Məhkəmə qərarları › İş №2(007)-751/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-751/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-751/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli 0774 saylı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home" yaşayış kompleksində yerləşən D.13.5 saylı mənzilin alqı-satqı müqaviləsi ilə bağlı ödədiyi 81609 manat pulun, 1 il kirayədə qaldığı üçün ödədiyi 4200 manat kirayə haqqının və məhkəmədə hüquqlarını müdafiə etmək məqsədilə vəkillə müqavilə bağlayaraq Beynəlxalq banka ödədiyi 3000 manatın, cəmi 88809 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin direktoru X2 ilə xx.xx.2021-ci il tarixli 0774 saylı müqavilə bağlayaraq "My Home" yaşayış kompleksindən blok D, 13-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 81,8 kv.metr olan D.13.5 saylı mənzili almışdır. Həmin mənzilin 1 kv.metrinin qiyməti 1100 manat olmaqla, ümumilikdə mənzilin qiyməti 89980 manat olmuşdur. Müqavilə qiymətinin 80848 manatını ilkin olaraq ödəmiş, qalan 9132 manatını isə 12 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək ödəyəcəyi barədə razılaşmışlar. Ödəməli olduğu 9132 manat məbləğlə bağlı ona ödəmə qrafiki tərtib edilmiş və xx.xx.2021-ci il tarixində ona verilmişdir. O, həmin məbləğdən, yəni 9132 manatdan 671 manat ödəmiş, 8371 manat isə qalmışdır. "Vesta Construction” MMC tərəfindən xx.xx.2022-ci il tarixində 96 saylı məktubla ona bildirilmişdir ki, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 0774 saylı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home” yaşayış kompleksində yerləşən D.13.5 saylı mənzilin alqı-satqı müqaviləsinə "Vesta Construction” MMC tərəfindən birtərəfli xitam verilmişdir". Həmin məktubda göstərilmişdir ki, "Bağlanmış alqı-satqı müqaviləsinin 10.2-ci bəndində qeyd edilmişdir ki, müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş şəkildə, "icraçı” tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında "sifarişçi” tərəfindən "icraçıya ödənilmiş vəsait, müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və "icraçı"ya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzil 3-cü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində "sifarişçi’yə qaytarılacaqdır". Artıq 2 ay yarımdır ki, dəfələrlə "xxxx" MMC-nin rəhbərliyinə müraciət etməyinə baxmayaraq ödədiyi 81609 manat ona qaytarılmır, nə də ki, ev satılmır, müxtəlif bəhanələrlə ödədiyi məbləğin ona qaytarılması uzadılır. O, cavabdehə pretenziya qaydasında da müraciət etmişdir. Cavabdeh "xxxx" MMC xx.xx.2023-cü il tarixli arayışla ona cavab vermişdir ki, "Sizinlə "xxxx" MMC arasında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə müraciətinizə baxılmışdır. Nəzərə alınmalıdır ki, ilin sonundakı maliyyə hesabatlarının tərtibi ilə bağlı Sizə müqavilənin ləğv edilməsinə görə ödəniş olunmamışdır. 2023-cü ilin yanvar ayının 15-dən sonra aramızda olan razılaşmaya əsasən ödəniş ediləcəkdir". Bildirmək istəyir ki, o, cavabdehin məktubda qeyd etdiyi kimi alqı-satqı müqaviləsinə xitam verilməsi barədə müraciət etməmişdir. Xitamı cavabdeh vermişdir. O, ödədiyi 81609 manat pulun geri qaytarılmasını tələb etmişdir. Onu da qeyd edir ki, cavabdeh tərəfindən aldığı xx.xx.2022-ci il tarixli 96 saylı məktubda qeyd edilmişdir ki, aralarındakı alqı-satqı müqaviləsinə xitam verilmişdir. Cavabdeh aralarındakı alqı-satqı müqaviləsinə birtərəfli xitam vermişdir. Xitamın dəqiq hansı tarixdə verilməsi göstərilməmişdir, hətta xx.xx.2022-ci il tarixində xitam verilsə də, bu ilin axırı deyildir və onun ödədiyi pulun geri qaytarılmaması üçün bəhanədir. Artıq o xeyli müddətdir ki, kirayədə yaşayır, kirayə haqqı 350 manatdır, indiyədək cəmi 4200 manat kirayə haqqı vermişdir. Digər tərəfdən məhkəmədə hüquqlarını müdafiə etmək məqsədilə vəkillə müqavilə bağlamış və Beynəlxalq banka 3000 manat pul keçirmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixli etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddaçı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən icraçı (Cavabdeh MMC) “My Home” yaşayış kompleksində yerləşən blok D.13.5 saylı mənzilin tikintisi başa çatdırıldıqdan sonra sifarişçiyə (İddiaçı) təhvil verməli, sifarişçi isə bunun qarşılığında icraçıya 89980 AZN pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi müqavilə qiymətinin 80848 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 9132 manat hissəsini isə 12 (on iki) ay müddətinə 08 yanvar 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş müqaviləyə əlavədə ödəmə qrafiki göstərilmişdir. Lakin iddiaçı 80848 manatı şəxsi vəsaiti hesabına ödəsə də, qalan 9132 manat məbləğdən 12 ay müddətində yalnız 671 manat ödəyərək müqavilə üzrə öhdəliyini pozmuşdur. xx.xx.2022-ci il tarixdən iddiaçının Cavabdeh MMC-yə 8371 manat borcu qalmışdır. İddiaçı borcu ödəməyərək müqavilə üzrə öhdəliyini pozmuşdur. Alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinin tələblərinə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, Tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilə şərtlərinin kobud pozulması hallarına görə, sifarişçi müqavilə qiymətinin 10 (on) % həcmində cərimə ödəyəcək. Həmçinin alqı-satqı müqaviləsinin 10.1-ci maddəsinə əsasən sifarişçi tərəfindən müqavilə şərtləri pozularsa icraçının müqaviləni birtərəfli,qaydada ləğv etmək və üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Bütün bunları nəzərə alaraq, xx.xx.2022-ci il tarixdə sifarişçinin müqavilə üzrə 0774 nömrəli müqavilənin 2.1, 3.2 bəndlərini kobud şəkildə pozduğuna görə icraçı tərəfindən müqaviləyə birtərəfli olaraq xitam verilmişdir. Müqaviləyə əsasən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzil üçüncü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində sifarişçiyə qaytarılmalıdır. Birtərəfli xitamdan sonra, İddiaçı Cavabdeh MMC-yə pretenziya yollamış və ödədiyi 81609 manatın geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü ildə yazılmış cavab məktubunda isə maliyyə hesabatlarının tərtibi ilə bağlı ödəniş olunmadığı və 2023-cü il yanvar ayının 15-dən sonra razılaşmaya əsasən İddiaçı ödəniş ediləcəyi bildirilmişdir. Bütün bunlardan sonra İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia qaldırmışdır. Lakin nəzərə çatdırır ki, İddiaçı öz öhdəliklərinə biganə yanaşaraq hüquqi gözləntiləri, tərəflərin qanuni maraqlarını, mülki dövriyyənin sabitliyini pozmuşdur. Bu azmış kimi Cavabdeh MMC-yə qarşı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddia qaldırmışdır. Qeyd etdiyi kimi tərəflərin arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən müqavilə şərtlərinin kobud pozulması hallarına görə, sifarişçi müqavilə qiymətinin 10 (on)% həcmində cərimə ödəməlidir. Beləliklə, sifarişçi kobud pozuntuya görə 89980 AZN pul vəsaitindən 10% həcmində dəbbə pulu-cərimə ödəməlidir. Bütün bu öhdəliklərinə pozduğuna baxmayaraq icraçı sifarişçinin maddi cəhətdən pis vəziyyətə düşməməsi üçün heç bir tələb irəli sürməmiş və onun etdiyi 81609 AZN ödənişin müqaviləyə uyğun olaraq ev 3-cü şəxslərə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində sifarişçiyə qaytarılacağı razılığına gəlmişdir. Daha sonra sifarişçi icraçıya pretenziya ünvanlamış və ödədiyi 81609 AZN pulun xx.xx.2023-cü il tarixdə ona qaytarılmasını xahiş etmişdir. Pretenziyaya cavabda bildirilmişdir ki, ilin sonunda maliyyə hesabatlarının tərtibi ilə bağlı ödəniş olunmamışdır və yanvar ayının 15-dən sonra ödəniş ediləcəkdir. Beləliklə icraçı tərəf sifarişçinin bütün öhdəliklərini pozuduğuna rəğmən, 81609 manatı yanvar ayının 15dən sonra ödəməyi öz üzərinə götürmüşdür və sifarişçiyə qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, aralarında olan alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə belə bu ilin axırı deyildir və ödədiyi pulun geri qaytarılması üçün bəhanədir. Qeyd etmək istəryir ki, müqaviləyə xitam verildikdən sonra evin satılması və ödənişin alınması üçün 2 aydan bir az çox müddət keçmişdir. Üstəlik müqaviləyə əsasən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra bütün digər əməliyyatlar yerinə yetirilir. Lakin icraçı bunlarını hamısını sifarişçiyə güzəştə getmişdir. Həmçinin 2 ay müddət sadalanan məsələlərin həll edilməsi üçün böyük bir zaman deyildir və bu səbəbdən cavabdehin gecikdirməyə yol verdiyindən söhbət belə gedə bilməz. İddiaçının digər ağlasığmaz tələbi isə onun 1 ildir ki, kirayədə qalması ilə bağlı ona ödənişin edilməsi tələbidir. İlk növbədə qeyd etmək istəryir ki, tərəflərin aralarındakı alqısatqı müqaviləsinə sifarişçinin öhdəliyini pozduğu nəticəsində xx.xx.2022-ci ildə xitam verilmişdir. Səbəb sifarişçinin 2022-ci il yanvar ayına qədər ödəməli olduğu borcu ödəməməsi olmuşdur. Sifarişçi isə 2022-ci ilin yanvarında bəri qaldığı evin kirayə haqqını icraçıdan tələb edir. Öz öhdəliyini pozduğu üçün müqaviləyə xitam verilən sifarişçinin kirayə haqqının icraçıya nə aidiyyəti olduğu sual doğurur. Həmçinin, sifarişçi müqaviləyə oktyabr ayından xitam verilməsinə baxmayaraq, yanvardan bəri ödədiyi kirayə haqqı icraçıdan tələb edir. Belə bir absurd iddia qəbul edilməz və məntiqsizdir. Üstəlik bütün absurd iddialara görə məhkəmədə “hüquqlarını” müdafiə etmək məqsədilə müqavilə bağladığı vəkilin pulunu da cavabdehdən istəməsi heç bir məntiqə sığmır. Öz öhdəliklərini pozan, icranı gecikdirməklə əməl etməyən, bütün bunlara görə icraçı Cavabdeh MMC tərəfindən heç bir cərimə tətbiq olunmadığı sifarişçi İddiaçı Cavabdeh ММС-yə qarşı absurd tələblər irəli sürmüş və məhkəmədə bununla bağlı iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı qaldırdığı “pul” tələbinə dair iddia təmin olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, kirayə haqqı ilə bağlı 4200 manat pulun tutulması ilə bağlı iddiasını geri götürür. Qalan hissədə iddia ərizəsinə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onda olan məlumata əsasən müqavilə predmeti olan mənzil başqa şəxsə satılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, onun və iddia tələbinin dəqiqləşdirilməsi barədə dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəf ödəniş edilməsi üçün dəfələrlə vaxt verilməsini xahiş etsə də, hazırkı vaxtadək mənzil üçün ödənilmiş pul geri qaytarılmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, cəmiyyət iddiaçı tərəfindən ödəniş edildiyini və həmin pulun ödəniləcəyini qəbul edir. Sadəcə cəmiyyətin ümumi ödənişləri çox olduğu üçün hazırda ödənişi həyata keçirə bilmirlər. Onda müqavilə predmeti olan mənzilin satılıb-satılmaması ilə bağlı dəqiq məlumatı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı Cavabdeh MMC ilə payçı Sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0774 saylı müqavilədən görünür ki, icraçı “MY HOME” Yaşayış Kompleksi, Nizami rayonu, D blok, 13-cü mərtəbə, D.13.5 saylı 2 otaqlı mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi ilə bunun qarşılığında icraçıya razılaşdırılmış 1 kv.m üçün 1100 manat olmaqla, cəmi 89980 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetriməti öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə qiymətinin 80848 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 9132 manat hissəsi isə 12 ay müddətində xx.xx.2022-ci il tarixinədək ödəniləcək. - xx.xx.2021-ci il tarixli 0774 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavədən görünür ki, xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək hər ay 761 manat ödəniş edilməlidir. - Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 821946 saylı kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən D.13.5 saylı mənzil üçün 761 manat aylıq ödəniş edilmişdir. - Cavabdeh MMC tərəfindən X1 ünvanlanmış məktubdan görünür ki, ilin sonunda maliyyə hesabatlarının tərtibi ilə bağlı ona müqavilənin ləğv edilməsinə görə ödəniş olunmamışdır. 2023-cü ilin yanvar ayının 15-sonra aralarında olan razılaşmaya əsasən ona ödəniş ediləcəkdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddaçı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən icraçı Cavabdeh MMC “My Home” yaşayış kompleksində yerləşən blok D.13.5 saylı mənzilin tikintisi başa çatdırıldıqdan sonra sifarişçi İddiaçı təhvil verməli, sifarişçi isə bunun qarşılığında icraçıya 1 kv.m üçün 1100 manat olmaqla, cəmi 89980 manat pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi müqavilə qiymətinin 80848 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 9132 manat hissəsini isə 12 (on iki) ay müddətinə 08 yanvar 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş müqaviləyə əlavədə ödəmə qrafiki göstərilmişdir. Lakin iddiaçı 80848 manatı şəxsi vəsaiti cavabdehin hesabına ödəsə də, qalan 9132 manat məbləğdən 12 ay müddətində 761 manat ödəniş edilmişdir. Hazırda iddiaçı mənzilin dəyiri kimi ödənilmiş ümumilikdə 81609 manat pulun ona qaytarılmasını xahiş etmiş, cavabdeh tərəf isə qeyd edilən məbləğin cəmiyyət tərəfindən ödəniləcəyini, lakin məbləğin geri qaytarılması üçün onlara vaxt verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2021-ci il tarixdə 0774 saylı müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, iddaçı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqaviləyə əsasən “MY HOME” Yaşayış Kompleksi, Nizami rayonu, D blok, 13-cü mərtəbə, D.13.5 saylı 2 otaqlı mənzilin dəyərindən 81609 manat ödəniş edilmiş, qalan 8371 manat isə vaxtında ödənilmədiyindən müqavilənin 2.1-ci bəndinə uyğun olaraq müqaviləyə cəmiyyət tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Qeyd edilənlər işinin mübahisələndirilməyən hallarıdır. Sözügeən müqavilənin 10.1 cə 10.2-ci bəndlərinə əsasən müqavilənin ləğvi, hüquqların ötürülməsi və hüquqi nəticələri Sifarişçi tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa İcraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzili üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Sifarişçi bununla əlaqədar icraçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş şəkildə, İcraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, sifarişçi tərəfindən icraçıya ödənilmiş vəsait, müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və İcraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzil üçünçü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılacaqdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə müqavilənin cəmiyyət tərəfindən göstərilən halla bağlı xitamı halında mənzil üzrə edilmiş ödənişinin qaytarılması qaydası tənzimlənmişdir. Bu zaman mənzil üzrə edilmiş ödənişin qaytarılması mənzilin üçüncü şəxslərə satılması və ödənişin qəbul edilməsi ilə şərtləndirilmişdir. Həmçinin, iş materiallarında olan və cəmiyyət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixi məktubdan görünür ki, ilin sonunda maliyyə hesabatlarının tərtibi ilə bağlı müqaviləni ləğv edilməsinə görə iddiaçıya ödəniş olunmamışdır, cəmiyyət xx.xx.2023-cü il tarixdən razılaşmaya əsasən ödəniş edəcəkdir. Məhkəmə iclasında adıçəkilən mənzilin satılıb-satılmaması ilə bağlı cavabdeh tərəfə ünvanlanmış suallar konkret cavablandırılmamış, məhkəməyə bununla bağlı rəsmi məlumat təqdim edilməmişdir. Həmçinin, cavabdeh tərəf məhkəməyə təqdim etdiyi etirazında və məhkəmə iclasında iddiaçı tərəfindən mənzil üçün cəmi 81609 manat ödəniş edildiyini qəbul etmiş, cəmiyyətin həmin pulu ödəməyə hazır olduğunu, ödəniş ediləcəyini, onlara ödəniş edilməsi üçün vaxt verilməsini xahiş etmiş, məhkəmə baxışı iclasında isə 10 günlük müddət verilməsini xahiş etmişlər. Belə olan halda, cəmiyyətin ödəniş etmək niyyəti artıq mənzilin müqavilədə göstərilən qaydada başqa şəxsə satılması halını istisna etmir. Bununla belə artıq bir ilə yaxın müddətdir ki, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmiş, lakin müqavilə üzrə iddiaçı tərəfindən edilmiş ödəniş geri qaytarılmamışdır. Qeyd edilənlərlə müəyyən edildi ki, iddaçı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqavilə ləğv edilməsinə və cavabdeh cəmiyyət ödəniş etməklə bağlı vədlər verilməsinə baxmayaraq, müqavilənin predmeti olan mənzil üçün ödənilmiş 81609 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, “MY HOME” Yaşayış Kompleksi, Nizami rayonu, D blok, 13-cü mərtəbə, D.13.5 saylı 2 otaqlı mənzil üçün iddiaçı tərəfindən ödənilmiş 81609 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddiaçı “məhkəmədə hüquqlarını müdafiə etmək məqsədilə vəkillə müqavilə bağlayaraq Beynəlxalq banka ödədiyi 3000 manatın, ona verilməsi”ni xahiş etsə də, hüquqi yardım üçün edilmiş ödənişə və hüquqi yardım göstərilməsinə dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə olan halda, çəkildiyi iddia edilən hüquqi yardım üçün göstərilən xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 358 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home" yaşayış kompleksində yerləşən D.13.5 saylı mənzil üçün ödənilmiş 81609 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home" yaşayış kompleksində yerləşən D.13.5 saylı mənzil üçün ödənilmiş 81609 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar