Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-671/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə 3093,57 manat əsas borc, 206,74 manat faiz borcu və 87,18 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3387,49 manat borcun və 53,88 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 22% ödəmək şərtilə 4804 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə "xxxx" KB ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 30 noyabr 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 3093,57 manat əsas borc, 206,74 manat faiz borcu, 87,18 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3387,49 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhəkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.
İş materialları :
3. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 933nkSTB2/22 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixinədək, illik 22 faiz ödəmək şərtilə 4804 manat kredit verilmişdir. Həmin müqavilə üzrə zamin Cavabdeh2 “borcalan”ın bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, “borcalan”ın öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn faizlər, vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür.
4. xx.xx.2022-ci il tarixli 933nkSTB2/22 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü ilədək ayda 316 manat, illik 22 % ödəmək şərtilə 4804 manat kredit verilmişdir.
5. İddiaçı "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 933nkSTB2/22 saylı müqavilədən görünür ki, bankdan kredit götürmüş borcalan kreditor qarşısında öz öhdəliklərini icra edə bilmədiyi üçün zamin Cavabdeh2 məsuliyyəti üzərinə götürmüşdür.
6. İddiaçı "xxxx" KB ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 933nkSTB2/22 saylı kredit müqaviləsi üzrə 3093.57 manat əsas, 206.74 manat faiz borcu, 87.18 manat cərimə olmaqla, cəmi 3387.49 manat borcu vardır.
7. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh1 ünvanlandığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə xx.xx.2023-cü il tarixinə cavabdehin 3093,57 manat əsas, 117,44 manat faiz borcu, 28,01 manat cərimə olmaqla, cəmi 3239,02 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
8. Cavabdeh1 məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ərizədə 2020-ci il 2 sentyabr tarixində "xxxx" KB ASC-dən 10000 (on min) manat pul götürürərək iş yoldaşı Cavabdeh2 verdiyini və 2022-ci ilin avqust ayından ödəmələri gecikdirib ödəmədiyinə görə 2022-ci il noyabr ayının 12-də Cavabdeh2 zaminlik müqaviləsi bağlayaraq borcu ödəmək öhdəliyini öz üzərinə götürdüyünü və yenidən hesablanaraq cədvəl hazırlanıldığını, lakin 2023-cü ilin iyun ayından ödəmədiyinə görə bank tərəfindən onun məhkəməyə verildiyini bildirməklə həmin məbləğin Cavabdeh2 tutulmasını xahiş etmişdir.
9. Cavabdeh2 məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ərizədə əsas borclu Cavabdeh1 zamin olduğunun nəzərə alınaraq borcun qalan hissəsinin geri ödənilməsi üçün əsas borclu olaraq onun qəbul edilməsini xahiş etmişdir.
10. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 53,88 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları :
11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
12. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
13. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, №933nkSTB2/22 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 53,88 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi :
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
17. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
19. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
20. İş materiallarına (müqavilə, ödəniş qrafiki) əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" KB ASC tərəfindən xx.xx.2022-ci il tarixli 933nkSTB2/22 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh1 18 ay müddətinə (xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək), illik faiz dərəcəsi 22% ödəmək şərtilə 4804,00 manat məbləğində kredit verilmişdir. Lakin iş materiallarına (maliyyə arayışı) əsasən müəyyən olunur ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
21. Həmçinin Cavabdeh1 məhkəməyə ünvanladığı ərizəyə əsasən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsini, kredit müqaviləsi üzrə məbləği mübahisələndirməmiş, yalnız borcun ondan tutulmasını mübahisələndirmişdir.
22. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
23. Belə olan halda, məhkəmə qeyd edir ki, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı "xxxx" KB ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
24. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2023-cü il tarixli bildirişdə göstərilən məbləğdə, 117.44 manat məbləğində) tələb edə bilər.
26. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
27. Belə olan halda məhkəmə qeyd edir ki, ki, məhkəmə Cavabdeh1 xx.xx.2022-ci il tarixli 933nkSTB2/22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 3093.57 manat və faiz borcu qismində 117.44 manat ödənilməsi tələbini əsaslı hesab edir.
28. Müqavilələrin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “bank” “borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edir.
29. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 87.18 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir
Zaminlik müqaviləsi üzrə zamindən tutulmanın aparılması ilə bağlı :
30. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC-nin iddia tələbi zamin Cavabdeh2 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.
31. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli 933nkSTB2/22 saylı zaminlik müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki “Borcalan” bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, “Borcalan”ın öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirəməsi nəticəsində əmələ gələ faizlər (dəbbə pulu), vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürür.
34. Həmçinin həmin müqavilənin 1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, “Zamin” “Borcalan” nın bu Müqavilə üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Bank” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır.
35. Cavabdeh2 məhkəməyə ünvanladığı ərizəyə əsasən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsini, kredit müqaviləsi üzrə borc məbləğini mübahisələndirməmiş, yalnız borcun ondan tutulmasını xahiş etmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli 933nkSTB2/22 saylı kredit müqaviləsi üzrə 3093,57 manat əsas borc, 117,44 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 3221,01 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı "xxxx" KB ASC -yə ödənilməlidir.
Məhkəmə Xərcləri:
37. İddiaçı "xxxx" KB ASC məhkəməyə müraciət etmək üçün ödənilmiş 53,88 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
38. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 53,88 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
39. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli 933nkSTB2/22 saylı müqavilə üzrə 3093,57 manat əsas borc, 117,44 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 3221,01 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53,88 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 318-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 qız və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 933nkSTB2/22 saylı kredit müqaviləsi üzrə 3093,57 manat əsas borc, 117,44 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 3221,01 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53,88 manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddiaçı "xxxx" ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva