Məhkəmə qərarları › İş №2(007)-813/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-813/2020

10.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-813/2020 10.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Əhmədova Ceyran Aydın qızının vəkili və nümayəndəsi Əlirzayev Tahir Qafar oğlunun iştirakı ilə, İddiaçı Əhmədova Ceyran Aydın qızının cavabdeh Əhmədov Rahil Vaqif oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədova Ceyran Aydın qızı cavabdeh Əhmədov Rahil Vaqif oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əhmədov Rahil Vaqif oğlundan birgə nikahlarından doğulmuş 16 yanvar 2009-cu il təvəllüdlü Əhmədov Vahid Rahil oğlu və 10 noyabr 2012-ci il təvəllüdlü Əhmədov Ramal Rahil oğlunun 18 yaşına çalanadək saxlanması üçün hər ay hər uşağa ödənilən 117 manat, cəmi 234 manat sabit aliment məbləğinin artırılaraq hər uşağa görə 170 manat cəmi 340 manat və əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Əhmədov Rahil Vaqif oğlu ilə 18 mart 2008-ci ildə ailə həyatı qurmuş və nikahları Bakı Nikah evi tərəfindən verilmiş Nikah haqqında Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladı olmuşdur. 16 yanvar 2009-cu il təvəllüdlü Əhmədov Vahid Rahil oğlu və 10 noyabr 2012-ci il təvəllüdlü Əhmədov Ramal Rahil oğlu. Cavabdehlə aralarındakı nikah Nizami rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, 16 yanvar 2009-cu il təvəllüdlü Əhmədov Vahid Rahil oğlu və 10 noyabr 2012-c il təvəllüdlü Əhmədov Ramal Rahil oğlu onun yanında saxlanılmışdır. Sonradan iddia tələbi əsasında Nizami rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli 2(007)-5054/2016 saylı qətnaməsi ilə cavabdehdən 16 yanvar 2009-cu il təvəllüdlü Əhmədov Vahid Rahil oğlu və 10 noyabr 2012-c il təvəllüdlü Əhmədov Ramal Rahil oğlunun yetkinlik yaşına çalanadək saxlanması üçün hər ay hər uşağa 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bu gün faktiki olaraq o və uşaqları cavabdehin verdiyi 234 manat və dövlətin məcburi köçkünlərə verdiyi aylıq hər bir nəfərə görə 20 manat çörək pulu hesabına yaşayır və uşaqlarını böyüdür. Cavabdeh "xxxx" MMC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyir. Hesab edir ki, 2 uşağa görə cavabdehdən hər uşağa görə hər ay 170 manat sabit aliment məbləği və digər gəlirlərinin və qazancınn 1/3 hissəsi məbləğində aliment tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Əlirzayev Tahir Qafar oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Əhmədov Rahil Vaqif oğlu məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 340903 saylı nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əhmədov Rahil Vaqif oğlu ilə Əhmədova Ceyran Aydın qızı arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Əhmədova soyadı verilmişdir. - AZ-İİ 226453 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əhmədov Vahid Rahil oğlu 16 yanvar 2009cu il tarixdə doğulmuşdur. Atası Əhmədov Rahil Vaqif oğlu, anası Əhmədova Ceyran Aydın qızıdır. - AZ-İİ 975258 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əhmədov Ramal Rahil oğlu 10 noyabr 2012ci il tarixdə doğulmuşdur. Atası Əhmədov Rahil Vaqif oğlu, anası Əhmədova Ceyran Aydın qızıdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli 2(007)- 5054/2016 nömrəli qətnaməsindən görünür ki, Əhmədov Rahil Vaqif oğlundan 16 yanvar 2009-cu ildə doğulan Əhmədov Vahid Rahil oğlunun və 10 noyabr 2012-ci ildə doğulan Əhmədov Ramal Rahil oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13 iyul 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin Əhmədova Ceyran Aydın qızının xeyrinə tutulması qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli 2(007)- 513/2017 nömrəli qətnaməsindən görünür ki, Əhmədov Rahil Vaqif oğlu ilə Əhmədova Ceyran Aydın qızı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulan 16 yanvar 2009-cu il təvəllüdlü Əhmədov Vahid Rahil oğlu və 10 noyabr 2012-ci il təvəllüdlü Əhmədov Ramal Rahil oğlu anaları Əhmədova Ceyran Aydın qızının yanında saxlanılmışdır. - "xxxx" MMC-tərəfindən verilmiş 06 fevral 2020-ci il tarixli məktubdan görünür ki, Əhmədov Rahil Vaqif oğlunun əmək haqqısı 1000 (bir min) manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 16 yanvar 2009-cu il təvəllüdlü Əhmədov Vahid Rahil oğlu və 10 noyabr 2012-ci il təvəllüdlü Əhmədov Ramal Rahil oğlu adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən, Əhmədov Rahil Vaqif oğlundan 16 yanvar 2009-cu ildə doğulan Əhmədov Vahid Rahil oğlunun və 10 noyabr 2012-ci ildə doğulan Əhmədov Ramal Rahil oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin Əhmədova Ceyran Aydın qızının xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən, Əhmədov Rahil Vaqif oğlu ilə Əhmədova Ceyran Aydın qızı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulan 16 yanvar 2009-cu il təvəllüdlü Əhmədov Vahid Rahil oğlu və 10 noyabr 2012-ci il təvəllüdlü Əhmədov Ramal Rahil oğlu anaları Əhmədova Ceyran Aydın qızının yanında saxlanılmışdır. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş sabit aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Əhmədov Vahid Rahil oğlu və Əhmədov Ramal Rahil oğlunun saxlanılmaları üçün Əhmədov Rahil Vaqif oğlundan Əhmədova Ceyran Aydın qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə qeyd edir ki aliment miqdarı müəyyən edilərkən nəzərə almaq lazımdır ki, "xxxx" MMC-tərəfindən verilmiş 06 fevral 2020-ci il tarixli məktubdan görünür ki, Əhmədov Rahil Vaqif oğlunun əmək haqqısı 1000 (bir min) manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, həmin məbləğin üçdə bir hissəsi miqdarında aliment tutlmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04.08.2016-cı il tarixli 2(007)-5054/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək 16.01.2009-cu il təvəllüdlü Əhmədov Vahid Rahil oğlunun və 10.11.2012-ci il təvəllüdlü Əhmədov Ramal Rahil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlanılmaqla Əhmədov Rahil Vaqif oğlunun əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq Əhmədova Ceyran Aydın qızının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04.08.2016-cı il tarixli 2(007)- 5054/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək 16.01.2009-cu il təvəllüdlü Əhmədov Vahid Rahil oğlunun və 10.11.2012-ci il təvəllüdlü Əhmədov Ramal Rahil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlanılmaqla Əhmədov Rahil Vaqif oğlunun əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq Əhmədova Ceyran Aydın qızının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan 30,0 manat məbləğində dövlət rüsumu Əhmədov Rahil Vaqif oğlundan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar