Məhkəmə qərarları › İş №2(007)-593/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-593/2024

19.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-593/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Əliabbas qızının Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qızıl-zinyət əşyalarının, yaxud onların dəyərinin ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Əliabbas qızının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Əliabbas qızının Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının, yaxud onların dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Əliabbas qızı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının, yaxud onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.85 əyarlı 344,41 qram və 7.50 əyarlı 27,5 qram qızılın və ya onun dəyərini təşkil edən 22589,60 manat məbləğində pulun və 160 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Əliabbas qızının vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 585 əyarlı 344,41 qram və 750 əyarlı 27,5 qram qızılın və ya onun dəyərini təşkil edən 22589,60 manat məbləğində pulun və 160 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı Əliabbas qızına verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri Adıgözəlov Allahverdi Babaş oğlu uzun illər Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermaqda sahibkarlıq fəaliyyəti göstərmişdir. Son illərdə isə Univermaqda zərgərlik şöbəsində sahibkar kimi fəaliyyət göstərirdi. 17 iyun 2010-cu ildə həyat yoldaşı A.Adıgözəlov qəflətən vəfat etdi. Onun ölümündən sonra o, Univermaqda olan həmin şöbəni işlətmək üçün satıcı tutdu. Əvvəlcə bir oğlan işlədi. Təxminən 2011-ci ilin yazında həmin şöbəyə əvvəldən tanıdığı cavabdehi satıcı təyin etdi. Həmin vaxt ünivermaqda olan şöbədə təxminən 4 kq-dan çox qızıl var idi. Cavabdehi əvvəldən tanıyırdı, ona inanırdı və etibar edirdi. Cavabdeh də həmişə onu inandırmağa çalışırdı ki, ona inansın, ona etibar etsin. 2015-ci ilin payızına qədər bu qaydada işlədilər. Yəni, cavabdeh satıcı kimi Mərkəzi Univermaqda onlara məxsus olan qızıl şöbəsində işləyirdi. Mütəmadi olaraq o, və ya kiçik qızı X1 onunla haqq-hesab edirdilər. 2015-ci ilin payızında qızı Pərvanə ailə qurduğu üçün fikirləşdi ki, o, artıq yaşlı qadındır (həmin vaxt 66 yaşı var idi), qızı isə ailəlidir. Gələcəkdə övladı olacaq və bundan sonra Mərkəzi Univermaqda onlara məxsus olan qızıl şöbəsinə gedib-gələ bilməyəcəklər. Ona görə birlikdə qərara gəldilər ki, qızılları topdan çəki üzrə (lom qiymətinə) satsın və şöbəni də Mərkəzi Univermağın rəhbərliyinə təhvil versin. Bununla həm də aylıq icarə haqqı, satıcıya əmək haqqı vermək və s. kimi xərclərdən azad olacaqdı. Bu fikri o və qızı Pərvanə 2015-ci ilin payızında Mərkəzi Univermaqda cavabdehə deyəndə o, onlara yalvardı ki, şöbəni təhvil versələr və qızılları lom qiymətinə satsalar o, işsiz qalacaq, ailəsi var, uşağı var və s. Onlardan xahiş etdi ki, şöbəni ona təhvil versinlər və qızılları da onda qalsın. O, qızılları bir dəfəyə satmaq istədiyini bildirəndə o, yalvardı ki, qızılları lom qiymətinə satsalar o, boş şöbədə işləyə bilməyəcək, özünün isə qızılı yoxdur, işsiz qalacaq. Cavabdeh onun onu uzun illər tanıdığını, 2011- 2015-ci illərdə onlar üçün işlədiyini və aralarında etibar yarandığını bildirdi və yenə də xahiş etdi ki, ona etibar etsin və şöbəni və qızılları ona etibar etsinlər. Onları razı salmaq üçün həm də əlavə etdi ki, əgər onlar qızılları lom qiymətinə satsalar zərgərlik məmulatlarının üzərində olan daş-qaşları çıxardıb real çəkisinə uyğun pul verəcəklər. O, isə onlara qızılları satdıqca üzərindəki daş qaşla birlikdə çəkisinə uyğun lom qiymətinə bərabər pul verəcək. Bu variant onlar üçün daha sərfəli idi, həm də cavabdehə etibar edirdilər. Cavabdeh isə həmin malları zərgərlik məmulatı kimi daha baha satacaqdı. Nəhayət 2015-ci ilin payızından onlar şöbəni cavabdehə təhvil verdilər. Artıq cavabdeh onların satıcısı deyildi, etibar etdikləri adam idi və külli miqdarda qızıllarını ona etibar etmişdilər. 2020-ci ilin ilk vaxtlarından o, cavabdehdən şübhələnməyə başladı. Belə ki, o, özünə təzə tikili binadan 140000 manata ev almışdı və oğluna toy etmişdi. 2020-ci ilin ilk günlərindən başlayaraq mütəmadi olaraq cavabdehi görüşə çağırıb, haqq-hesab etməyini, nəyləri qalıb, nəyləri satılıb aydınlaşdırmağa çağırsa da cavabdeh 15 ay (hər gün, hər həftə bir bəhanə ilə) onu aldadaraq görüşdən yayınırdı. Nəhayət, cavabdeh təxminən 2021-ci ilin fevral ayında onların evinə gəldi. O, qızı Pərvanə və cavabdeh onun yuxarıda göstərdiyi ünvanda - evində görüşdülər və haqq-hesab etdilər. Məlum oldu ki, 649,2 qram 585 əyarlı və 27,5 qram 750 əyarlı qızıl-zinət əşyaları ortalıqda yoxdur. Bundan əlavə 177,7 qram çəkidə qızıl-zinət əşyaları ortalıqda it-bata düşüb. Cavabdeh etiraf etdi ki, 649,2 qram 585 əyarlı və 27,5 qram 750 əyarlı qızıl zinət əşyalarını mənimsəyib və öz xətti ilə bir vərəqdə bu barədə iltizam yazdı. Cavabdeh həmin malları necə mənimsədiyini, niyə əskik gəldiyini demədi, ümumi sözlərlə bildirdi ki, başına iş gəlib, problemi var, tezliklə (əvvəlcə 01 mart 2021-ci il tarixə kimi, sonra isə 08 mart 2021-ci il tarixədək vaxt istədi) qaytaracaq, evini satacaq, sonra dedi bankdan kredit götürəcək. Bir sözlə cavabdeh cəmi 40877,0 manat dəyərində 649,2 qram 585 əyarlı və 27,5 qram 750 əyarlı qızıl zinət əşyalarını (585 əyar qramı 60 manatdan, 750 əyar qramı 70 manatdan) etibarından suiistifadə etməklə mənimsəyərək əsassız şəkildə varlanmışdır. 2021-ci ilin aprel ayında o, cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə cinayət işi başlanması üçün şikayət ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Prokurorluğuna müraciət etdi. Həmin ərizəsinə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində baxıldı və cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Bundan sonra, təkrar-təkrar şikayətləri əsasında cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar iki dəfə ləğv edildi, material yenidən araşdırıldı və yenidən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Sonuncu dəfə 10 may 2023-cü ildə belə qərar qəbul edildi. Bütün izahatlarında cavabdeh onun göstərdiklərini təsdiq etdi. Polisdə araşdırma zamanı da onun göstərdiklərinin təsdiq olunduğu qeyd olundu. Lakin, polis orqanı bu mübahisənin mülki xarakterli olduğunu əsas gətirərək cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etdi. Onu da qeyd edir ki, şikayəti polis orqanlarında araşdırılan dövrdə cavabdeh 17 may 2021-ci ildə onun yuxarıda göstərdiyi ünvanda ona 585 əyarlı 100,12 qram, 18 iyun 2021-ci ildə 585 əyarlı 50,0 qram, 14 aprel 2022-ci ildə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 585 əyarlı 50,5 qram, 24 iyul 2022-ci ildə 1000 manat, 16 sentyabr 2022-ci ildə 585 əyarlı 15,5 qram, 16 sentyabr 2022ci ildə 585 əyarlı 13,0 qram, növbəti dəfə - 2022-ci ildə (dəqiq tarixi unudub) 585 əyarlı 44,0 qram, 2023-cü ilin yanvar - fevral aylarında 4 dəfəyə cəmi 900 manat pul qaytarıb. Beləliklə, cavabdeh 585 əyarlı 649,2 qram (1 qramı 60 manat) və 750 əyarlı 27,5 qram (1 qramı 70 manat) olmaqla cəmi 40877,0 manat dəyərində qızıl zinət əşyalarından ona aşağıdakıları qaytarıb: 273,12 qram (585 əyar) qızıl - (16.387,2 manat dəyərində), 1900 manat pul, 1900 manatı da 31,67 qram (585 əyar) qızıl hesab etsələr yekunda Cavabdeh ona 585 əyarlı 344,41 qram və 750 əyarlı 27,5 qram qızıl zinət əşyasını və ya 2021-ci ilin aprel ayında - şikayət ərizəsi yazanda mövcud olan qiymətlərlə 22589,60 manat pulunu qaytarmalıdır.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı Əliabbas qızının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə etdi və ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. İddiaçı iddia edir ki, ona 22589,60 manat borcu var, amma onun borcu 16000-18000 manat məbləğində olmalıdır. Polisdə araşdırma gedendə qızıl və pul qaytarıb. Polisdə qaytarılan qızıllardan sonra hesabda iddiaçının onda 650 qram qızılı qalmışdır. O, qeyd etdiklərinə dair sübut təqdim etməli idi, lakin alınmadı. Hazırda qızıllar yoxdur.

6. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. 22.11.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Əliabbas qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 160 manat dövlət rüsumu ödəmişdir.

10. Tərtib olunmuş aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh borclu olduğu ümumi məbləğdən 100.12 qram çəkidə qızıl-zinət əşyalarını X4 Zeynəb təhvil aldı. Təhvil alınan miqdar ümumi borc olan 649.2 qram (585 əyar) və 27.5 qram (750 əyar) qızılın bir hissəsidir.

11. Qəbzdən görünür ki, İddiaçı Əliabbas qızı ümumi borcdan 2000 manat pulu və 50 qram qızılı 18 iyun 2021-ci ildə Hacı İbrahimovdan təhvil aldı. Daha sonra xx.xx.2022-ci ildə-50,5 qram, xx.xx.2022- ci ildə-1000 manat, xx.xx.2022- ci ildə-15,5 qram, xx.xx.2022ci ildə-13 qram verdiyi qeyd olunub, lakin təhvil alınması qeyd olunmayıb.

12. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Əliabbas qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Əliabbas qızını 2011-ci il tarixdən tanıyır. Pərvanə Zeynəbxanımın qızıdır. 2011-ci ilin yaz ayından 2015-ci ilin payız aylarına qədər X2 məxsus şöbədə işləmişdir. 2015-ci ilin payız aylarında Zeynəbxanım işləmək istəmədiyini ona bildirdiyi üçün ona təxminən iki kiloqramdan artıq qızıl-zinət əşyaları vermişdir. O, həmin qızılları satıb pulunu Zeynəbxanıma verəcəyinə vəd vermişdir. 2021-ci ilin təxminən fevral-mart aylarında o, Zeynəbxanım və qızı Pərvanə ilə birlikdə hesabat apardıqda 649,2 qram 585 əyarlı və 27,5 qram 750 əyarlı qızıl zinət əşyalarının hazırda onda qalması müəyyən olunmuşdur. 177.7 qram çəkidə qızıl zinət əşyalarını isə o, Zeynəbxanıma təhvil vermişdir. O, Zeynəbxanımdan aldığı qızılların hamısını ayrı-ayrı vaxtlarda sataraq əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin Zeynəbxanıma dəymiş maddi ziyanı yaxın müddət ərzində ödəyəcəyinə söz vermişdir.”

13. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 13 fevral 2024-cü il tarixli məktubundan görünür ki, 585 və 750 əyarlı 5 qramlıq üzüyün 2015-ci ilin İV rübü üzrə orta pərakəndə satış qiyməti müvafiq olaraq 177.61 və 233.37 manat, 750 əyarlı 5 qramlıq üzüyün 2023-cü ilin dekabr ayı üzrə orta pərakəndə satış qiyməti isə 597.27 manat təşkil etmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Əliabbas qızı əri Adıgözəlov Allahverdi Babaş oğlu vəfat edəndən sonra Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermaqda sahibkarlıq fəaliyyəti göstərmişdir. 2015-ci ildə icarəyə götürdüyü qızıl şöbəsini cavabdehə təhvil vermiş, həmçinin ona məxsus qızılları satması üçün etibar etmişdir. Cavabdeh öz növbəsində qızılları satıb həm özü pul qazanmalı, həm də iddiaçının pulunu qaytarmalı idi. Lakin cavabdeh iddiaçının ona etibar etdiyi qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda sataraq əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. İddiaçı cavabdehin hərəkətindən Səbail Rayon Polis İdarəsinə müraciət etsə də, müstəntiqin qənaətinə görə tərəflər arasındakı münasibətlər mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 may 2023-cü il tarixli qərar qəbul etmişdir. Cavabdeh məhkəmə iclasında borcunu qismən etiraf edərək 16000-18000 manat məbləğində borcu qaldığını, qızılların isə faktiki olaraq onda olmadığını bildirmişdir. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh qeyd olunan qızıl-zinət əşyalarının ona verilməsini etiraf etmişdir. 10 may 2023-cü il tarixli cinayət işinin başlanması haqqında rədd qərarından da görünür ki, 2021-ci ilin təxminən fevral-mart aylarında Zeynəbxanım və qızı Pərvanə ilə birlikdə hesabat apardıqda 649,2 qram 585 əyarlı və 27,5 qram 750 əyarlı qızıl zinət əşyalarının cavabdehdə qalması müəyyən olunmuşdur. Daha sonra cavabdehin iddiaçıya hissə-hissə qızıl-zinət əşyalarından və pul qaytardığını hər iki tərəf etiraf edir. Hazırda iddiaçı 585 əyarlı 344,41 qram və 750 əyarlı 27,5 qram qızılın və ya onun dəyərini təşkil edən 22589,60 manat pulun ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı qalan qızıl-zinət əşyalarının faktiki olaraq cavabdehdə olmaması müəyyən olundu. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan qızıl-zinət əşyaları, qızıl-zinət əşyaları olmadıqda isə onların orta pərakəndə satış qiyməti ilə dəyəri cavabdehə ödənilməlidir.

21. Göründüyü kimi iddiaçı cavabdehi uzun müddət tanıyıb ona etibar etmişdir. Lakin cavabdeh İddiaçı Əliabbas qızını aldadaraq ona maddi zərər vurmuşdur.

22. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 13 fevral 2024-cü il tarixli məktubuna əsasən 585 və 750 əyarlı 5 qramlıq üzüyün 2015-ci ilin İV rübü üzrə orta pərakəndə satış qiyməti müvafiq olaraq 177.61 və 233.37 manat, 750 əyarlı 5 qramlıq üzüyün 2023-cü ilin dekabr ayı üzrə orta pərakəndə satış qiyməti isə 597.27 manat təşkil etmişdir. Göründüyü kimi Statistika Komitəsi 585 əyarlı qızılın qiymətini yalnız 2015-ci ilə münasibətdə yazmışdır. Qeyd olunan statistik məlumata istinadən 2015-ci ildə 585 əyarlı qızılın 1 qramının orta pərakəndə satış qiyməti 35.52 manat, 2023-cü ildə 750 əyar qızılın 1 qramının orta pərakəndə satış qiyməti 119.45 manat təşkil edir. Belə olan halda məhkəmə 585 əyarı 2015-ci il qiyməti, 750 əyarı isə 2023-cü il qiyməti ilə hesablanmasını məqsədəmüvafiq hesab edir.

23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qızıl-zinət əşyalarının dəyərini 2021-ci il orta bazar qiymətləri ilə 585 əyarın qramını 60 manatdan, 750 əyarın qramını 70 manatdan hesablasa da 2021-ci ildə 585 əyar və 750 əyar qızılın qiymətinin məhz qeyd olunan kimi olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.

24. Beləliklə, iddiaçının tələb etdiyi 585 əyar 344,41 qram qızılın orta pərakəndə satış qiyməti (2015-ci il) 12233.44 manat, 750 əyar 27.5 qram qızılın orta pərakəndə satış qiyməti isə (2023-cü il) 3284.87 manat təşkil edir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə 15518.31 manat pul tutulmalıdır.

25. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.

26. Mülki Prosessual Məcəllənin tələbinə görə qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Beləliklə, Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən yəni təxminən 16000-18000 manat İddiaçı Əliabbas qızına borcu olduğunu etiraf etsə də borcunun 16000-18000 manat qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

Nəticə:

28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh 585 əyarlı 344,41 qram və 750 əyarlı 27,5 qram qızılzinət əşyaları və ya onların dəyərini (orta pərakəndə satış qiyməti) təşkil edən 15518.31 manat məbləğində pul alınaraq İddiaçı Əliabbas qızına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

29. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri olan ödənilmiş 160 manat dövlət rüsumunun 109 manatı cavabdehə, 51 manatı iddiaçıya aid edilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 585 əyarlı 344,41 qram və 750 əyarlı 27,5 qram qızıl-zinət əşyaları və ya onların dəyərini (orta pərakəndə satış qiyməti) təşkil edən 15518.31 manat məbləğində pul və ödənilmiş 160 manat dövlət rüsumunun 109 manatı alınaraq İddiaçı Əliabbas qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 51 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar