Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-643/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Paşayeva Səbinə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qızı Təranənin əridir. 2019-cu ilin sentyabr ayında cavabdeh zəng edərək ona bir qədər pul lazım olduğunu bildirmişdir. Əllərində pul olmadığından evdə qərara gəlmişlər ki, bankdan kredit götürsünlər. Bunun üçün “Beynəlxalq Bank”a müraciət etmiş və Mingəçevir filialından ona xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit verilmişdir. Kredit ona illik faiz dərəcəsi 24 faiz olmaqla 48 ay müddətinə verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, faizi ilə birlikdə həmin borc cəmi 5005.32 manat təşkil etmişdir. Aralarında olan razılığa əsasən həmin borcu cavabdeh ona tezliklə qaytarmalı idi. O, hələ də kredit borcunu banka ödəyir. Cavabdeh həmin borcu ona ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Maddi vəziyyəti çox ağırdır, pensiya ilə dolanır, heç bir yerdən əlavə gəliri yoxdur. Onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixdə məxaric qəbzinə əsasən bankdan götürdüyü 3168 manat pulu elə həmin gün də bank vasitəsilə cavabdehə göndərmişdir. Pulunu cavabdehdən ala bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, 5005 (beş min beş) manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, qeyd olunan krediti cavabdeh onların qızının əridir deyə götürmüşlər. İddiaçı isə onun həyat yoldaşıdır və həmin vaxt müəllimə işləyirdi. Cavabdeh zəng vurub yoldaşından pul istədikdə yoldaşı öncədən razılaşmayıb ki, “biz təqaüdçü olduğumuz halda nə borca pul, nə də ki kredit götürə bilmərik, sonra həmin borcu ödəmək çətin olacaq”. Lakin cavabdeh “narahat olmamağını və borcu qaytaracağına” dair söz vermişdir. Bundan sonra yoldaşı razılaşıb və öz adına kredit götürüb. Cavabdeh isə nə borcunu, nə cəriməni, nə də ki faizləri ödəmədi. Cavabdeh yoldaşına zəng vuranda, qızının bundan xəbəri olmamışdır. Bütün bunlardan sonra cavabdeh iddia edir ki, onun bu pula ehtiyacı yoxdur. Əgər yoxdursa onda niyə digər iş üzrə aliment tələb edir? Bundan başqa, cavabdeh onun yoldaşına borcla bağlı 2019-cu ilin sentyabr ayında zəng vurmuşdur. Borc bank vasitəsi ilə alınaraq cavabdehə verilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, o, polkovnik-leytenant rütbəsində işləmişdir və 4000 manat maaş almışdır. Bu qədər maaş aldığı halda kredit götürməsi məntiqsizdir. O, iddiaçının qızı ilə 12 il birgə nikahda yaşayıb. Hazırda isə nikahları pozulub. Uşaqlar isə onun himayəsindədir. İddiaçının nümayəndəsi və onun həyat yoldaşı, o, sonuncuların qızları ilə nikahda olarkən Mingəçevir şəhərindən Bakıya pul göndərirdilər. Həmin pulu isə borc yox, qızının ailəsinə maddi köməklik kimi göndərirdilər. Birgə nikah dövründə borc götürmüşlər və hazırda həmin borcu o, tək ödəyir. Kredit isə iki ildir ki, götürülüb. Amma məhkəməyə borcla bağlı iki ildən sonra müraciət olunub. O, əvvəllər işləyəndə 4400-4500 manat məbləğində maaş alırdı. Müqavilə isə xx.xx.2019-cu ildə bağlanıb. Etiraf edir ki, iddiaçı qeyd olunan məbləği bank vasitəsilə ona göndərmiş və o, da pulu götürüb. Lakin həmin pul cavabdeh və ailəsi tərəfindən borc götürülmüşdü və onlar borclarını qaytarırdılar. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********77 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə bank tərəfindən borcluya 48 ay müddətinə illik 24 faiz olmaqla, 3200 manat kredit verilmişdir. Borc alan müəyyən edilmiş şərtlərlə və qaydada kredit borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli BPM**********77 saylı məxaric orderindən görünür ki, həmin tarixdə "xxxx" ASC tərəfindən 3168 manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli BPM**********16 saylı mədaxil qəbzindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh hesabına 3036 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 41-8299/2022 saylı məktubundan və ona əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC-nin Yasamal filialında Cavabdeh adına olan ******************** saylı bank hesabına xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən 3.036 manat məbləğində vəsait mədaxil edilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********77 saylı kredit müqaviləsinə əsasən, həmin tarixdə bank tərəfindən borcluya 48 ay müddətinə illik 24 faiz olmaqla, 3200 manat kredit verilmişdir. "xxxx" ASC tərəfindən 3168 manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli BPM**********16 saylı mədaxil qəbzinə əsasən, həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh hesabına 3036 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Hazırda iddiaçı qeyd olunan krediti cavabdehin ondan borc kimi aldığını və müqavilənin bağlandığı tarixdə də 3036 manat məbləğində pul vəsaitini cavabdehin bank hesabına köçürdüyünü, lakin cavabdehin borcunu qaytarmadığını bildirərək bu barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə səbəb olmuş şifahi borc müqaviləsi bağlanmış, həmin şifahi razılaşmaya uyğun olaraq, cavabdehin xahişi ilə, iddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən kredit götürərək cavabdehə 3036 manat məbləğində borc vermiş, həmin pulu həmin tarixdə cavabdehin bank hesabına göndərmişdir. Cavabdeh borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, öz öhdəliklərinə əməl etmədiyindən iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmiş, öhdəliyinə əməl etməmişdir. Cavabdeh borcu qaytarmadığına görə iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borcu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. İddiaçının təqdim etdiyi sübutların tədqiqi, eləcə də işin faktiki halları ilə iddia tələbinin əsaslı olması, cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliyi pozması, öhdəliyinə əməl etməməsi tam sübuta yetirilmişdir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinə münasibətdə isə qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə hal-hazıradək 5005 manat borcun yarandığını (faiz borcu da nəzərə alınmaqla), cavabdehdən məhz buna görə 5005 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə isə qeyd edir ki, cavabdehin bank hesabına xx.xx.2019-cu il tarixdə köçürülmüş pul vəsaitinin 3036 manat olmasını nəzərə alaraq, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı banka ödənişlər etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı sonradan pul tələbi (ödənilmiş faizlərə dair) ilə məhkəmədə ayrıca iddia qaldıra bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdehin məhkəmə iclasında iddiaçının ona borc verməməsi əksinə ona olan borcunu qaytarması ilə bağlı göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı verilmiş borc məbləğindən cavabdehin hər hansı ödəniş etmədiyini qeyd etmiş, həmin hissədə sübut etmə yükü xx.xx.2019-cu il tarixdə pulu bank hesabı vasitəsilə qəbul etməsi nəzərə alınmaqla, cavabdehin üzərinə düşməsinə baxmayaraq, bunun əksini təsdiq edə biləcək dəlilini məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin göstərdiklərinin əsası yoxdur. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3036 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3036 (üç min otuz altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-643/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-643/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver