Məhkəmə qərarları › İş №2(007)-73/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-73/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-73/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Tapdıq qızının iştirakı ilə, İddiaçı Tapdıq qızının Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı vurulmuş 1500 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 dənizçi olmuşdur. X7 xidmət etmişdir. Xidmət etdiyi dövrdə X9 tərəfindən 222 nömrəli orderlə atasına bu ünvan xidməti ev kimi verilmişdir. Hazırda həmin binada dənizçilər yaşayır. Bu mənzil B.Ağayev küçəsi, ev 118, mənzil 2 (yeni adı Kazım Kazımzadə) ünvanında yerləşir. O, İddiaçı bu mənzildə doğulmuş və ailəsi ilə birlikdə yaşayır. Ancaq atası 2002-ci il avqustun 07-də vəfat etmişdir. 2022-ci ilin yanvar ayında onların üstündə yeni ev alıb köçmüş Yeganə adlı şəxs, aldığı mənzildə təmir işləri apardığı tarixdə, yəni 2022-ci il yanvar ayının 06-da həmin B.Ağayev küçəsi, ev 118, mənzil 8 ünvanını yeni almış və orada təmirə başlamış Yeganə xanım ona aid olan evdən səhlənkarlıq edərək suyu buraxıb həmin mənzilin altında yerləşən iddiaçıya məxsus mənzilə ciddi ziyan vurmuşdur. X1 da həmin mənzərənin şahidi olmuş, yaşadıqları mənzilin yararsız hala düşməsini öz gözləri ilə görmüşdür. Bundan əlavə həyat yoldaşı Babaşov Rahim dəfələrlə üst qonşuları Yeganə xanımı xəbərdar etsə də ki, onların mənzilinə təmir vaxtı etdikləri zərəri qarşılasınlar, ancaq Yeganə xanım bu sözlərə məhəl qoymamışdır. Onlar aşağı təbəqə kasıb bir ailə olaraq çətinliklə dolanırlar. İlin bu günü dağılıb tökülən mənzillərini təmir etməyə imkanları yoxdur. Yeganə xanım tərəfindən edilən səhlənkarlıq nəticəsində onun evinin döşəməsi, divarı axar sudan tam yararsız hala düşmüş, ona ciddi ziyan dəymişdir. O, isə evinin təmirinə razılaşmayaraq, onlara ailəvi mənəvi və maddi ziyan vurmuşdur. Həyat yoldaşı Babaşov Rahim bir kənar usta gətirmiş, dəyən ziyanı müəyyənləşdirmişdir. Dəymiş ziyan 1500 manat dəyərində hesablanmışdır. Onlar da kasıb və çətinliklə dolanan ailədirlər. Bu gün bu təmiri etməyə heç gücləri yoxdur. Bu səbəbdən də, dövlətin ali orqanı olan məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, onlar dəfələrlə iddiaçı ilə danışmaq istəmişlər, lakin qarşı tərəf kobud şəkildə danışmışdır. Evə bu qədər su tökülməsə idi, məhkəməyə müraciət etməzdi. Mənzil çox pis vəziyyətdədir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 bildirmişdir ki, iddia tələbini qəbul edir, lakin vurulmuş ziyanın məbləği ilə razı deyillər. Su axıdılmasını qəbul edirlər. Lakin məbləğ çox şişirdilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, ekspert rəyi ilə akt arasında ziddiyyət var, video görüntüdən görünür ki, divarlara su axıdılıb, lakin suyun haradan axması məlum deyil. Mənzil çox təmirsizdir. İddiaçı usta çağırdıqlarını və ustanın təmir üçün 1500 manat xərc lazım olduğunu qeyd edir. Lakin usta mütəxəssis deyil. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 003213 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 avqust 2002-ci il tarixdə 820 nömrə ilə qeyd edilmişdir. - 10.02.2022-ci il tarixli aktdan görünür ki, baxış zamanı məlum oldu ki, 8 saylı mənzildən 2 saylı mənzilə su axıdılmışdır. Axıntı zamanı mətbəxtin dəhliz, vanna otağı və qonaq otağının tavanına ziyan dəymişdir. Tərəflərindən 8 saylı mənzilin sahibinə su axıntısının qarşısının alınması və mənzilə dəymiş ziyanın ödənilməsi haqqında xəbərdarlıq edilmişdir. - Yasamal Rayon Polis İdarəsinin 27-ci X8 Sevinc Tapdıq qızına ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı Tapdıq qızının müraciəti ilə əlaqədar məsələyə ərazi üzrə ya MKİS-nə və ya mülki qaydada məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. - 13.07.1993-cü il tarixli 222 nömrəli orderdən görünür ki, B.Ağayev küçəsi, ev 118, mənzil 2 ünvanında yerləşən mənzil X3 verilmişdir. Ailə tərkibi özü X6, arvadı Əiyeva S.İ., oğlu Güliyev Q.T., qızı İddiaçı qızından ibarətdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5793 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 8 saylı mənzilin isə 2-ci mərtəbədə yerləşdiyini, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev (yeni adı Kazım Kazımzadə) küçəsində yerləşən 118 saylı evin 2 saylı mənzildən su axıdıldığı və nəticədə mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilir. Qeyd olunur ki, 8 saylı mənzilin qapısı bağlı olduğundan sözügedən mənzilə baxış keçirilməsi mümkün olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 2 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair rəyin tədqiqat hissəsində göstərilən amilləri nəzərə alaraq, 2 saylı mənzilə su sızması 8 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2193 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 8 saylı mənzilin isə 2-ci mərtəbədə yerləşdiyini, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev (yeni adı Kazım Kazımzadə) küçəsində yerləşən 118 saylı evin 2 saylı mənzildən su axıdıldığı və nəticədə mənzilin dəhliz, mətbəx, iki ədəd yaşayış otağı və sanitar qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 8 saylı mənzil təmirli olduğundan, həmçinin su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur aşkar edilmədiyindən, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 2 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 2 sayil mənzilə su sızması 8 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 8 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev (yeni adı Kazım Kazımzadə) küçəsində yerləşən 118 saylı evin 2 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1002,0 manat məbləğində müəyyən olunmuşdur. - 15.04.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Tapdıq qızı məhkəməyə müraciət etmək üçün 36 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Tapdıq qızına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev (yeni adı Kazım Kazımzadə) küçəsində yerləşən 118 saylı evin 2 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olan 8 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Ekspert tərəfindən keçirilən baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev (yeni adı Kazım Kazımzadə) küçəsində yerləşən 118 saylı evin 2 saylı mənzilinə mənzilə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1002,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı Tapdıq qızına maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı Tapdıq qızına ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı Tapdıq qızının istifadəsində olan mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. İddiaçı Tapdıq qızına dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 1500 manat kimi göstərmiş, lakin ekspertiza rəyi ilə iddiaçının mənzilinə dəymiş zərər 1002 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddiaçının mənzilinə dəymiş maddi zərərə görə cavabdehdən 1002 manat vəsait tutulmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1002 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçı Tapdıq qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı Tapdıq qızı tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz ) manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 37 manat dövlət rüsumunun 24.70 manatı Cavabdeh, 12.30 manatı İddiaçı Tapdıq qızına aid edilməli, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 66.80 manatı Cavabdeh, 33.20 manatı İddiaçı Tapdıq qızından tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1002 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçı Tapdıq qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 37 manat dövlət rüsumunun 24.70 manatı Cavabdeh, 12.30 manatı İddiaçı Tapdıq qızına aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 66.80 manatı Cavabdeh, 33.2 manatı İddiaçı Tapdıq qızından tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar