Məhkəmə qərarları › İş №2(007)-600/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-600/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-600/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 cəlb olunmaqla “əmək haqqının və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 cəlb olunmaqla “əmək haqqının və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, ödənilməmiş 6200 manat məbləğində əmək haqqının və 200 manat məbləğində maddi ziyanın Cavabdeh MMC-dən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla işəgötürən Cavabdeh MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında mühəndis, mexanik vəzifəsinə işə qəbul olunmuşdur. Əmək haqqı əvvəlcə 1127 manat, müqaviləyə dəyişiklik edildikdən sonra 1927 manat təşkil etmişdir. Müqavilə bağlandıqdan sonra işəgötürən tərəfindən əmək haqqı vaxtlı-vaxtında ödənilməmiş, buna görə də onun təşəbbüsü əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" yarımbəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Belə ki, o və digər işçilər işə qəbul olunduqları gündən iş vaxtından artıq işlərə, bayram və istirahət günləri işə çıxarılmalarına baxmayaraq əməyin dəyəri tam formada ödənilməmişdir. Bundan əlavə 3 aylıq əmək haqqı (iyun, iyul, avqust ayları üçün), 15 günlük məzuniyyət pulu da ödənilməmişdir. xx.xx.2022-ci ildə işdən azad edilsə də, ona son haqq-hesab vaxtında və düzgün hesablanmayaraq ödənilməmişdir. Bununla bağlı o və onunla eyni vəziyyətdə olan iş yoldaşları X3 Xidmətinin Bakı şəhər İdarəsinə cavabdeh tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişlər. Müraciətiləri araşdırılmış, həqiqətən də işçilərin son haqq-hesabı (əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) işəgötürən tərəfindən sonuncu iş günü qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqına uyğun olaraq hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. X3 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində yol verilmiş qanun pozuntusuna görə “Aznetdevelopment" MMC-nin rəhbəri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi qeyd olunmuşdur. Onun son haqq-hesabının hesablanmasında və ödənilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan cavabdeh təşkilatın direktoru Elçin Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi işəgötürən Cavabdeh MMC rəhbərliyi tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və onun əmək hüquqları ciddi surətdə pozulmuşdur. Halbuki, işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə 2022-ci ilin mart ayının 22-27-dək, xx.xx.2022-ci il tarixli əmrinə əsasən 2022-ci ilin may ayının 8 və 9-da işə çağrılmışdır. Bundan əlavə bunları şirkət tərəfindən işçilərə göndərilmiş e-maillər də sübut edir. Lakin həmin günlərə görə ona əlavə əmək haqqı ödənilməmişdir. Hər dəfə şirkət başqa müəssisələrin ona borclarının olduğunu bəhanə gətirmişdir. Beləliklə cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilərkən onun işlədiyi son 3 ayın əmək haqqısı, 15 günlük məzuniyyət pulu ilə bağlı son haqqhesab düzgün hesablanmamış, cavabdeh tərəfindən ona cəmi 6200 manat əmək haqqı ödənilməmişdir. Əlavə olaraq ona 200 manat maddi ziyan (hüquqi yardım xərcləri, mediasiya xərci, nəqliyyat xərci və s.) vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddiasının təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, iddia tələbini tam müdafiə etsə də, əmək hüquqları ilə bağlı 5792 manat əsas vəsait tutulmasına da etiraz etmir və hardasa vəsait uyğun gəlir. İddia tələbində olan əvvəlki aylar üçün əmək haqqı, son haqq-hesab olaraq 6200 manat məbləği özü hesablamışdır. O, iyun, iyul, avqust ayları işləmiş, sentyabr ayında işdən çıxmış, lakin ona ödəniş edilməmişdir. Onu xx.xx.2022-ci il tarixdə məzuniyyətə çıxarmışlar, o da məzuniyyətdən həmin ilin avqustun 28-də qayıtmışdır. Oktyabr ayında Elçin müəllimlə danışanda gözləməsini, ödəniş olacağını demiş, lakin bir ay da gözləsə də ödəniş olmamışdır. O, əmək pozuntusu üçün Əmək müfəttişliyi xidmətinə müraciət etmiş, ona cavabdeh tərəfdən hesablanmış 5792 manat məbləği yenidən hesablayacaqlarını bildirmişlər. Şirkətdə ondan hansı məbləğlə razı olduğunu soruşanda o, 6000 manat məbləğlə razı olduğunu bildirmişdir. Həmçinin, maddi ziyan olaraq tələb etdiyi 200 manat xərc üçün 50 manat mediasiya, 40 manat iddia ərizəsinin yazılmasına, ona əmək haqqı ödənilmədiyinə görə kredit borcunu vaxtında ödəyə bilmədiyi üçün gecikən kreditə görə 110 manat (taksi pulu daxil olmaqla) kredit xərclərini hesablamışdır. Əgər şirkət ona ödəniş etsə idi, məhkəməyə müraciət etmək məcburiyyətində olmayacaqdı. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qismən, yəni 5792 manat hissəni qəbul etdiklərini, mediasiya xərcinin tutulmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi və əlavə olaraq qeyd etdi ki, ödəniş etməmələrinin səbəbi Cavabdeh MMC-nin maliyyə durumunun çox pis vəziyyətdə olmasıdır, pul vəsaitləri olan kimi ödəniş edəcəklər. Cavabdeh MMC-də əmək haqqı, məzuniyyət və son haqq hesabla bağlı hesablamanı proqram hesablayır və bu əməliyyatları vergi də, dövlət də görür, yəni, heç bir səhvlik ola bilməz. Bundan başqa iddiaçıya əlavə ödənişlər, həmçinin bacısının təhsil haqqı ilə bağlı ödənişlər də edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qisməın təmin edilməlidir. İclasda tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı MMC-yə mexanik mühəndisi vəzifəsində işə düzəlmiş, əmək haqqı 1127 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavənin surətində görünür ki, işçiyə ayda 1927 manat əmək haqqı ödənilməsi müəyyən edilmişdir. - Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə xxxxxxx000800 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən vəzifəsi mexanik mühəndis olmuş, əmək haqqı 1127 manat olmuşdur. - İddiaçı Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmr ilə “Aznetdevelopment" MMC-də işə qəbul edilmiş, xx.xx.2022-ci ildə 179 nömrəli əmrlə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə əsasən işdən azad edilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərin surətindən görünür ki, İddiaçı 2022-ci il may ayının 8 və 9-da və 2022-ci ilin mart ayının 232-27-dək iş zərurəti ilə əlaqədar işə çağırılmışdır. - xx.xx.23022-ci ildə aparılmış elektron yazışmaların çıxarışından görünür ki, İddiaçı qeyri-iş günlərində - həftə sonu (şənbə, bazar) və bayram günlərində (Novruz bayarmı 2-3 gün istisna olmaqla) işə cəlb edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, “Aznetdevelopment" MMC-nin rəhbərliyi tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş və son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bununla da əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində yol verilmiş qanun pozuntusuna görə Cavabdeh MMC-nin rəhbərinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, yol verilmş nöqsanın aradan qaldırılması məqsədilə Cavabdeh MMC-nin ünvanına xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. - Hesabdan çıxarışdan görünür ki, İddiaçı 2022-ci ilin iyun, iyul aylarında hər ay üçün 1700,13 manat, avqust ayında 1593,27 manat, sentyabr ayı üzrə 1006,43 manat olmaqla cəmi 12751,82 manat ödəniş edilməli olsa da, iyun ayı üzrə 1492,68 manat, iyul ayı üzrə 1700,13 manat, avqust ayı üzrə 1593,27 manat, sentyabr ayı üzrə 1006,43 manat olmaqla cəmi 5792,51 manat qalıq borc mövcud olmuşdur. -xx.xx.2022-ci il tarixli MŞB/13 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsinə görə 40 manat pul ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçının vəzifəsi mühəndis mexanik, əmək haqqı isə 1127 manat təşkil etmiş, daha sonra həmin əmək müqaviləsinə 01 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli əmr ilə əmək haqqı 1927 manat olaraq dəyişdirilmişdir. Tərəflər arasında yarnmış narazılıqlarla bağlı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Lakin iddiaçı ilə son haqqhesab aparılmamış, əvvəlki aylar üçün əmək haqqı düzgün olaraq ödənilməmişdir. Bunu cavabdehin nümayəndəsi də qəbul etmiş və iddiaçıya 5792 manat əmək haqqı ödəniş edilməməsini qəbul etmişdir. Hazırda işin mübahisələndirilən halı isə iddiaçı əvvəlki aylar üçün əmək haqqı, son haqq-hesab olaraq 6200 manat məbləğində vəsaitin ödənilməli olduğunu hesablamış, həmçinin ona 200 manat (50 manat mediasiya xərci, 40 manat iddia ərizəsinin yazılmasına görə hüquqi xidmət haqqı, ona əmək haqqı ödənilmədiyinə görə kredit borcunu vaxtında ödəyə bilmədiyi üçün gecikən kreditə görə 110 manat (taksi pulu daxil olmaqla) kredit xərcləri) maddi ziyan vurulduğunu iddia etmişdir. Cavabdeh tərəf də iddia tələbi ilə qismən razılaşaraq ona 5792 manat son haqq-hesab ödənilmədiyini qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq (d bəndi); iş vaxtında artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək (e bəndi); qanunvericiliklə müəyyən edilmiş iş vaxtında çalışmaq (g bəndi); qanunvericiliklə müəyyən edilmiş həftələrarası istirahət günlərindən istifadə etmək (h bəndi); əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq (q bəndi) hüququ vardır. 12-ci maddəsinə əsasən işəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifələri daşıyır. 154.1-ci maddəsinə əsasən əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2-ci maddəsinə əsasən bu məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar, o cümlədən tərəflərin izahatları ilə Cavabdeh MMC tərəfindən onunla əmək müqaviləsinə xitam verilərkən onun işlədiyi son 3 ayın əmək haqqısı, 15 günlük məzuniyyət pulu ilə bağlı son haqq-hesab düzgün hesablanmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarış ilə İddiaçı 2022-ci ilin iyun, iyul aylarında hər ay üçün 1700,13 manat, avqust ayında 1593,27 manat, sentyabr ayı üzrə 1006,43 manat olmaqla cəmi 12751,82 manat ödəniş edilməli olsa da, iyun ayı üzrə 1492,68 manat, iyul ayı üzrə 1700,13 manat, avqust ayı üzrə 1593,27 manat, sentyabr ayı üzrə 1006,43 manat olmaqla cəmi 5792,51 manat qalıq borc ödənilməmişdir. Bu halı cavabdeh qəbul etmiş, iddia tələbini 5792 manat əmək haqqı ödəniş edilməməsi hissəsində etiraf etmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Hazırki, mülki iş üzrə iddiaçı cavabdeh tərəfindən ona cəmi 6200 manat əmək haqqı ödənilməməsi barədə iddia tələbi tam təsdiq edilmədiyindən və iddia tələbinin əmək haqqı üzrə 5792 manat ona qaytarılmasına etiraz etmədiyindən iddia tələbi “ödənilməmiş 6200 manat məbləğində əmək haqqının Cavabdeh MMC-dən onun xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, "xxxx" MMC-dən İddiaçı Şı̇ rzad oğlunun xeyrinə 5792 manat əmək haqqı məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin “200 manat məbləğində maddi ziyanın Cavabdeh MMCdən onun xeyrinə tutulması” hissəsinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən mediasiya xərci üçün 50 manat və hüquqi xidmət göstərilməsi üçün 40 manat ödəniş edildiyi sübuta yetirildiyindən, 110 manat taksi pulu və kredit xərcləri çəkməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə də qismən təmin edilməli və "xxxx" MMC-dən İddiaçı Şı̇ rzad oğlunun xeyrinə 50 manat mediasiya xərci, 40 manat hüquqi xidmət göstərilməsi ilə bağlı xərc tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-dən İddiaçı Şı̇ rzad oğlunun xeyrinə 5792 manat əmək haqqı məbləği, 50 manat mediasiya xərci, 40 manat hüquqi xidmət göstərilməsi ilə bağlı xərc məbləği olmaqla, ümumilikdə 5882 manat vəsait tutulmalı, iddia tələbi qismən təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında rüsum məbləği ödənilməlidir. Həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda iddia tələbi qismən təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalı olduğundan "xxxx" MMC-dən 78,82 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən İddiaçı Şı̇ rzad oğlunun xeyrinə 5792 manat əmək haqqı məbləği, 50 manat mediasiya xərci, 40 manat hüquqi xidmət göstərilməsi ilə bağlı xərc məbləği olmaqla, ümumilikdə 5882 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC-dən 78,82 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bak Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar