Məhkəmə qərarları › İş №2(007)-685/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-685/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-685/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı "İddiaçı" BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" BOKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "İddiaçı" BOKT MMC iddia ərizəsini dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04.06.2020-ci il tarixli 01313 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 4916.97 manat əsas, 740.13 manat faiz, 231.96 manat cərimə, cəmi 5889.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlıət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin, ümumilikdə 5919.06 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq "İddiaçı" BOKT MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə İddiaçı BOKT MMC arasında bağlanmış 04 iyun 2020-ci il tarixli, 01313 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-dən 24 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 20 % olmaqla 5610 (beş min altı yüz on) manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında 04 iyun 2020-ci il tarixli, 01313/ZM saylı Zaminlik Müqaviləsi (bundan sonra “zaminlik müqaviləsi”) bağlanmışdır. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri 28.08.2020-ci il tarixədək həyata keçirmiş və həmin tarixdən bugünədək müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqailəsinin 2.2.1-ci bəndinə əsasən Borc alanın Borc verən qarşısında Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə — kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və Borc alanın Borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Borc verənə dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla - Borc alanla birgə məsuliyyət daşıyır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, Borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, Borc alan Borc verənə ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0.2 % dərəcəsi ilə hesablanan penya ödəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, cavabdehlər borcunu ödəməkdən yayınırlar. Borcun ödənilməsi dəfələrlə cavabdehə təklif olunsa da, bunun nəticəsi olmayıb. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, 04 iyun 2020-ci il tarixli, 01313 saylı Kredit Müqaviləsinə əsasən o İddiaçı BOKT MMC-dən 24 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 20 % olmaqla 5610 manat məbləğində kredit almışdır. Son illər ölkədəki pandemiya səbəbi ilə işsiz qalmış, kredit borcunu ödəyə bilməmişdir. Hal-hazırda maddi durumu olduqca pisdir ailəni dolandıran yeganə insan odur. Məhkəmədən ona kömək göstərilməsini heç olmasa məbləğin hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş edir. Qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, oğlu Cavabdeh2 izahatı müdafiə edir. Məhkəmədən onlara kömək göstərilməsini heç olmasa qeyd edilən məbləğin hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 04 iyun 2020-ci il tarixli, 01313 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı BOKT MMC-dən 24 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 20 % olmaqla 5610 (beş min altı yüz on) manat məbləğində kredit almışdır. İş materiallarında olan 04 iyun 2020-ci il tarixli, 01313/ZM saylı zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün zamin qismində məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu 5610 manat məbləğində pulu 24 ay müddətinə hər ayın 04-dən gec olmayaraq 285.53 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT MMC-nin 07.09.2020-ci il tarixli 837 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan 31.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 "İddiaçı" BOKT MMC-yə 4916.97 manat əsas, 740.13 manat faiz, 231.96 manat cərimə, cəmi 5889.06 manat məbləğində borcu vardır. İş materiallarında olan 1767 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT MMC tərəfindən 5610 manat Cavabdeh2 ödənilmişdir. İş materialalarında olan 07.10.2020-ci il tarixli qəbzdən görünür ki, "İddiaçı" BOKT MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarından görünür ki, "İddiaçı" BOKT MMC ilə Cavabdeh2 arasında 04.06.2020-ci il tarixli 01313 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 20 % olmaqla 5610 (beş min altı yüz on) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında 04 iyun 2020-ci il tarixli, 01313/ZM saylı Zaminlik Müqaviləsi bağlanmışdır. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Zamin isə zaminlik öhdəliyinə əməl etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutub, maliyyə arayışda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 04.06.2020-ci il tarixli 01313 saylı kredit müqaviləsi üzrə 4916.97 manat əsas, 740.13 manat faiz borcu tutulmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 04.06.2020-ci il tarixli 01313 saylı kredit müqaviləsi üzrə 231.96 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 231.96 manat cərimə məbləğində dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 04.06.2020-ci il tarixli 01313 saylı kredit müqaviləsi üzrə 4916.97 manat əsas, 740.13 manat faiz, 20 manat cərimə, cəmi 5677.10 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "İddiaçı" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 04.06.2020-ci il tarixli 01313 saylı kredit müqaviləsi üzrə 4916.97 manat əsas, 740.13 manat faiz, 20 manat cərimə, cəmi 5677.10 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "İddiaçı" BOKT MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar