Məhkəmə qərarları › İş №2(007)-626/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-626/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-626/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh və üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Ağa Qulu qızının Cavabdeh qarşı (üçüncü şəxs X8 cəlb edilməklə) “mənzildən istifadə etmək hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağa Qulu qızı Cavabdeh qarşı (üçüncü şəxs X8 cəlb edilməklə) “mənzildən istifadə etmək hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Kazımov ünvanındakı mənzildən istifadə etmək və yaşamaq hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 06.03.2020-ci il tarixdə nikah qeydə alınmışdır. 08.03.2020-ci il tarixdə Cavabdeh həyat yoldaşı kimi həmin mənzilə köçmüşdür. 08.09.2020-ci il tarixə qədər qeyd olunan ünvdanda onlar birlikdə yaşamaqla ümumi təsərrüfat işlərini aparmışlar. Cavabdehin ailə üzvləri də bu haqda bilirdi. Xüsusən də qızı Mətanət Hüseynova. Lkin bir neçə müddət sonra onların ailə işlərinə qarışmağa baılamışlar. Evdə münaqişə yaranmış və onu evdən çıxmağa sövq etmişlər. Ona görə də Cavabdeh ilə bir yerdə yaşamaları baş tutmamış və faktiki olaraq 15.09.2020-ci il tarixdən əlaqə kəsilmişdir. Hal hazırda cavabdehlə nikahlarının olmasına baxmayaraq M.Kazımov küçəsi 12 ünvanında yaşaya bilmir. Hesab edir ki, 06.08.2020-ci il tarixdə nikaha girdiklərindən cavabdehin razılıöı ilə həmin ünvana daxil olmuşdur. Eləcə də, cavabdehlə birlikdə yaşamaqla bərabər ümumi təsərrüfat işləri aparmaqla yaşayış sahəsindən istifadə etmək hüququ əldə etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı Ağa Qulu qızı ilə evlənmişdir. Lakin ailəsi onun evliliyinə razı deyil. Ona görə də Şükufəni həmin mənzildə yaşamağa qoymurlar. Onun evi mətanətin evindən ayrıdır. Kommunal xərcləri özü çəkir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X8 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil anası tərəfindən bağışlama ilə onun mülkiyyətinə keçmişdir. O, isə İddiaçı Ağa Qulu qızının həmin mənzildə yaşamasına razı deyil. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Ağa Qulu qızı məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 392803 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Ağa Qulu qızı arasında olan nikah 06 mart 2020-ci il tarixdə qeydə alınmışdır. - AR DİN tərəfindən 11 noyabr 2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - 30 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X11 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 1/6 hissəni, “B” tikilisini X5 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 1/6 hissədə “C” tikilisi X2, 1/6 hissədə X3, 1/6 hissədə, X6, 2/6 hissədən qalan hissədə X9, 2/6 hissədən bir otaq X7 15.09.2011-ci il tarixdə, 1/6 hissədə X1 20.04.2012-ci il tarixdə, 1/6 hissədə “B” tikilisi X4 adına 11.12.2015-ci il tarixdə paylı mülkiyyət kimi qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Ağa Qulu qızı ilə Cavabdeh ilə 06 mart 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh İddiaçı Ağa Qulu qızının özünün də qeydiyatda olduğu ünvan 1 ünvanına köçürmüşdür. Cavabdehin ailəsi ilə iddiaçı arasında yaranan mübahisələrdən sonra iddiaçı mübahisəli mənzili tərk etmişdir. Hazırda İddiaçı Ağa Qulu qızının Cavabdeh qarşı (üçüncü şəxs X8 cəlb edilməklə) “mənzildən istifadə etmək hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 6 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri iddiaçının mübahisəli mənzilə köçdüyü 2020-ci il tarixdən başlanmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən hazırki mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə yuxarıda qeyd olunan maddi normaların tələbindən çıxış edərək qeyd edir ki, Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi deyil, həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 1/6 hissədə “C” tikilisi X2, 1/6 hissədə X3, 1/6 hissədə, X6, 2/6 hissədən qalan hissədə X9, 2/6 hissədən bir otaq X7 15.09.2011-ci il tarixdə, 1/6 hissədə X1 20.04.2012-ci il tarixdə, 1/6 hissədə “B” tikilisi X4 adına 11.12.2015-ci il tarixdə paylı mülkiyyət kimi qeydə alınmışdır. Göründü kimi, mülki iş üzrə üçüncü şəxs olan X8 mübahisəli mənzilin paylı mülkiyyətçisidir. O, isə iddiaçının həmin mənzilə istifadə hüququnun tanınmasına razı deyil. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Ağa Qulu qızı Cavabdeh qarşı (üçüncü şəxs X8 cəlb edilməklə) onun Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Kazımov ünvanındakı 12 saylı mənzildən istifadə etmək və yaşamaq hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ağa Qulu qızının Cavabdeh qarşı (üçüncü şəxs X8 cəlb edilməklə) onun ünvan 2 ünvanındakı mənzildən istifadə etmək və yaşamaq hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət İddiaçı Ağa Qulu qızına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar