Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-813/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin artırılaraq hər ay sabit aliment qismində 235 manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Dövlət rüsumu haqqında” Qanun :
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, ərazi aidiyyatına dair mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla məhkəməyə müraciət etmişdir.
6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmçinin iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
8. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
9. Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
10. Həmin qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: a. Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; b. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə. c. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; d. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
7. İş materialları və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən edilir ki, iddiaçı Əliyeva X1 rayonu, Çaylı ərazi dairəsi, Çaylı kəndində, Cavabdeh isə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 212 ünvanında qeydiyyatdadır.
8. Mülki prossesual qanunvericiliyə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
9. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə öz seçiminə görə öz qeydiyyat yeri üzrə Biləsuvar rayon Məhkəməsinə və ya cavabdehin qeydiyyat ünvanı üzrə Sabunçu rayon Məhkəməsinə müraciət edə bilər.
Nəticə :
11. Beləliklə, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyatına dair tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
12. İddiaçı hazırki iddia tələbi ilə öz seçiminə əsasən Biləsuvar rayon Məhkəməsinə və ya Sabunçu rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə öz seçiminə əsasən Biləsuvar rayon Məhkəməsinə və ya Sabunçu rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva