiz dollar qırx üç sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 768.32 (yeddi yüz altmış səkkiz dollar otuz iki sent) ABŞ dolları faiz borcunun, müqavilə nüddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 188.10 (yüz səksən səkkiz dollar on sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 897.69 (səkkiz yüz doxsan yeddi dollar altmış doqquz sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 3182.54 (üç min yüz səksən bir dollar əlli dörd sent) ABŞ dolları borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan“Atrabank ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 404 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) % ödəmək şərtilə 1430 (bir min dörd yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 404 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlıvaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmişvə beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 1328.43 (bir üç yüz iyirmi səkkiz dollar qırx üç sent) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 768.32 (yeddi sent) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 188.10 (yüz səksən səkkiz dollar on sent) ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 897.69 (səkkiz yüz doxsan yeddi dollar altmış doqquz sent) ABŞ dolları, cəmi isə 3182.54 (üç min yüz səksən iki dollar əlli dörd sent) ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında Cavabdeh1 prosessual hüquqi varisi Kara (Şahverdiyeva) Nailə Bayram qızı iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.O, əlavə olaraq oğlunun rəhmətə getdiyini, onların həmin kreditdən xəbərləri olmadığını, övladını dəfn etdikdən sonra Tehranın Əsgərin bankdan pul götürdüyünü dediyini, Tehranla oğlunun 15 il bir yerdə işlədiyini, onların dost olduğunu, oğlunun heç bir əmlakı olmadığını, oğlunun iki övladı olduğunu, oğlunun bankdan pulu götürüb Tehrana verdiyini, bu barədə oğlunun həyat yoldaşına dediyini qeyd etdi. İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı ləğv prosesində olan İddiaçı ASCnin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsinin bağlandığını bildirmiş və tutmanın zaminə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 404 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28 faizlə, 1430 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 isə həmin məbləği kredit müqaviləsinin şərtlərinə uyğun vaxtında və lazımi qaydada ödəməyi öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 404 saylı zaminlik müqaviləsindən görünür ki, zamin həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1328,43 ABŞ dolları əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 768,32 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 897,69 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 188,10 ABŞ dolları borcu olmaqla, cəmi 3182,54 ABŞ dolları borcu vardır. - AZ-İİ 109665 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 20 noyabr 2020-ci ildə kəskin tənəffüs çatışmazlığından vəfat etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mövcud arxiv materiallarına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Məhkəmə tərəfindən aparılmış “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumat verilməsi” elektron sorğusundan görünür ki, 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına daxil edilən məlumatlar əsasında vərəsəlik işi aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün ləğv prosesində olan İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 404 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə 1430 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada kredit ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 404 saylı zaminlik müqaviləsindən görünür ki, zamin həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh1 20 noyabr 2020-ci ildə kəskin tənəffüs çatışmazlığından vəfat etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub ilə Cavabdeh1 adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli məktub və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub ilə də Cavabdeh1 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik götürmüşdür. O, 20 noyabr 2020-ci ildə kəskin tənəffüs çatışmazlığından vəfat etmişdir. Cavabdeh1 adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçməmiş, adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmiş və Cavabdeh1 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh1 adına heç bir vərəsəlik işi açılmamış, onun vərəsələri olmamış, adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə borcun zaminə yönəldilməsi hissəsi ilə bağlı bildirir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Zaminliklə təmin olunan öhdəlik, yəni ləğv prosesində olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.3-cü bəndi ilə nəzərdə tutulmuş vaxt, yəni xx.xx.2017-ci il tarixli borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilmişdir. Öhdəliyin icrası müddəti “16” oktyabr 2017-ci il tarixdə başa çatmalı idi. İddiaçı tərəfindən iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 03 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1328,43 (bir min üç yüz iyirmi səkkiz dollar qırx üç sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 768,32 (yeddi yüz altmış səkkiz dollar otuz iki sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 188,10 (yüz səksən səkkiz dollar on sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 897,69 (səkkiz yüz doxsan yeddi dollar altmış doqquz sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 3182,54 (üç min yüz səksən bir dollar əlli dörd sent) ABŞ dolları borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “Atrabank ASC-nin hesabına ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1328,43 (bir min üç yüz iyirmi səkkiz dollar qırx üç sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 768,32 (yeddi yüz altmış səkkiz dollar otuz iki sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 188,10 (yüz səksən səkkiz dollar on sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 897,69 (səkkiz yüz doxsan yeddi dollar altmış doqquz sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 3182,54 (üç min yüz səksən bir dollar əlli dörd sent) ABŞ dolları borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “Atrabank ASC-nin hesabına ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-59/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-59/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver