Məhkəmə qərarları › İş №2(007)-777/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-777/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-777/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin faktiki halı :

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 769.98 ABŞ dolları əsas borc, 184.95 ABŞ dolları faiz borcu və 209.37 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1164.3 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-6134/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclu - xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 769.98 (yeddi yüz altmış doqquz dollar doxsan səkkiz sent) ABŞ dolları əsas borcu, 184.95 (yüz səksən dörd dollar doxsan beş sent) ABŞ dolları faiz borcu, 209.37 (iki yüz doqquz dollar otuz yeddi sent) ABŞ dolları cərimə borcu olmaqla, əmrin icra olunduğu günə olan azərbaycan manatı məzənnəsi ilə cəmi 1164.3 (min yüz altmış dörd dollar otuz sent) ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir.

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-6134/2016 saylı məhkəmə əmrindən iş üzrə borclu Cavabdeh xx.xx.2023-cü il tarixində etiraz ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim H.Y.Əhmədov) xx.xx.2016-cı il tarixli. 2(007)-6134/16 saylı məhkəmə əmrinin ləğv olunmasını və Azərbaycan Respublikası MPM-nin ümumi müddəalarına uyğun olaraq iddia icraatına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-6134/2016 saylı qərardadı ilə etiraz ərizəsi təmin edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-6134/2016 saylı xx.xx.2016-cı il tarixli əmrinin ləğv edilməsi və iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır.

5. Hazırda iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbini onun ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməyərək ləğv prosesində olan İddiaçı ASC-yə kredit borcunun olması və cavabdehin kredit borcunu ödəməməsi ilə əsaslandırmışdır.

6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

7. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

İş materialları :

8. İddiaçı ASC ilə cavabdeh Quİiyeva Esmira Hüseynağa qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4366/13 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Quİiyeva Esmira Hüseynağa qızına 24 ay müddətinə kreditdən istifadəyə görə illik 28 faiz ödəmək şərti ilə 3824 ABŞ dollar kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

9. 4366/13 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 57695300-cü kredit hesabı üzrə qrafikdən görünür ki, cavabdeh Quİiyeva Esmira Hüseynağa qızı 24 ay (xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci ilədək) müddətinə, illik 28 % faiz dərəcəsi, hər ay 210 manat (son ay 219 manat) ödəmək şərtilə 3824 ABŞ dolları əsas borc, 1225 ABŞ dolları faiz ödəməyi öhdəsinə götürmüşdür.

10. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Quİiyeva Esmira Hüseynağa qızına 3824 ABŞ dolları məbləğində kredit verilmişdir

11. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən cənab Vüqar Abdullayevə ünvanlandırdığı borc məbləğinin restruktrizasiya olunmasına dair xx.xx.2020-ci il tarixli ərzəsinin surətindən görünür ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına (bundan sonra Fərman) uyğun olaraq "xxxx"ASC ilə bağladığı müqavilə üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda 333.05+171.21 manat məbləği müəyyənləşdirildiyi qeyd olunaraq qalıq 504.26 manat borcunun 60 (altmış) ay müddətinə restrukturizasiya olunmasına göstəriş verilməsi barədə xahiş etmişdir.

12. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış xx.xx.2019-cu il tarixli, 21-70181779-3 nömrəli hesab üzrə xx.xx.2019-xx.xx.2024-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, müvafiq hesab üzrə əməliyyatlar keçirilərək cəmi debet 195.92 USD, AZN ekvivalenti isə 333.06 manat olmuş və dövrün sonuna qalıq isə 195.92 USD təşkil etmişdir.

13. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli, **********207 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli, 57695300 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə müqavilə üzrə 195 ABŞ dollar 92 sent əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 404 ABŞ dolları 38 sent, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 1311 ABŞ dolları 38 sent, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 90 ABŞ dolları 30 sent olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc olaraq 2001 ABŞ dolları 98 sent borcu vardır.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1712 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2013-cü il tarixli, 57695300 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borc məbləğləri aşağıdakı kimi, müəyyən olunur: əsas borc üzrə - 195.35 ABŞ dolları; faiz borcu üzrə - 19.29 ABŞ dolları; 5% borcu üzrə - 194.89 ABŞ dolları.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz manat) təşkil etmişdir.

16. Problemli kreditlərin kompensasiyasına dair elektron portaldan çıxarışdan görünür ki, 333.05 manat borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlərə aid edilmişdir.

Tərəflərin izahatları :

17. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuşdur, məhkəmə əmri üzrə ödənilmiş 20 manat dövlət rüsumu ödənilməmişdir. Həmçinin qeyd edtmişdir ki, hazırki borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlərə aid olmuşdur.

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o prezidentin fərmanı ilə müəyyən edilmiş məbləği ödəməyə razıdır. O həmin müddət ərzində müalicə üçün xarici ölkədə olmuşdur. Qayıtdıqda artıq müddəti 10 gün ötürdüyü üçün onun borc məbləği restrukturizasiya olunmamışdır.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Məhkəmənin mövqeyi :

22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

23. İşin tədqiq edilmiş hallarına əsasən müəyyən olunmuşdur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixində kredit müqaviləsi bağlanmışdır.

24. Mülki qanunvericiliyinə əsasən (MM 739.2) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

26. İş materiallarına əsasən (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək Cavabdeh 24 ay müddətinə (xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixədək), illik 28 % ödəmək şərtilə 3824 ABŞ Dollar məbləğində kredit verilmiş, lakin cavabdeh Quİiyeva Esmira Hüseynağa qızı iş materiallarına və özünün etirafına əsasən müəyyən olunur ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.

27. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

28. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

29. Belə ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 4.1.5-ci bəndində nəzərdə tutulmuşdur ki, kreditor müqavilədən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarılmasını tələb etmək hüququna malikdir.

30. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

31. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

32. Məhkəmə qeyd edir ki, iddiaçı LPO "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli, **********207 nömrəli maliyyə arayışında iddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2013-cü il tarixli 57695300 saylı kredit müqaviləsi üzrə 12 yanvar 2024-cü il tarixinə cavabdehin banka 195.92 ABŞ dolları əsas, 404.38 ABŞ dolları faiz, 1311.38 ABŞ dolları cərimə və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olaraq 90.30 ABŞ dolları olmaqla, cəmi 2001 ABŞ dolları borcu olduğu qeyd edilsə də, məhkəmə əmri ilə əlaqədar müraciət edilən zaman 769.98 ABŞ dolları əsas borc, 184.95 ABŞ dolları faiz borcu və 209.37 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 1164.3 ABŞ dolları borcu olduğu bildirilmişdir.

33. Kreditdən istifadəyə görə hesablanan faiz məbləğində yaranmış fərqin aydınlaşdırılması üçün məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh əsas borc üzrə - 195.35 ABŞ dolları; faiz borcu üzrə - 19.29 ABŞ dolları borcu vardır.

34. Həmçinin işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırki borc məbləği "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşmüş və 333.05 manat borc məbləğinin restrukturizasiya olunması təklif olunmuşdur. Lakin həmin məbləğ üzrlü səbəblərdən restrukturizasiya olunmamışdır.

35. Qeyd edilən halları nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbi 195.35 ABŞ dolları məbləğində borcun tutulması hissəsində əsaslıdır.

36. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1712 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 195.35 ABŞ dolları təşkil edir.

37. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, cavabdehin iddiaçıya 195.35 ABŞ dolları məbləğində əsas borcunun olması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1712 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapdığından mötəbər sübut kimi qəbul edilməlidir.

Məhkəmə xərcləri :

38. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.

39. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

40. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc qismində olan 195.35 ABŞ dollar məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc qismində olan 195.35 ABŞ dollar məbləğində pul vəsaitinin ödəniş anına milli manat ekvivalentinə əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar