Məhkəmə qərarları › İş №2(007)-61/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-61/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-61/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xozeyin oğlundan dəymiş ziyan 12057 (on iki min əlli yeddi) manat, ekspertizalara çəkilən xərclər cəmi 450 (dörd yüz əlli) manat, cəmi 12507 (on iki min beş yüz yeddi) manat və ödənilmiş dövlət rüsumu 127,52 manat, ümumilikdə 12634,52 (on iki min altı yüz otuz dörd manat əlli iki qəpik) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, artıq uzun illərdir ki, göstərilən ünvanda yaşayır və qeyd olunan mənzil 1997-ci ildən onun xüsusi mülkiyyətindədir. Yuxarı mərtəbədə yaşayan cavabdeh dəfələrlə onun mənzilinə su axıdıb, lakin o, indiyədək qonşu olduqlarına görə güzəşt edib. 22 avqust 2022-ci il tarixində suların mənzilinə sızması nəticəsində onun mənzilinə böyük ziyan dəyib. Yuxarı mənzildən axan sular onun məzlini faktiki olaraq təmirsiz və yaşayış üçün yararsız vəziyyətə gətirib. O, dərhal MKİS-ə müraciət edib , lakin ona göstərilən köməklik nəticəsində su axımının qarşısı alınsa da, mənzil yaşayış üçün yararsız vəziyyətə düşüb. Bu səbəbdən o, dəymiş ziyanın qiymətləndirilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət edib və 02 sentyabr 2022-ci il tarixli rəydə mütəxəssislər onun mənzilinə dəymiş ziyanı 12057 manat həcmində müəyyən edibər. Daha sonra o, “Alternativ” Ekspertiza Mərkəzi” MMC-yə müraciət edərək suyun sızma mənbəyini müəyyən edilməsini xahiş edib. 10 noyabr 2022-ci il tarixli rəydə göstərilib ki, onun mənzilinə su sızma 7 saylı mənzildə layihədən kənar konstruktiv dəyişiklikdən baş verib. Beləliklə, onun mənzilinə ziyan vurulması səbəbi ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi tərəfindən aparılmış layihədən kənar konstruktiv dəyişiklikdir. Hesab edir ki, 7 saylı mənzilin mülkiyyətçisi Cavabdeh Xozeyin oğlu ona dəymiş ziyan olan 12057 manatı və iki ekspertizaya çəkdiyi xərcləri, yəni 200 manat və 250 manatı, cəmi 12507 manatı ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının mənzilinə yenə də, vaxtaşırı su axıdılması davam edir. Ekpert rəyləri ilə tam razı deyil. Təkrar ekspertiza zamanı ekspert iddiaçıya məxsus mənzilə cavabdehin mənzilində su axıdıldığını müəyyən etsə də, iddiaçının əmlakına dəymiş ziyan düzgün müəyyən edilməyib. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, mənzili artıq satıb, mənzildə kirayəçi yaşayır. Bu yaxınlarda mənzildə yaşayanlar soyuducunu elektrikdən ayırdıqları üçün yenə də, su sızma olub. Sukanal İdarəsinin məktubundan da qeyd edilib ki, su axma binanın kanalizasiyasında baş verib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya MH № 054564 saylı qeydiyyat vəsiqəsinin notarail qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə 157 №-li reyestr kitabının 26235 nömrəli vərəqində 30/360 №-si ilə xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır; - “X3” MMC-nin xx.xx.2022-ci il tarixli 125 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən, İddiaçı məxsus 3 saylı mənzilə suyun üst mərtəbədə yerləşən 7 saylı mənzildən sızması müəyyən edilir. Suyun sızmasının səbəbi isə 7 saylı mənzildə bundan öncə layihədən kənar konstruktiv dəyişiklik aparılaraq mətbəxin bağlı eyvana keçirilməsindən və əlavə olaraq kommunikasiya xətlərinin (su və kanalizasiya boru xətləri) keyfiyyətsiz çəkilməsindən baş verə bilər; - “X3” MMC-nin xx.xx.2022-ci il tarixli 301623 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı MMC-yə ekspertiza xərci kimi 200 manat ödəniş etmişdir; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 001-02/SR/09-2022 saylı rəyindən görünür ki, xərc yanaşması metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli küçəsi, 16 saylı evin 3 saylı, ümumi sahəsi 39 kv.m olan mənzilinə dəymiş zərərin xx.xx.2022-ci il tarixə dəyəri 12057 manat həcmidə müəyyən edilir; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 149225 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı MMC-yə ekspertiza xərci kimi 250 manat ödəniş etmişdir; - 50 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 356 saylı arayışından görünür ki, İddiaçı R.Rüstəmov küçəsi, ev 16, mənzil 3 ünvanında yerləşən məznilində pasport qeydiyyatındadır və hazırda həmin ünvanda yaşayır. Yaşadığı müddət ərzində dəfələrlər mənzilinə su sızması ilə bağlı müraciət etmişdir. Sonuncu dəfə müraciət xx.xx.2022-ci il tarixdə olmuşdur. Xanıma köməklik göstərilmişdir; - 50 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 21 saylı arayışından görünür ki, ünvan 4 ünvanı xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh məxsus olmuşdur; - Cavabdeh ilə X5 arasında xx.xx.2022-ci tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanaraq reyestrdə 4Ə-1403 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzilini X1, onun mülkiyyətinə vermişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü tarixli 10/2482 nömrəli rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" ASC-nin Nizami Rayon Sukanal İdarəsinin 11595969 saylı iş əmrinə əsasən baş vermiş su sızıntısının texniki səbəbinin kanalizasiya borusuna axıdılan bərk tullantıların olduğu müəyyən olunur. Qərardadın 2-ci sualı üzrə: ünvan 5 ünvanında yeləşən iş üzrə iddiaçıya məxsus 3 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1984 manat məbləğində müəyyən olunur; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü tarixli 10/1388 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 3 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 16 saylı evin 3 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 2-ci mərtəbəsində yerləşən 7 saylı mənzildən su axıdıldığı və nəticədə 3 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 7 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, 3 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 3 saylı mənzilə su sızması 7 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 16 saylı evin 3 saylı mənzilinə su sızmasının faktiki olaraq davam etmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 16 saylı evin 3 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2079 manat məbləğində müəyyən olunmuşdur. Qeyd: ilkin ekspertiza ilə təkrar ekspertiza arasında yaranmış fəqin səbəbi təkrar ekspertiza zamanı mənzildə müşahidə olunan əlavə qüsurların müəyyən edilməsi ilə izah olunur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 16, mənzil 3 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olmuş 7 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin konstruktiv elementlərinə maddi ziyan vurulmuşdur. Hazırda 7 nömrəli mənzil cavabdehin mülkiyyətində olmasa da, iddiaçının mənzilinə su sızma olan vaxt cavabhin mülkiyyətində olduğu müəyyən edilmişdir. İddiaçı hazırda da cavabdehin mənzlindən onun mənzilinə su axıdıldığını qeyd edirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 16, mənzil 3 saylı mənzilinə suyun axıdılmasının səbəbinin, su axılmasının hazırda davam edib-etməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, təkrar eksperita zamanı hər iki mənzilə baxış keçirilmiş və aparılmış eksperiment nəticəsində 3 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 16 saylı evin 3 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 2-ci mərtəbəsində yerləşən 7 saylı mənzildən su axıdıldığı və nəticədə 3 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Məhkəmə ekspertin rəylərini iş üzrə toplanmış və tədqiq edilmiş iş materialları ilə birlikdə qiymətləndirərək xx.xx.2024-cü tarixli 10/1388 nömrəli rəyi mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, bu rəy işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, rəydə əksini tapan məlumatlar qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı məxsus mənzilə qüsurlar əmələ gəlmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 12057 manat kimi göstərmiş, xx.xx.2024-cü tarixli 10/1388 saylı ekspertiza rəyi ilə isə həmin məbləğ 2079 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərə görə 2079 manat pulun tutulmaqla qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “ekspertiza xərclərinə görə ödənilmiş 450 manatın cavabdehdən tutularaq ödənilməsi” hissəsində iddianı əsassız hesab edir və məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertizalar təyin edilməklə araşdırma aparıldığından həmin xərclərin iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyan görə 2079 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 127,52 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü tarixli 10/2482 saylı və xx.xx.2024-cü tarixli 10/1388 saylı saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 127,52 manat dövlət rüsumunun 106,32 manatı ona, dövlət rüsumunun 21,2 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 manatın 16,62 manatı Cavabdeh, 83,38 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyan görə 2079 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 21,2 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 106,32 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun 16,62 Cavabdeh, 83,38 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar