Məhkəmə qərarları › İş №2(007)-747/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-747/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-747/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 ABŞ dolları məbləğində pulun (ödəniş vaxtı Azərbaycan manatına olan məzənnəsi hesablanaraq manatla) və iddia ərizəsi üçün ödədiyi 193 manat, müvəqqəti təminat tədbiri üçün ödədiyi 20 manat, ümumilikdə ödədiyi 213 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun uzaq qohumudur. 2017-ci ilin əvvəllərində ona zəng edərək 20000 ABŞ dolları borc verməsini xahiş etmişdir. O, cavabdehə həmin məbləğdə pulu olmadığını bildirmiş, lakin Akif yalvararaq köməklik etməyini, başqa şəxsdən pul tapmağını, bunun qarşılığında Bakı şəhəri, Nizami rayonunda yerləşən bir otaqlı mənzili borc pul verən şəxin adına rəsmiləşdirəcəyini, borcunu qaytardıqdan sonra həmin mənzili qaytaracağını bildirmişdir. O, Akifin pis vəziyyətdə olduğunu və ona kömək etmək lazım olduğunu düşünərək Rusiya Federasiyasında yaşayan dostu Elman Əhədovla telefonla danışdığı zaman qohumunun borc pula ehtiyacı olduğunu, qarşılığında mənzilini borc pul verən şəxsin adına rəsmiləşdirəcəyini, borcunu qaytardıqdan sonra həmin mənzili geri qaytaracağını bildirmiş və pulu vardırsa, qohumuna borc verməsini xahiş etmişdir. Elman Bakı şəhərində pulu olduğunu və 20000 ABŞ dolları məbləğində pulu Akifə borc verəbiləcəyini, evin sənədini götürərək özündə saxlamağını və mənzili lazım bildiyi adamın adına rəsmiləşdirməyini bildirmişdir. Bundan bir neçə gün sonra o, 20000 ABŞ dolları götürərək dostu X6 və X9 yanında sayaraq Akifə vermişdir. O, cavabdedə pulun Elman Əhədova məxsus olduğunu, Akif isə mənzilin çıxarışını ona verərək isdəyi şəxsin adına rəsmiləşdirəcəyini bildirmişdir. Akif 2017-ci ilin may ayına kimi 2000 ABŞ dolları məbləğində pulu ona hissə-hissə qaytarmışdır. Bundan sonra cavabdeh Türkiyə Respublikasında mal sifariş edərək “Sədərək” mağazasında sataraq yaxşı gəlir əldə edə biləcəyinə onu inandırmışdır. O, Cəlilababad rayonunda qardaşı ilə birlikdə qurduğu təsərrüfatda olan heyvanları sataraq 20000 ABŞ dolları məbləğində pulu 2017-ci ilin iyun ayında dostu X6 və X8 yanında sayaraq Akifə vermişdir və Akif 2017-ci ilin iyul ayında 1000 ABŞ dolları vermişdir. Bununla da Akif tərəfindən ona hissə-hissə 3000 ABŞ dolları qaytarılmışdır. Bundan sonra cavabdeh biznes işinin alınmadığını və borclu olduğu pulu düzəldərək hissə-hissə ödəyəcəyini bildirmişdir. Onun tərəfindən mülkiyyətində olan və banka girov qoyduğu Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 72 saylı evin 11 saylı mənzili 2019-cu ilin sentyabr ayında 48000 manata satılaraq 17000 ABŞ dollar borcun bir hissəsinin əvəzində ona verilmişdir və qalan məbləğin banka olan borcu üçün ödəniləcəyini bildirilmişdir. O, cavabdehin qaytardığı ümumilikdə 20000 ABŞ dolları məbləğində pulu Elman Əhədova qaytarmışdır. Cavabdeh kənddə torpağı və torpağı sataraq borclu qaldığı 20000 ABŞ dolları məbləğində pulu 3 ay müddətində ona qaytaracağını bildirmişdir. Həmin müddət tamalandıqdan sonra torpağı aşağı qiymətə istədikləri üçün satmadığını, lakin Sədərək bazarında satdığı mallardan alacaqları olduğunu, həmin pulları alaraq qalan borcunu 2020-ci ilin sonuna kimi qaytaracağını bildirmişdir. O, borcunun bir hissəsini qaytardığını görərək, onunla razılaşmış, lakin 2020-ci ilin sonuna kimi cavabdeh tərəfindən borc ödənilməmişdir. O, cavabdehin onu aldatdığını və borcu ödəməyəcəyini başa düşərək polis orqanına şikayət ərizəsi ilə müraciət etmiş, polis orqanında müvafiq araşdırma aparıldıqdan sonra həmin işin mülki iş olduğu və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, cavabdehin birgə biznes qurmaq adı ilə ondan aldadaraq qaytarmadığı 20000 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, cavabdehə cəmi 40000 ABŞ dolları məbləğində pul versə də, cavabdeh hazırkı vaxtadək 20000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəməyə təqdim etdiyi səs yazılarında da, cavabdehin 40000 ABŞ dolları məbləğində pulu götürdüyünü və geri qaytaracağını etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçıdan cəmi 5000 ABŞ dolları məbləğində borc pul götürmüş, iddiaçı isə hazırda həmin borcun 40000 ABŞ dolları olduğunu qeyd edir. O, iddiaçıdan 5000 ABŞ dolları məbləğində pul götürərkən evinin sənədlərini ona vermişdir. Notariusda mənzilinin alqı-satqısı olmuş, lakin o, pul göstərməmişdir, alqı-satqı nəticəsində əldə edilmiş pul ona çatmamışdır. Mənzili 48000 manata satılmışdır, lakin pul ona çatmamışdır. Onlar razılığa gəlmişlər ki, o, evini borcun əvəzində iddiaçıya verir və bununla da aralarındakı borc həll edilir. O, mənzili iddiaçının qohumuna satmışdır. İddiaçı jurnalist olduğundan gələcəkdə ona ev verilə biləcəyini dediyindən mənzili qohumunun adına rəsmiləşdirmişlər. Ona ancaq 5000 ABŞ dolları məbləğində pul verilmişdir. O, elə-belə demişdir ki, guya iddiaçıdan 20000 ABŞ dolları və 20000 ABŞ dolları olmaqla, ümumilikdə 40000 ABŞ dolları pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, o, iddiaçını uzun müddətdir ki, tanıyır. Cavabdehlə isə 2017-ci ildə məhkəmənin həyətində tanış olmuşdur. Onun özünün məhkəmə işi var idi. Bu zaman iddiaçı cavabdehi qohumu kimi tanış etmişdir. Tərəflər arasında pul söhbəti olmuşdur. Bildiyi qədəri ilə cavabdeh Sədərək ticarət mərkəzində alverlə məşğul olmuşdur və o, iddiaçıdan 20000 ABŞ dolları pul istəmişdir. Sonra iddiaçı Suraxanı rayonunda yerləşən dairədə cavabdehə 20000 ABŞ dolları pul vermişdir. İkinci dəfə isə o, Rövşən və iddiaçı birlikdə olmuşlar. İddiaçı ona demişdir ki, onun işi var və Akiflə görüşüb ona pul verməlidir. O, 20000 ABŞ dolları məbləğində pulun iki dəfə cavabdehə verilməsinin şahidi olmuşdur. Ümumilikdə cavabdedə 40000 ABŞ dolları məbləğində pul verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, o, iddiaçını tanıyır, cavabdehlə isə əlaqəsi yoxdur. İddiaçı ilə münasibəti yaxşıdır, müntəzəm görüşür, xeyir və yas mərasimlərində iştirak edirlər. Təxminən bundan 4-5 il əvvəl bir yerdə oturarkən iddiaçı ona bir adamın gələcəyini və ona pul verdikdən sonra gedə biləcəklərini demişdir. İddiaçının dediyinə görə həmin adama 20000 ABŞ dolları vermişdir. O, pulun verildiyinin şahidi olmuşdur, amma pulu saymadığı üçün təbii ki, dəqiq məbləği deyə bilməz. Pulu alan şəxs indiki cavabdeh olmuşdur. O, yalnız bir dəfə pulun verildiyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, o, tərəfləri tanıyır və hər ikisi ilə qohumluq əlaqəsi var. O, cavabdehdən 48000 manata ev almışdır. Hazırda həmin mənzildə onun qızı yaşayır, qızı şəhid ailəsidir. O, 48000 manatı notariusun depozit hesabına köçürmüşdür. Başqa məsələləri bilmir. Lakin iddiaçının dediyinə görə cavabdehin ona 40000 ABŞ dolları borcu olmuşdur. Mənzil satılan vaxt o, ev axtarmışdır. İddiaçı ona demişdir ki, cavabdehin ona veriləcək pulu var, cavabdeh evini satır. Cavabdehin bankda borcu olduğuna görə bildiyinə görə həmin puldan 30000 manat iddiaçıya çatmışdır. O, iddiaçı tərəfindən cavabdehə pul verildiyini görməmişdir. Amma bildiyinə görə tərəflər birlikdə biznes qurmaq istədiyindən iddiaçı cavabdehə pul vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Suraxanı RPİ-nin xx.xx.2021-ci il tarxli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/688 saylı material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmə hüququnun olması izah edilmişdir. -Cavabdeh RPİ-də araşdırılma aparılan zaman izahat verərək bildirmişdir ki, əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq “Sədərək” ticarət mərkəzində icarə əsasında işlətdiyi mağazada pərdə-tül satmışdır. İddiaçı oğıu onun qohumudur, əvvəllər münasibətləri normal olmuşdur. 2017-ci ilin fevral ayında "xxxx" QSC-yə olan borcu ilə bağlı Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində iştirak etdikdən sonra təsadüfən həmin məhkəmənin həyətində İddiaçılə görüşmüş, söhbət zamanı banka təxminən 25000-30000 ABŞ dolları borcu olduğunu bildirmişdir. Bu zaman İddiaçı ona 20000 ABŞ doları borc pul verərək köməklik edə biləcəyini və onun da, həmin məbləğin qarşılığında əlavə olaraq aylıq 500 ABŞ dolları faiz ödəməli olacağını bildirmişdir. Həmin vaxtı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və həmin pulu alaraq biznesini yaxşılaşdıracağını düşünərək İddiaçı təklifini qəbul etmişdir. Beləliklə də, o, 2017-ci ilin fevral ayında dəqiq xatırlamadığı vaxtda Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində dəqiq tanımadığı ünvanda yol kənarında İddiaçılə görüşərək 20000 ABŞ dolları pulu borc olaraq götürmüşdür. Həmin vaxt qeyd etdiyi yerə hər ikisi tək getmişdir. Bundan sonra aralarında olan şifahi razılığa əsasən üç ay müddətində İddiaçılə Bakı şəhərində müxtəlif yerlərdə görüşərək sonuncuya aylıq 500 ABŞ dolları faiz ödəmişdir. İlk dəfə borc aldığı vaxtdan üç ay keçdikdən sonra İddiaçılə görüşdüyü zaman sonuncu ona əlavə olaraq yenə də, 20000 ABŞ dolları borc verə biləcəyini və onun da, ümumi olaraq 40000 ABŞ dolları borcun qarşılığında İddiaçı aylıq olaraq 1000 ABŞ dolları faiz ödəməli olacağını bildirmişdir. Həmin vaxt ilkin olaraq İddiaçı aldığı borcun hesabına biznesini genişləndirdiyindən və satışlar yaxşı olduğundan, biznesi daha da genişləndirməsi üçün təkliflə razılaşmışdır. Belə ki, 2017-ci ilin may ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində dəqiq xatırlamadığı tarixdə və vaxtda İddiaçılə görüşmüş, həmin vaxt sonuncu idarə etdiyi “Mercedes” markalı avtomobillə gəlmiş və o, həmin avtomobilə əyləşmişdir. Həmin vaxt avtomobildə ikisindən başqa heç kim olmamış, o, 20000 ABŞ dollarını sayaraq İddiaçı təhvil almışdır. Bundan sonrakı aylarda aralarında olan razılığa əsasən hər ay İddiaçı 1000 ABŞ dolları faiz ödəmişdir. Belə ki, o, 2017-ci ilin fevral ayından 2018-ci ilin may ayınadək İddiaçı faiz borcu olaraq 13500 ABŞ dolları pul ödəmiş, lakin əsas borcdan, yəni, ümumilikdə aldığı 40000 ABŞ dollarından hər hansı bir məbləği geri qaytara bilməmişdir. Bundan sonra işləri zəiflədiyi üçün borcunu geri qaytara bilmədiyindən həmin vaxt "xxxx" QSC-də girovda olan ünvan 2 ünvanında yerləşən 30,22 m2 sahəsi olan, həmin vaxt 65000 manat dəyərində olan mənzilini İddiaçı vermişdir. İddiaçı həmin evi götürərək 40000 ABŞ dolları, yəni, həmin günə 68000 manat borcu ilə əvəzləşdirmişdir. Lakin İddiaçı həmin evi öz adına deyil, qohumu X2 adına rəsmiləşdirmişdir. Buna səbəb isə özü jurnalist olduğundan onun dövlət tərəfindən yaxın müddət ərzində evlə təmin olunacağı, öz adına hər hansı bir mülkiyyəti olduğu təqdirdə belə bir evin verilməyəcəyi olmuşdur. Bunun üçün o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində İddiaçılə görüşmüş və həmin vaxt Bəxtiyar Canəliyev də sonuncu ilə birlikdə gəlmişdir. Bu zaman o, Bəxtiyar Canəliyevlə aralarında alqı-satqı müaviləsi bağlamış və həmin müqavilədə mənzilin qiyməti 48000 manat olaraq qeyd edilmişdir. Həmin müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra hərəsinə bir nüxsə təqdim edilmişdir. Həmin vaxt aralarında olan razılığa əsasən İddiaçı ona heç bir borcunun qalmadığını bildirmişdir. O, evi Çingizə satsa da, həmin evdən qeydiyyatdan çıxmamışdır. Belə ki, həmin vaxt satdığı evdən başqa mülkiyyətində olan evlərdən birinin "xxxx" QCSdə kredit borcuna görə girovda olması, digər Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən hazırda dəqiq ünvanını xatırlamadığı mənzilə dair çıxarışın əslini ilk dəfə İddiaçı 20000 ABŞ dolları borc aldığı zaman sonuncunun ondan istədiyi üçün Çingizə vermiş və hazırda da həmin sənədin əsli Çingizdədir. Bu səbəbdən də, onun qeydiyyata düşmək üçün başqa ünvanı olmadığından satdığı mənzildən qeydiyyatdan çıxmamışdır. Həmin vaxtdan təxminən 4 ay müddət keçdikdən sonra Çingiz həmin evdən qeydiyyatdan çıxmasını tələb etmişdir. 2021-ci ilin aprel ayında barəsində Suraxanı RPİ-nin 31-ci PB-nə şikayət etdiyini öyrəndikdən sonra İddiaçı ondan əlavə olaraq pul almaq istədiyini başa düşmüşdür. Onlar qohum olduqlarına görə bir-birilərinə etibar edərək inandığı üçün İddiaçı aldığı 40000 ABŞ dolları pulun qarşılığında sonuncuya ümumilikdə faiz olaraq ödədiyi 13500 ABŞ dolları, həmçinin qalıq əsas borc, yəni, 40000 ABŞ dolları pulun əvəzi olaraq öz mülkiyyətində olan mənzili İddiaçı qohumunun adına rəsmiləşdirsə də, İddiaçı heç bir borcunun qalmadığını təsdiq edəcək bir sənəd tərtib etməmişlər. - Cavabdeh ilə X5 arasında 24 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-438 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilini X1, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 48000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 5-ci bəndinə əsasən alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. "xxxx" QSCnin xx.xx.2019 tarixli 512 nömrəli məktubuna əsasən sözügedən əmlakın satış məbləğindən 17025AZN (on yeddi min iyirmi beş manat sıfır qəpik) məbləğdə pul vəsaiti Satıcının "xxxx" QSC qarşısında olan öhdəliyi olaraq notariusun depozit hesabından birbaşa olaraq "xxxx" QSC-də olan AZ69ACAB******************** saylı Hesabına köçürülür. -Məhkəməyə iddiaçı tərəfindən içərisində səs yazıları olan bir ədəd disk təqdim edilmişdir. Məhkəmə iclasında işin faktiki əsaslarına əsasən müəyyən olundu ki, İddiaçı tərəfindən 2017-ci ildə Cavabdeh ümumilikdə 40000 ABŞ dolları (iki dəfə 20000 ABŞ dolları olmaqla) məbləğində pul verilmişdir. İddiaçı verilmiş pulun yarısının qaytarıldığını qeyd etməklə, qalan pulun cavabdeh tərəfindən hazırkı vaxtadək geri qaytarılmadığını bildirmişdir. Bununla əlaqədar iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 ABŞ dolları məbləğində pul vəsaitinin və məhkəmə xərclərinin tutularaq ona ödənilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında iddiaçı ilkin olaraq Elman adlı şəxsən aldığı 20000 ABŞ dolları məbləğində pulu, daha sonra isə öz vəsaiti hesabına formalaşdırdığı 20000 ABŞ dolları məbləğində pulu cavabdehə verdiyini, həmin puldan 3000 ABŞ dollarının qaytarıldığını göstərmiş, həmçinin qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli əmlakın alqı-satqısı müqaviləsi nəticəsində iddiaçının mənzilini satdığını və əldə edilmiş pulu borcunun ödənişi kimi ona verdiyini qeyd etmişdir. Belə ki, mənzil 48000 manata satılmış və həmin pulun 17025 manatı cavabdehin "xxxx" QSC-də olan borcu ilə bağlı bankın hesabına köçürülmüş, qalan puldan 17000 ABŞ dolları isə ona borcunun bir hissəsi kimi vermişdir. Nəticə də, iddiaçı qalan 20000 ABŞ dolları məbləği cavabdehdən tələb edir. Məhkəmə iclasında cavabdeh isə izahatında iddiaçıdan cəmi 5000 ABŞ dolları məbləğində pul götürdüyünü, iddiaçının həmin məbləği 40000 ABŞ dollarına kimi şişirtdiyini, borcunun əvəzi kimi mənzili iddiaçıya verdiyini və bununla da onun iddiaçıya borcunun olmadığı bildirmişdir. Həmçinin, cavabdeh iddiaçının şikayəti ilə bağlı polis orqanlarında aparılmış araşdırma zamanı demişdir ki, o, iddiaçıdan ümumilikdə 40000 ABŞ dolları məbləğində borca pul götürmüş, lakin özünə məxsus olan mənzilini 65000 manat sataraq, iddiaçıya olan borcunu ödəmişdir. Norariusda mənzilin 48000 manat satıldığı qeyd edilsə də, mənzil 65000 manata satılmışdır. Göründüyü kimi cavabdeh işin halları ilə bağlı ziddiyyətli izahatlar vermiş, fərqli fikirlər səsləndirmişdir. Cavabdeh məhkəmədə vermiş olduğu izahatında iddiaçıdan ancaq 5000 ABŞ dolları məbləğində pul götürdüyünü qeyd etmiş, polis orqanında isə ümumilikdə 40000 ABŞ dolları məbləğində borc pul götürdüyünü etiraf etmişdir. Məhkəmə tərəfindən iş üzrə şahidlərin dindirilməsi təmin edilmiş, bu zaman şahidlərdən Rəhimov Hakim 20000 ABŞ dolları və 20000 ABŞ dolları olmaqla, ümumilikdə 40000 ABŞ dolları məbləğin onun yanında, Əsgərov Rövşən isə dəqiq məbləğini bilmədiyi pulun onun iştirakı ilə iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etmişlər. Həmçinin, cavabdehə məxsus mənzili almış Canəliyev Bəxtiyar mənzili 48000 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10.10-cu maddəsinə əsasən şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş səs-yazısı məhkəmə iclası zalında səsləndirilmiş, bu zaman Akif və Çingiz adlı şəxslərin söhbət etdiyi və Akif adlı şəxsin 40000 ABŞ dolları məbləğində borcu olduğu və onu qaytaracağı ilə bağlı iddiaçıya vədlər verdiyi, lazım gələrsə, evini borcunun müqabilində verəcəyi səsləndirilmişdir. Məhkəmə iclasında cavabdeh həmin səs yazısının səsləndirilməsinə etiraz etməmiş, lakin səs yazısının ona məxsus olub-olmadığını bilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş səs yazılarında səslər aydın olmaqla, hər iki söhbət edən şəxsin fikirləri aydın ifadə edilmişdir, orada səslənən fikirlər və söhbətin məzmunu hazırda baxılan iddia tələbinin faktiki halları ilə uyğunluq təşkil edir. Ona görə məhkəmə səs yazıları qeydə alınmış şəxslərin hazırkı iş üzrə tərəflər (iddiaçı və cavabdeh) olması istisna edilmir, məhkəmə həmin səs yazısını iş üzrə əhəmiyyətli halları müəyyən edən sübut kimi qəbul edir, onların şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iki dəfə olmaqla, cavabdehə 20000 ABŞ dolları məbləğində pulun verilməsi, həmin borcdan ilkin olaraq 3000 ABŞ dollar qaytarıldığı, daha sonra isə borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus mənzilin 48000 manata satıldığı, satış pulunun bir hissəsinin cavabddehin "xxxx" QSC-də olan borca yönəldiyi və qalan puldan iddiaçıya ödənişlər edilməsi müəyyən edilmişdir. Qeyd edilənlər iş materialları, şahid ifadələri, məhkəməyə təqdim edilmiş sübutlarla təqdiq edilmişdir. Lakin cavabdehin ayrı-ayrı vaxtlarda iddaçıdan cəmi 5000 ABŞ dolları pul götürməsi, mənzilinin 65000 manata satılması ilə bağlı qeyd etdikləri isə öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda cavabdeh izahatında göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bununla belə, məhkəmə aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Cavabdeh İddiaçı 40000 ABŞ dolları məbləğində pulu götürərək 20000 ABŞ dolları ödəniş etmiş və hazırkı vaxtadək borcunun qalan 20000 ABŞ dolları hissəsini geri qaytarmamışdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20000 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdedə aid edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 192 manat, həmçinin müvəqqəti təminat tədbirinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 192 manat dövlət rüsumu və müvəqqəti təminat tədbirinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 19,2 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş dövlət rüsumunun əvəzi kimi 192 manat məbləğində pul və müvəqqəti təminat tədbirinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 19,2 manatı tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar