Məhkəmə qərarları › İş №2(007)-688/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-688/2024

19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-688/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh2, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərdən ünvan 1 ünvanının 4 otağının divar kağızı üçün tərəfindən ödənilmiş 2000 (iki min) manat, ustalara muzd kimi ödənilmiş 400 (dörd yüz) manat, yük daşınması üçün ödənilmiş 1300 (min üç yüz) manat olmaqla, ümumilikdə 3700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddiaçı Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş, həmin nikah xx.xx.2022-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İddiaçıla Cavabdeh3 nikaha daxil olmamışdan əvvəl cavabdehin ipoteka krediti ilə aldığı ünvan 2 ünvanda yerləşən mənzilin təmiri cavabdeh tərəfin ailəsinin və onların pul vəsaitləri hesabına aparılmışdır. Adıçəkilən məzilin təmirinin aparılması barədə razılaşma belə qaydada olmuşdur ki, toya qədər onların maliyyə çətinliyi olduğundan evin təmirinə onlar maddi cəhətdən köməklik göstərilsin və çəkdikləri xərc cavabdehlər tərəfindən sonra onlara qaytarılsın. Həmin mənzilin təmirinə çəkilən xərc 4 otağın divar kağızlarına 2000 manat və həmin divar kağızlarının yapışdırılması üçün ustalara ödənilmiş 400 manat muzd olmuşdur. Bununla da cavabdehlər özlərinə məxsus daşınmaz əmlaka onların pul vəsaitləri hesabına investisiya etmişlər. Əlavə olaraq cavabdeh və ailəsi qızı İddiaçı cehiz əşyalarının həmin mənzildən təcili çıxarılmalı olduğunu bildirib onları həmin əşyaları dərhal çıxarmağa məcbur buraxdılar. Məsələnin təcililiyi həmin əşyaların çıxarılmasında qohum və dostların köməyindən istifadə etmək imkanından məhrum etdiyindən və məcbur qalıb təcili olaraq 166 daşıma xidmətindən istifadə edilmişdir. Cavabdehlərin hərəkətlətrinə görə xidmətə yüklərin daşınması və saxlanılması üçün 1300 manat ödəməyə məcbur olmuşlar. Həmin məbləğ də cavabdehlərdən tutularaq ona ödənilməlidir. Çünki cavabdehin təqsirli hərəkətləri səbəbindən ailəyə maddi və eyni zamanda da mənəvi zərər yetirilmişdir. Bütün bu baş verən proseslərdən sonra ailə ağır psixoloji sarsıntılar keçirmiş, qızı daimi yaşayış yeri olan ata evini sonradan tərk edərək Bakı şəhərinə getmişdir. O və ailəsi cavabdeh tərəfindən onlara yaşadılan psixoloji travmanı heç cür dəf edə bilməmişdir. Ona görə də cavabdehlərdən 10000 manat pul mənəvi zərər qismində tutularaq onlara ödənilməlidir.

Tərəflərin izahatları :

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Tələt oğlu məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edərək izahatında bildirmişdir ki, qızı ailə quranda cavabdehlər tərəfindən alınmış evin oboyunu dəyişmək qərarına gəlmişdir. Qeyd etmişdir ki, əslində cavabdehlər evi təmir etmişdilər. O, özü də maddi köməklik etmək istədiyindən evin oboylarını almış və onu dəyişmək üçün usta pulu vermişdir. Növbəti məhkəmə iclasında müvafiq sübutları məhkəməyə təqdim edəcəyini bildirmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hadisə olan vaxtı iddiaçı tərəf onların evində qalmışlar. Onlar gecə valideyin kimi övladları ilə danışmış, lakin onları yola gətirə bilməmişlər. İddiaçı tərəf oğlu bilet almamış hazırlaşıb getmək istəmiş və 166 yük daşıma şirkətinə zəng vurmuşlar. Oğlu ilə iddiaçı boşanmamış Fəxrəddin qızını, cehizləri, həmçinin qızılları da götürüb aparmışdır. İddiaçı tərəfdən heç kim cehizləri dərhal yığıb aparmasını tələb etməmişdir. O, Nümayəndə xahiş etməmişdir ki, evin oboylarını dəyişsin. Usta ona zəng vuraraq bildirmişdir ki, tanımadığı bir adam ondan evin oboylarını dəyişməsini istəyir. Həmçinin izahatında bildirmişdir ki, oboyların qiyməti iddiada yazılan məbləğ qədər deyil, həmin oboylar 19 manatlıq oboylardır. Bununla bağlı ekspertiza təyin edilib qiymət müəyyən edilə bilər.

6. Cavabdeh X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mart ayının 5də iddiaçı ilə oğlu evlənmişlər və evləndikdən 1 ay keçməmiş, arlarında mübahisələr yaranmağa başlamışdır. O şəxsən oğlunun evinə gedib iddiaçı ilə oğlunu barışdırmaq istəmiş, lakin alınmamışdır. Fəxrəddin bildirmişdir ki, Nihad boşanmaq üçün ərizə verməyincə qızını aparmayacaqdır. Lakin Nihad bilet almamış, iddiaçı tərəf tələsik cehizləri yığmışlar. İddiaçı tərəfdən heç kim cehizləri dərhal aparmasını tələb etməmişdir.

7. Əvvəlki məhkəmə hazırlıq iclasında müki işin ərazi aidiyyətı üzrə göndərilməsi məsələsi tərəflərlə müzakirə edilərkən, cavabdehlər bütün sübutlar Bakı şəhərində olduğundan mülki iş ərazi aidiyyətı üzrə göndərilməsinə etiraz etmişlər.

8. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və X4 mülki işin ərazi aidiyyətı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər.

Tətbiq edilən hüquq :

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Məhkəmənin mövqeyi :

10. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, mülki iş ərazi aidiyyəti üzrə Naxçıvan şəhər Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırki mülki iş ərazi aidiyyatına dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla icraata qəbul edilmişdir.

12. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən əgər qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia iddiaçının seçiminə görə cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

13. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

14. Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

15. Həmin qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: a. Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; b. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə. c. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; d. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.

16. İş materialları və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən edilir ki, Cavabdeh3 ünvan 3 ünvanında, Cavabdeh2 ünvan 3 ünvanında və digər cavabdeh isə X1 Muxtar Respublikası, Naxçıvan şəhəri, məhəllə 56, ev 10 ünvanında qeydiyyatdadırlar.

17. Belə olan halda, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Naxçıvan şəhər Məhkəməsinə verilməli olduğu halda, iddiaçı tərəfindən ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir.

18. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əvvəlki məhkəmə hazırlıq iclasında müki işin ərazi aidiyyətı üzrə göndərilməsi məsələsi tərəflərlə müzakirə edilərkən, cavabdehlər Cavabdeh2 və X4 bütün sübutlar Bakı şəhərində tədqiq edilməli olduğundan, belə ki, ekspertiza təyin ediləcəyi halda mənzil Bakıda olduğundan, şahidlər Bakıda yaşadığından mülki işin ərazi aidiyyətı üzrə göndərilməsinə etiraz etmişlər.

19. Belə olan halda məhkəmə mülki işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılmasını məqsədə müvafiq hesab etmişdir. Lakin sonrakı məhkəmə iclaslarında iddiaçı məhkəmə iclasına gəlməmiş və sübutların təqdim edilməsi ilə bağlı müvafiq prosessual hərəkətləri etməmişdir.

Nəticə :

20. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyətınə dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan şəhər Məhkəməsinə göndərilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 45, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair 2(007)-688/2024 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar