Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-665/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2183/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək Cavabdeh hər ay sabit pul məbləğində 14 dekabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 (iki yüz otuz beş) manat məbləğində alimentin və ödənilmiş 50 manat rusunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2183/2018 saylı qətnaməsi ilə iddia tələbim təmin edilmiş, 14 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(007)-6215/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 14 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160.0 (bir yüz altmış) manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Hazırki vəziyyətdə yenidən azyaşlı uşağın saxlanması üçün alimentin 2024-cü il üçün nəzərdə tutulan miqdarda artırılmasına ehtiyac və zərurət yaranmışdır. Belə ki, uşağın maddi vəziyyətini təmin etmək çətinləşmiş, təhsil, tibbi və sosial ehtiyacları 160 manatla təmin etmək mümkün deyildir. Cavabdehin fərdi əməklə məşğul olması, onun gəlirinin yaxşı olması imkan yaradır ki, alimenti 2024-cü il üçün müəyyən edilmiş 235 manat məbləği ilə ödəsin. Hazırda azyaşlı övladım əlavə təhsil proqramlarına qoşulmuş həmin proqramlar üzrə əlavə xərclərdə iştirak edir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-2183/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay sabit pul məbləğində ölkə üzrə müəyyən edilmiş 235 manat məbləğində aliment tutularaq ona ödənilməlidir.
İş materialları :
3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2183/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-6215/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 14 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 160 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
4. AZE seriyalı, 12850604 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixdə doğulmuşdur.
5. “Mediasiya Şurası” Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli MŞB/11/2024-01118 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin hər iki tərəf prosesin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı tərəfindən 50 manat İMS, 10 manat kargüzarlıq xərci ödənilmişdir.
Tərəflərin mövqeləri :
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh alimenti vaxtlı vaxtında ödəmir, onun 9-10 min manata yaxın aliment borcu vardır. Cavabdehin maddi vəziyyətində dəyişiklik olmamışdır. Uşaqların yaşayış minimumu məbləği artdığı üçün alimentin artırılıb 235 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, o, 160 manat alimenti ödəməkdə çətinlik çəkir, hal-hazırda rəsmi iş yeri yoxdur, muzdlu işləyir, özü və anası xəstədir, bundan başqa digər evliliyindən 2 övladı var və maddi vəziyyəti çox çətindir.
İşin faktiki halı :
8. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin faktiki əsası qismində məhkəməyə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılmasını bildirmişdir.
9. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarı:
8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə.
Məhkəmənin mövqeyi :
12. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq, iddiaçının izahatını nəzərə alaraq qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
13. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir.
14. İşin müəyyən edilmiş halı odur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2183/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-6215/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 14 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 160 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
15. Hazırda iddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2183/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir.
16. İş üzrə məhkəmə icraatı dövründə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarına xx.xx.2024-cü il tarixli Qərar ilə dəyişiklik edilmişdir.
17. Həmin dəyişikliyə əsasən “əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
18. Hazırki işin məhkəmə iclasında müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçı tərəfindən “alimentin miqdarının artırılması”na dair iddia tələbinin faktiki əsasını uşağın ehtiyaclarının artması və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması təşkil edir.
19. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin faktiki əsasını Ailə Məcəlləsinin 112-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hallar təşkil etmədiyindən, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artmasına əsaslandığından uşağın mənafeyi nəzərə alınmaqla hazırki iş üzrə icraata xitam verilməli və iddiaçıya icra icraatı qaydasında alimentin indeksasiyası üçün ərizə ilə məhkəməyə müraciət etməlidir.
Nəticə :
20. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva