Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-694/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və onun vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat əsas borc, bankın uçot dərəcəsi miqdarında faizin, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun, 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 08.12.2019-cu il tarixdə 5000 (beş min) AZN məbləğində borc pul vermişdir. Cavabdeh həmin məbləğdə pulu 2020-ci ilin mart ayının 10-dək qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə qəbz tərtib edilmişdir və cavabdeh tərəfindən qəbzə imza edilmişdir. Borc verilərkən X5 iştirak elmiş və bu barədə tərtib olunmuş qəbzə imza etmişdir. Cavabdeh onun pul vəsaitini qanunsuz saxlayaraq ödəməkdən boyun qaçırır, mənə zərər vurur. Tərəfindən vəkilin göstərdiyi yardıma görə 300 ( üç yüz ) pul ödəmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən 08 dekabr 2019-cu il tarixdə yazılaraq imzası ilə təsdiqlənmiş iradə ifadəsindən görünür ki, o, İddiaçı 5 000 AZN borc pul götürdüyünü bildirmiş və həmin borcu martın 10-a dək qaytarmağı öhdəsinə götürmüşdür. - X5 tərəfindən 08 dekabr 2019-cu il tarixdə yazılaraq imzası ilə təsdiqlənmiş iradə ifadəsindən görünür ki, o, şahidlik etmişdir ki, onun dostu Cavabdeh İddiaçı 5 000 AZN borc pul almış və söz vermişdir ki, mart ayının 10-na qədər qaytaracaqdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı, cavabdeh X2 ilə 08 dekabr 2019-cu il tarixdə yazılı formada müqavilə bağlayaraq, 5 000 manat məbləğində pulu borcalan Cavabdeh vermiş, borcalan isə həmin məbləği 2020-ci ilin mart ayınadək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh həmin borc məbləğini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan müqavilə şəklində əqd, borc müqaviləsi bağlamışlar, iddiaçı cavabdehə nağd olaraq 5 000 manat məbləğində borc vermiş, cavabdeh 08 dekabr 2019-cu il tarixdə imza edərək həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Cavabdeh borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı vəkilə göstərdiyi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun cavabedhdən tutulmasını tələb etsə də, məhkəməyə bununla bağlı heçbir mötəbər sübut növü təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “bankın uçot dərəcəsi miqdarında faizin tutulması” hissəsini əsassız sayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən əldən çıxmış fayda tələb etməsi əsassızdır. Belə ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 5000,00 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla ümumilikdə 5030,00 (beş min otuz) manat məbləğində vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X1 tutularaq X3 verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5000,00 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla ümumilikdə 5030,00 (beş min otuz) manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-694/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-694/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver