Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-65/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 600 (altı yuz) dəymiş maddi ziyanın, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 630 (altı yüz otuz) manatın tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanının sahibi Cavabdeh2 tərəfindən onun həmin ünvandakı 66 saylı mənzili su axınına qərq olub və evin dəhliz, mətbəx hissəsinin tavanı və divarının təmirinə xeyli zərər dəyib. Əmlakına dəyən ziyanın aradan qaldırmaq üçün cavabdehə müraciət edib, lakin razılığa nail ola bilməyib. Əmlaka dəyən zərər təqribən 600 (altı yüz) manata yaxındır. Cavabdeh2 oğluna məxsus +**********63 nömrəli mobil telefonla əlaqə saxlanıb, lakin heç bir nəticə əldə olunmayıb. Hadisədən sonra cavabdehə onun mənzilinə ciddi ziyan vurulduğunu bildirsə də, dəymiş ziyanın ödənilməsində imtina edib. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdehin qeyri-qanunsuz və səhlənkar hərəkətlərinə görə ona dəymiş maddi ziyan ödənilməlidir. Cavabdeh2 xx.xx.2023-cü il tarixə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi halların ona heç bir aidiyyəti yoxdur. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 32 nömrəli evin bir çox mənzilinə naməlum mənbədən su axma səbəbindən ciddi ziyan dəyib və onun mənzili bu səbəbdən bir neçə dəfə təmir olunub. Üst mərtəbədən mənzilinə naməlum mənbədən su axması səbəbindən dəyən ziyan daha da ciddidir. O, bu məsələ ilə bağlı lazımi dövlət orqanına müraciət edib. Keçən ilin sonunda məcbur olaraq evin ümumi kanalizasiya borusunu öz maddi və fiziki gücünə dəyişib. Sübut olaraq ərizəsinə iki ədəd fotoşəkil əlavə edilib. Qonşunun mənzilinə dəyən ziyanın ona aidiyyəti olmadığını onun mənzilində təmir işləri aparılan zaman su axmanın mənbəyi aydın şəkildə göstərilib. Hər ikisi bir-birindən razı qalıblar, heç bir mübahisə və fikir ayrılığı yaşamayıblar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin mənzilindən əvvəllər də su axıb. Hazırda mənzilinə suyun axıdılması dayanıb. MKİS-dən ona verilmiş məlumata əsasən mənzilin dəhlizinə qədər MKİS, dəhlizdən sonraki əraziyə görə mülkiyyətçi məsuliyyət daşıyır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib, izahat verərək bildirdi ki, iddiaçı ilə olan razılıqlarına əsasən o, öz mənzilində təmir işləri etməli və bununla aralarında mübahisə həll olmalı idi. Buna baxmayaraq, iddiaçı yenə də məhkəməyə müraciət edib. Nasazlıq binanın şaxtasında olub. O, şaxtanın borusunu dəyişib. Şaxta binanın içində olmasına və MKİS tərəfindən təmir edilməli olmasına baxmayaraq, o, 500 manat xərc çəkərək şaxtanın borusunu təmir edib. Ekspertiza keçirilən zamanı onların mənzilinə baxış keçirilməyib, sonrakı ekspertiza zamanı isə mənzildə heç kim olmadığı üçün baxış keçirilməyib. Cavabdeh artıq mənzilini sataraq, özgəninkiləşdirib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır. - 142 saylı MKİS-in rəisi Quliyev F., mühəndisi Məmmədzadə.A., sahə nəzarətçisi Qurbanov.R tərəfindən tərtib edilmiş ondan ötrü ki, 142 saylı MKİS-in istismarında olan B.Nuriyev küçəsi, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsində yerləşən xidmət etdikləri 32 saylı binanın 66-cı mənzilinin sahibi X2 tərəfindən daxil olan müraciət əsasında göstərilən ünvana tərəflərindən baxış keçirilib. Baxış zamanı aydın olub ki, üst qonşusu, sahibi Cavabdeh2 olan 69 saylı mənzildən onun mənzilinə su sızmaları olub. Yaranan su sızmaları nəticəsində 66-cı mənzilin hamam, mətbəx və dəhliz hissəsinin tavan və divarlarının təmirinə ziyan dəyib. - 142 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 51 saylı arayışından görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında yaşayır. xx.xx.2004-cü il tarixli 179601 nömrəli qeydiyyat vəsiqəsinə əsasən həmin mənzil ona məxsusdur. - X3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 216308 saylı müqavilədən görünür ki, X3 ünvan 3 ünvanında yeləşən mənzilini Cavabdeh2 satmışdır. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3944 nömrəli rəyindən görünür ki, 1-ci, 2-ci və 3cü suallar üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 66 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 69 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyini, 1 saylı mənzilin dəhliz, mətbəx və sanitar-qovşağı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən, 32 saylı evin 66 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 69 saylı mənzildən su axıdılığı və nəticədə 66 saylı mənzilin dəhliz, mətbəx və sanitar-qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 4-cü sual üzrə: Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən, 32 saylı evin 66 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin örtar bazar qiymətlərinə uyğun dəyəri təqribən 1082 manat məbləğində müəyyən olunub. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilib. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 32 saylı evin 66 saylı mənzilinə həmin evin Cavabdeh2 məxsus olan 69 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin konstruktiv elementlərinə maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Ekspert tərəfindən keçirilən baxış zamanı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 32 saylı evin 66 saylı mənzilinə suyun yuxarı hissədə yerləşən 69 saylı mənzildən sızması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh2 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh2 məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 600 manat kimi göstərmiş, xx.xx.2023-cü il tarixli 10/3944 saylı ekspertiza rəyi ilə isə həmin məbləğ 1082 manat məbləğində müəyyən edilmişdir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, 600 manat maddi zərərə görə pulun tutulmasına dair iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli 10/3944 saylı ekspertiza rəyi ilə razılaşmayaraq, onların mənzilinə baxış keçirilmədiyindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən mənzilə baxış keçirilməsi təmin edilməmişdir. Həmçinin, məhkəmə iclasında cavabdehin nümayəndəsi 500 manat xərc çəkərək binanın şaxtasında borcunu təmir etdiyi qeyd edərək, dolayı yolla iddiaçının mənzilinə suyun axmasının qarşısını almaq üçün tədbirlər görüldüyünü etiraf etmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi cavabdehin mülkiyyətçisi olduğu 69 saylı mənzilin artıq satıldığını qeyd etsə də, buna dair müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, tərəflər arasında mövcud mübahisə yarandındığı və iddiaçının mənzilinə su axıdıldığı vaxt 69 saylı mənzilin cavabdehin mülkiyyətində olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 600 manat maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 10/6027 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabehə adi edilməli və cavabdehin tutularaq iddiaçıya ödənilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 maddi ziyan görə 600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-65/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-65/2024
26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver